Brüssel–İrəvan yaxınlaşmasının Cənubi Qafqazda sülh prosesinə təsiri
Aİ-nin Cənubi Qafqazdakı hərəkət trayektoriyasını anlamaq üçün Brüsseldə keçirilmiş 6-cı Ermənistan–Aİ Tərəfdaşlıq Şurasına texniki diplomatik protokol kimi baxmaq kifayət deyil. Çünki görüşdə qəbul edilən “Strateji tərəfdaşlıq gündəliyi” regionun mövcud güc balansına gözəgörünən şəkildə yeni xətt çəkdi. İlk baxışdan, Aİ ilə Ermənistan arasında imzalanmış sənəd Bakı ilə heç bir formada bağlı deyil, iki dövlətin ikitərəfli münasibətlərinə dair adi siyasi çərçivədir. Lakin Cənubi Qafqazda heç bir ikitərəfli addım, əslində, iki tərəfin öz münasibətlərinin hüdudunda qalmır. Hər addım regionun üç əsas aktoru üzərində birbaşa təsir yaradır.
Təsir mexanizminin kökü bölgədə paralel şəkildə işləyən üç siyasi prosesin kəsişməsində gizlənir. Ermənistan uzun illərdən sonra ilk dəfə postsovet orbitindən qopmağa və öz təhlükəsizlik arxitekturasını yenidən dizayn etməyə çalışır. Aİ bu boşluğu fürsətə çevirərək, regionda geosiyasi izini dərinləşdirməyə qərarlıdır. Azərbaycan və Ermənistan arasında müharibəni hüquqi olaraq bitirəcək sülh sazişinin imzalanması istiqamətində real irəliləyiş olsa da, proses hələ yekunlaşmayıb və hər incə detal balansı dəyişə bilər.
Belə bir şəraitdə Brüsselin İrəvana yönəlmiş yeni gündəliyi bölgənin bütün təhlükəsizlik strukturunu formalaşdıran amildir. Ermənistanın Rusiyadan uzaqlaşması ilə Aİ-nin bu boşluğa daxil olması eyni vaxtda baş verir və bu iki xəttin kəsişdiyi nöqtə məhz Bakı–İrəvan münasibətləridir. Sülhün imzalanmadığı, postmünaqişə prosesinin həssas olduğu şəraitdə hər ifadə, prioritet, siyasi mesaj tərəflərin davranış modelinə təsir edir. Görünür ki, Brüssel Cənubi Qafqazda bölgənin gələcək təhlükəsizlik memarlığını formalaşdıran aktora çevrilmək istəyir. Mənzərəni təhlil edəndə belə bir sual ortaya çıxır: əgər sülh sazişi artıq paraflanıbsa, nə üçün Brüsseldə qəbul edilən sənəd Bakıda sərt reaksiyaya səbəb oldu? Məsələ ondadır ki, paraflanmış saziş sülhün konturlarını göstərir, amma onu hüquqi müstəviyə daşımır. Müharibənin faktiki olaraq bitməsi bölgəyə sakitlik gətirsə də, bu sakitlik sənədlə təsbit olunmadığı müddətdə yetərli deyil və proses hər an kənar təsirlərə açıq qalır. Buna görə də, hətta üçüncü tərəflər arasında imzalanmış ikitərəfli sənədlərin həm Bakının siyasi davranışına, həm də ümumi sülh dinamikasına təsiretmə potensialı yaranır.
Brüsseldəki sənədin problemli görünən tərəfi də məhz budur: o, postmünaqişə dövrün humanitar və tarixi reallıqlarını birtərəfli formatda təqdim edir. Mətndə yalnız 2023-cü ildə Qarabağı tərk etmiş ermənilərdən bəhs olunur – bunlar danışıqlar masasında nəzərə alınmalı humanitar epizoddur. Amma məhz eyni çərçivənin içində 1988-1990-cı illərdə doğma yurdlarından qovulmuş yüz minlərlə azərbaycanlıya heç bir istinadın olmaması ciddi qeyri-bərabərlik yaradır. Sanki regionun humanitar mənzərəsi yalnız bir tərəfin təcrübəsi üzərindən qurulmuş kimi göstərilir. Bundan daha ağırı odur ki, 2020-ci ildən sonra azad edilmiş ərazilərdə aşkarlanan kütləvi dağıntılar, talan edilmiş şəhərlər, mina terroru nəticəsində davam edən itkilər, rekonstruksiya prosesinin yaratdığı sosial-humanitar çətinliklər sənəddə ümumiyyətlə öz əksini tapmır. Deməli, Aİ-nin təqdim etdiyi çərçivə balansı pozur və regiondakı reinteqrasiya reallığını birtərəfli şərh edir. Bu yanaşma nəinki hüquqi sülhün ruhuna uyğun gəlmir, həm də psixoloji və siyasi baxımdan zərərli mesaj verir: elə bil ki, bölgədə humanitar travmalar yalnız bir tərəf üçün mövcuddur, digərinin yaşadığı faciələr isə unudula biləcək qədər kiçikdir.
***
Bakının reaksiyası tamamilə rasional xarakter daşıyır: əgər sənəd bölgənin humanitar tarazlığını təhrif edirsə, bu, sülh prosesini də təhrif edir. Çünki sülh yalnız ədalətli narrativlə qurulur və həmin narrativin birtərəfli olması gələcək addımların legitimliyini sual altına qoyur.
Analitik sual ikinci dəfə bizi daha dərin mərkəzə aparır: Aİ bunu nə üçün edir? Aİ-nin bu addımı siyasi etiketi düzgün seçməməkdir, yoxsa arxasında geniş geosiyasi hesablamalar dayanır? Sənəddəki bəzi ifadələr təsadüfən işlənmiş kimi görünə bilər. Amma son illərin proseslərini yan-yana qoyanda ortaya tam başqa mənzərə çıxır: Brüssel Ermənistanla münasibətlərini struktur olaraq yenidən qurur və bunu postsovet məkanında Rusiyanın sürətlə daralan təsir dairəsi fonunda edir. Ermənistanın 2025-ci ildə parlament səviyyəsində “Aİ-yə üzvlük prosesinin başlanması haqqında” qanun qəbul etməsi bu strategiyanın təsadüfi olmadığını sübut edən göstəricidir. Qərar İrəvanın Moskva ilə təhlükəsizlik müttəfiqliyindən uzaqlaşmaq niyyətinin institusional ifadəsi idi və Brüssel bu addımı yalnız müşahidə etmədi, ona siyasi-ideoloji dəstək verdi. Həmin dəstək indi Cənubi Qafqazın gələcək arxitekturasını müəyyən edən yeni platformalar vasitəsilə həyata keçirilir.
Aİ-nin davranışı üç strateji xətt üzrə aydın görünür. Əvvəla, Ermənistanı Qərb orbitinə çəkmək niyyəti açıqdır. Növbəti istiqamət regionda nəqliyyat xəritəsinin yenidən qurulması prosesində söz sahibi olmaqdır. Brüssel Cənubi Qafqazı Avrasiya ilə Avropanı birləşdirən tranzit qovşağı kimi görür və regional nəqliyyat layihələrinin ideoloji konturunu müəyyən etmək istəyir. Üçüncü xətt isə sülh prosesinin özündə daha təsirli aktora çevrilmək cəhdidir. Brüssel prosesin mahiyyətinə və istiqamətinə də təsir edən aktor statusunu əldə etməyə çalışır.
Məhz buna görə “Strateji tərəfdaşlıq gündəliyi”nin hər bəndi geosiyasi mesajdır və bölgənin bütün aktorlarına ünvanlanıb. Brüssel bu sənədlə Cənubi Qafqazda yeni güc balansının ideoloji konturunu cızır və özünü həmin balansın formalaşdırıcısı kimi təsdiqləmək istəyir.
***
Növbəti sual bizi regiondakı həssas məsələlərdən birinə ‒ nəqliyyat-kommunikasiya xətlərinin geosiyasi məntiqinə qaytarır. Niyə Brüssel sənəddə Ermənistanın “Sülhün kəsişməsi” layihəsinə xüsusi vurğu edir? Aİ-nin bu layihəni açıq şəkildə dəstəkləməsi Bakı üçün riskli görünən bir neçə strateji səbəblə bağlıdır. Birincisi, “Sülhün kəsişməsi” ABŞ vasitəçiliyi ilə razılaşdırılmış “Tramp marşrutu”nun (TRIPP) alternativi kimi təqdim olunur. TRIPP Azərbaycanla Ermənistan arasında razılaşdırılmış, sülh sazişinin tərkibinə daxil olan hüquqi formatdır.
Ermənistanın “Sülhün kəsişməsi”i isə tamamilə fərqli məntiq daşıyır. Layihə regional tranzit ideyasını Ermənistan mərkəzli bir narrativlə yenidən çərçivələndirməyə yönəlib. Yəni məqsəd hazırda razılaşdırılmış formatı deyil, Ermənistanın özünün “regionun logistika mərkəzi” kimi təqdim etdiyi birtərəfli modelini legitimləşdirməkdir. Brüssel də bu təşəbbüsə açıq siyasi dəstək verəndə, faktiki olaraq, mövcud razılaşmanın alternativini beynəlxalq səviyyəyə daşıyır. İkincisi, bu dəstək Aİ-nin Bakı üçün kritik bir sahədə – sülh sazişinin strukturunda – arzuolunmaz asimmetriya yaratmasıdır. Nəqliyyat xəttləri sülh sazişinin strateji dayaqlarından biridir. Sərhədlər, təhlükəsizlik və kommunikasiya – bu üçlük sülhün mexanizmini təşkil edir. Əgər kommunikasiya sahəsində alternativ modellər beynəlxalq legitimlik qazanırsa, bu, tərəflərin razılaşdırdığı formatı arxa plana keçirir və danışıqların bütövlüyünü pozur.
Başqa sözlə, Aİ-nin “Sülhün kəsişməsi” ə dəstəyi, bəlkə də, iqtisadi-tarixi çərçivədə zərərsiz görünə bilər, amma siyasi reallıqda bu, sülh mexanizminin təməl sütununa toxunmaq deməkdir. Çünki kommunikasiya xəritəsi dəyişəndə, sülh sazişinin özü də dəyişir. Aİ-nin Ermənistan üçün elan etdiyi 270 milyon avroluq paket və vizasız rejim perspektivi regionun geosiyasi arxitekturasını yenidən qurmaq cəhdidir. Brüssel bu addımlarla Ermənistanın özünü daha təhlükəsiz hiss etməsini, Rusiyadan asılılığını azaltmasını və Qərb məkanına doğru yeni siyasi trayektoriya formalaşdırmasını hədəfləyir. Lakin bu prosesin yan təsiri ondan ibarətdir ki, Ermənistan özünü arxayın hiss etdikcə, danışıqlarda daha sərt xətt götürür və bu, sülh dinamikasını mürəkkəbləşdirir.
Qeyd etməliyik ki, Aİ-nin iştirakı strukturlaşdırılmış dialoq mühiti yarada bilər, lakin eyni zamanda postkonflikt narrativini birtərəfli təqdim etməklə reallıqları təhrif edir. Brüsselin regionu Rusiya–Qərb qarşıdurmasının yeni meydanına çevirmək meyli prosesin mahiyyətini dəyişir və Bakı–İrəvan xəttini ikinci plana çəkir. Sülhün konturları indi böyük güclərin strateji rəqabəti fonunda formalaşmağa başlayır və bu, prosesin səmimiliyinə xələl gətirir.
Son olaraq qeyd edək ki, bu mənzərədə dəyişməyən bir reallıq qalır: sülhün taleyi nə Brüsseldə, nə Moskvada hazırlanır. Siyasi iradə Bakı və İrəvanda formalaşmayınca, heç bir kənar aktor prosesin mahiyyətini dəyişə bilməz.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru


