Paşinyanın mesajları regionda nəyə yönəlib?
Ermənistanın Baş naziri Nikol Paşinyan Berlində Almaniya Beynəlxalq Əlaqələr Assosiasiyasında keçirilən görüşdə ölkəsinin regiondakı mövqeyi və gələcək strategiyası barədə geniş açıqlama verib. O, Ermənistan üçün xarici dəstək olmadan yaşama qabiliyyətini təmin etməyin, region ölkələri ilə münasibətlərini gücləndirməyin və sülh prosesini davam etdirməyin vacibliyini vurğulayıb. Paşinyan, eyni zamanda, Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi iddiaları ilə bağlı müzakirələri və 2026-cı ildən başlayaraq yeni Konstitusiyanın qəbuluna dair planları barədə açıqlamalar verib. Qeyd edib ki, ölkəsi Azərbaycan tərəfindən veriləcək sualları cavablandırmağa, danışıqlar masasına oturmağa və bütün nüansları müzakirə etməyə hazırdır.
Paşinyanın bu çıxışında daxili siyasi məqsədlər, xarici siyasətdə balans yaratmaq cəhdləri özünü göstərir. Onun Ermənistanın regionda xarici yardım və dəstək olmadan yaşamaq niyyətini bəyan etməsi, ilk baxışdan konstruktiv və rasional yanaşma kimi görünür. Çünki uzun illər ərzində apardığı regional reallıqlardan uzaq düşməsi, Rusiyaya tam bağlılığı, eyni zamanda, Qərbə meyillənərək balans yarada bilməməməsi İrəvanı siyasi, iqtisadi, həm də hərbi müstəvidə dərin asılılıqlara sürükləyib. Bu asılılıqlar nəticə etibarilə fərdi regional strategiya formalaşdırmaq imkanlarını məhdudlaşdırıb.
Bununla belə, Ermənistanın daha müstəqil və regionalyönümlü siyasətə keçmək iddiası Azərbaycan üçün, müəyyən mənada, müsbət dinamika yaradır. Ona görə ki, xarici güclərin Cənubi Qafqazdakı rəqabəti İrəvanı illərlə qeyri-praqmatik mövqe tutmağa sövq etmiş, bu isə regiondaxili anlaşmanı çətinləşdirərək sabitliyi pozmuşdu. Ermənistanın yerli reallıqları qəbul edən, təhlükəsizlik və qarşılıqlı tanınma üzərində qurulan siyasətə keçidi ölkəmizlə də uzunmüddətli sülhün əldə olunmasına şərait yaradır.
Lakin Paşinyanın bu konsepsiyasının real həyatakeçmə ehtimalı məhduddur. Bununla bağlı səbəblər müxtəlifdir. Birincisi, iqtisadi asılılıq var. Ermənistan iqtisadiyyatının böyük hissəsi xarici donorlar, diaspordan gələn pul axınları və qeyri-sabit ticari əlaqələrin üzərində qurulub. Regiondakı kommunikasiyaların bağlı olması ölkənin daxili inkişaf potensialını məhdudlaşdırır. İkinci məqam kimi hərbi asılılıq amili üzərində dayanaq. Ermənistan ordusu uzun illər Rusiya silahlarına və bu ölkənin təlim standartlarına bağlı olub. Alternativ təhlükəsizlik mexanizmləri isə hələ formalaşmayıb. Üçüncü məsələ siyasi asılılıqdır. Ermənistan daxilindəki güc qrupları, xüsusilə köhnə elitalar və Qarabağ klanı xarici təsirlərə söykənən siyasi konfiqurasiyaya alışmış vəziyyətdədir. Onların müqaviməti hər hansı müstəqil kursu çətinləşdirir. Dördüncüsü isə, geosiyasi məhdudiyyətdir. Ermənistan Qərbə meyil etsə belə, coğrafi bağlılığı Rusiya və İran arasında sıxışmış vəziyyətindədir. Yəni real alternativlər tam sərbəst seçim imkanı yaratmır.
Bu səbəblərdən “xarici dəstəkdən asılı olmayan Ermənistan” ifadəsi daha çox siyasi ritorika, daxili auditoriyaya yönəlmiş populist mesaj və xarici tərəfdaşlara balans siqnalı kimi görünür. Reallıqda isə Ermənistan yalnız regional əməkdaşlıq çərçivəsinə inteqrasiya edəcəyi halda yaşam imkanlarına malikdir. Bu əməkdaşlığın əsas şərti isə Azərbaycanın ərazi bütövlüyünün tanınması, sərhədlərin demarkasiyası, nəqliyyat və rabitə xətlərinin açılması, revanşist ritorikanın tam dayandırılmasıdır.
Ümumiyyətlə, Paşinyanın bəyanatı müəyyən yumşalma və yeni yanaşma niyyətini göstərsə də, Ermənistanın mövcud asılılıq mexanizmləri bu konsepsiyanı hələlik yalnız siyasi şüar səviyyəsində saxlayır. Azərbaycanın baxış bucağından isə real qiymətləndirmə yalnız Ermənistanın praktiki addımlarına əsaslanır. Ona görə ki, sülh və əməkdaşlıq yalnız real siyasi iradə ilə mümkündür.
Bildirdiyimiz kimi, Ermənistan baş nazirinin toxunduğu məsələlərdən biri də konstitusiya ilə bağlıdır. Bu, Ermənistan– Azərbaycan münasibətlərində ən həssas və təhlükəsizlik baxımından ən kritik istiqamətlərdən biridir. Paşinyanın “Konstitusiyada Azərbaycana qarşı ərazi iddiaları yoxdur” fikri formal baxımdan səsləndirilmiş bəyanatdır və tam mənada həqiqəti əks etdirmir. Bu, manipulyativ yanaşmadır. Çünki erməni əsas qanununda ərazi iddiası açıq ifadəsini tapmasa da, sənədin Qarabağla bağlı tezisləri özündə ehtiva edən Müstəqillik Aktına hüquqi istinadı həmin iddianın dolayı şəkildə təsdiqidir.
Bundan əlavə, Ermənistanın siyasi və dövlətçilik ənənələrində uzun illər separatizmi təşviq edən yanaşmalar açıq şəkildə müdafiə edilib. Ermənistanın keçmişdə işğal siyasətini əsaslandırmaq üçün yaratdığı hüquqi baza isə Azərbaycanın təhlükəsizliyi üçün konkret təhlükə idi.
Bu şəraitdə Azərbaycanın konstitusiya islahatlarını sülh sazişinin şərtlərindən biri kimi irəli sürməsi tam hüquqi, siyasi və tarixi əsaslara söykənir. Sülh müqaviləsinin mahiyyəti qarşılıqlı ərazi bütövlüyünün qeyd-şərtsiz tanınmasına əsaslanırsa, Ermənistanın konstitusion çərçivəsində bu məsələyə dair bütün ziddiyyətli istinadların aradan qaldırılması zəruridir. Məsələnin həlli yalnız diplomatik dil və siyasi bəyanatlarla deyil, hüquqi mexanizmlərlə təmin edilməlidir.
Paşinyanın “əgər Konstitusiya Məhkəməsi uyğun olmadığını desə, konstitusiya dəyişikliklərinə özüm təşəbbüs göstərəcəyəm” bəyanatı müəyyən yumşalma siqnalı kimi qiymətləndirilə bilər. Lakin bu açıqlama hələlik real siyasi iradəni ifadə etmir. Ermənistan daxilində güclü revanşist qrupların, keçmiş elitanın, kilsənin və radikal millətçi dairələrin sərt müqaviməti fonunda belə bir addımın praktik olaraq həyata keçirilməsi çətindir. Ermənistanın daxili siyasi mühiti nəzərə alındıqda, konstitusiya dəyişikliyi yalnız siyasi liderin bəyanatı ilə deyil, həm də geniş ictimai konsensus, parlament dəstəyi və institusional davamlılıq tələb edir. Sülhün davamlı olması üçün hüquqi ziddiyyətlərin tam aradan qaldırılması qaçılmazdır və bu, regionda uzunmüddətli sabitliyin əsas şərtlərindən biridir.
Bununla yanaşı, Paşinyanın 2026-cı ildə yeni konstitusiyanın qəbul ediləcəyini açıqlaması maraq doğurur. Azərbaycan üçün əsas məsələ dəyişikliklərin vaxtı deyil, onların məzmunu və hazırkı sülh prosesinə real təsiridir. Sazişlərin və prinsiplərin konstitusiyaya uyğun şəkildə qəbul edilməsi, qanuni şəkildə təsdiqlənməsi və həyata keçirilməsi Azərbaycan üçün prioritetdir.
Ermənistan bunu yalnız daxili məsələ kimi təqdim etsə də, faktiki olaraq, konstitusiya dəyişiklikləri və ya yeni sənədin qəbulu regionun təhlükəsizlik və sabitliyinə birbaşa təsir göstərir. Konstitusiyadakı müddəalar və hüquqi çərçivə sülh sazişlərinin icrasını şərtləndirir və Azərbaycan üçün təhlükəsizlik təminatının əsas elementidir.
Beləliklə, Paşinyanın bəyanatları, Vaşinqton sənədinə istinadla birlikdə, Ermənistanın sülhə formal olaraq hazır olduğunu göstərsə də, real nəticələrin əldə olunması yalnız konstitusiya və hüquqi mexanizmlərin praktiki icrasından asılıdır.
Paşinyanın çıxışı Azərbaycan üçün həm imkanlar, həm də ehtiyatlılıq tələb edən risklər yaradır: “Mümkün müsbət istiqamətlər arasında ilk növbədə Ermənistanın ərazi iddialarından rəsmən imtina etməyə meyilli olduğunu göstərmək olar. Bu, uzun illər boyu Azərbaycanın təhlükəsizliyi üçün ciddi narahatlıq doğuran əsas məsələdir. Eyni zamanda, sərhədlərin tanınması prinsipi daha açıq şəkildə müdafiə olunur ki, bu da sülh prosesinin hüquqi və praktiki bazasını möhkəmləndirir. Paşinyanın birbaşa dialoqa hazır olduğunu bəyan etməsi isə Azərbaycanla qarşılıqlı anlaşmanın formalaşdırılması üçün önəmli imkan yaradır. Üstəlik, Ermənistanın yeni siyasi kursu regionda daha praqmatik və əməkdaşlığa əsaslanan münasibətlərin qurulmasına yol aça bilər.
Digər tərəfdən, bəzi risklər və qeyri- müəyyənliklər də mövcuddur. Konstitusiya dəyişiklikləri hələ real addımlarla müşayiət edilmir. Bu, sülh sazişinin hüquqi təsirinin məhdud qalması ehtimalını artırır. Ermənistan daxilindəki revanşist qüvvələr və radikal dairələr prosesi əngəlləyə bilər. Paşinyan hökumətinin zəifliyi uzunmüddətli öhdəliklərin icrasını sual altına qoyur və prosesin davamlılığını risk altında saxlayır. Bundan əlavə, Qərb vasitəçiliyi ilə imzalanan sənədlər regionda geosiyasi rəqabəti artıraraq, sülh prosesinin xarici təsirlərdən asılılığını gücləndirir.
Azərbaycan üçün prioritet, sözlərdən daha çox reallığa əsaslanan, hüquqi və siyasi təminatlarla müşayiət olunan davamlı sülh modelidir. Paşinyanın bəyanatı müəyyən yumşalma siqnalları və dialoq imkanları yaratsa da, hazırda onu yekun siyasi iradə və praktik öhdəlik kimi dəyərləndirmək mümkün deyil. Regionda sabitliyin təmin olunması yalnız konkret addımların icrası ilə mümkündür”.
Pünhan ƏFƏNDİYEV
XQ
Ekspert rəyi
Tural İsmayılov
politoloq
Paşinyanın Berlində səsləndirdiyi tezislər ilk baxışdan konstruktiv görüntü yaratsa da, strateji məzmun baxımından ziddiyyətlidir. O, Ermənistanın xarici asılılıqlardan qurtulmaq niyyətini bəyan etsə də, reallıqda bu ölkənin siyasi və iqtisadi sistemi hələ də kənar mərkəzlərdən ciddi şəkildə asılıdır. Ermənistanın uzun illər ərzində səhv geosiyasi seçimləri onu regional proseslərin kənarına itələdi. İrəvan həm Rusiyaya həddindən artıq bağlandı, həm də Qərbə yönəlmək cəhdlərində ardıcıl ola bilmədi. Bu qeyri-müəyyənlik dövlətin strateji yaddaşını zəiflətdi. Paşinyanın “regional əməkdaşlıq” ritorikası məntiqidir, lakin gecikmiş etiraf təsiri bağışlayır. Ermənistan nəhayət anlayır ki, Cənubi Qafqazda davamlı təhlükəsizlik yalnız region ölkələri arasında birbaşa dialoqla mümkündür. Bu baxımdan Azərbaycan açar aktordur. Bakı regional sabitliyin həm hərbi, həm siyasi, həm də iqtisadi təminatçısına çevrilib. Paşinyanın Konstitusiya məsələsini gündəmə gətirməsi isə daha çox daxili təzyiqlərin nəticəsidir. Ermənistan cəmiyyətində revanşist qüvvələr hələ də güclü mövqedədir. Yeni Konstitusiya təşəbbüsü bu qüvvələri neytrallaşdırmaq üçün siyasi alət rolunu oynaya bilər. Lakin bu addım real sülh iradəsi ilə müşayiət olunmasa, formal dəyişiklikdən o yana keçməyəcək. Paşinyanın dialoqa hazır olduğunu deməsi diplomatik jestdir, amma əsas məsələ onun bu iradəni icra mexanizminə çevirə bilməsidir. Ermənistan hələ də iqtisadi baxımdan blokadadan çıxa bilməyib. Kommunikasiyaların bağlı qalması ölkəni regional layihələrdən kənarda saxlayır. Hərbi sahədə Rusiya asılılığı tam aradan qalxmayıb. Alternativ təhlükəsizlik mexanizmləri hələ real gücə çevrilməyib. Geosiyasi baxımdan Ermənistan manevr imkanları məhdud olan dövlətdir. Ona görə də Paşinyanın “tam müstəqil kurs” tezisi daha çox siyasi ritorika təsiri bağışlayır. Real sülh isə yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam şəkildə tanındıqdan sonra mümkün olacaq.


