(əvvəli qəzetin ötən sayında)
6. Sovet İttifaqının rəhbərliyində (Moskva, 1982 – 1987)
Sov.İKP MK-nın Baş katibi, ölkənin rəhbəri L.İ.Brejnevin 1982-ci ilin noyabrında vəfatından sonra dövlət rəhbərliyində dəyişiklik baş verdi. Heydər Əliyev noyabrın 22-də SSRİ Ali Sovetinin qərarı ilə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi. Sov.İKP MK plenumunda isə Siyasi Büronun üzvü seçildi.
Dünyanın bir sıra ölkələrində qanunvericiliklə müəyyən edilmiş hakimiyyət iyerarxiyası mövcuddudr. Bunun əsasında dövlət rəhbərliyinin ali səviyyəsində vəzifələrin siyahısı müəyyən edilir. SSRİ-də bu sahədə vəziyyət qanunvericiliyə deyil, ümumi mühakimələrə əsaslanırdı. Çox maraqlıdır ki, ilk dəfə Heydər Əliyev öz vəzifəsindən çıxış edərək bu məsələyə də aydınlıq gətirmişdir.
Ulu öndər sonralar bu barədə demişdir: “1982-ci ildə Brejnev vəfat etdikdən sonra Andropov Baş katib seçildi. O, məni Moskvaya dəvət etdi. Mənə müraciət etdi ki, Moskvaya gəlim, orada həm Siyasi Büronun üzvü, həm də Baş nazirin birinci müavini işləyim. Baş nazirin 12 müavini var idi. Onlardan ancaq bir nəfəri birinci müavin idi. Siyasi Büronun isə cəmi 10 üzvü var idi. Amma mən həm Siyasi Büro üzvü, həm də Baş nazirin birinci müavini olduğuma görə o vaxt Sovetlər Birliyinin rəhbərliyində üçüncü-dördüncü şəxs idim”.
Beləliklə, Heydər Əliyev Sovet dövlət idarəçiliyinin zirvəsinədək yüksəldi, onun rəhbərlərindən biri oldu. Bu faktın mahiyyətini müəyyən etmək üçün qeyd etmək lazımdır ki, SSRİ ərazisinə görə yer kürəsinin altıda bir hissəsini tuturdu. SSRİ dünya sosializm sisteminə daxil olan və onun nüfuz dairəsini təşkil edən dövlətlərin siyasətini müəyyənləşdirirdi. Kreml dünyanın iki siyasi mərkəzindən birinin başında dururdu.
Heydər Əliyev məhz belə bir dövlətin sosial-iqtisadi həyatının ən mühüm sahələrinə rəhbərlik etmiş, onun xarici siyasətinin həyata keçirilməsində imzasını qoymuşdu. O, SSRİ Nazirlər Sovetinin 1982-ci il 15 dekabr tarixli qərarı ilə SSRİ Yollar, Dəniz Donanması, Yol – tikinti, Rabitə nazirlikləri, həmçinin müttəfiq respublikaların avtomobil, çay nəqliyyatı və yol təsərrüfatı məsələlərinə nəzarət edir və SSRİ Nazirlər Sovetinin Baykal-Amur dəmir yolu tikintisi üzrə daimi komissiyasına rəhbərliyi həyata keçirirdi. Qısa bir müddətdən sonra, 1983-cü il fevralın 2-də Səhiyyə, Tibb Sənayesi, Mədəniyyət, Maarif, Ali və Orta ixtisas təhsili nazirlikləri, bir sıra dövlət komitələri və orqanları da Heydər Əliyevin rəhbərlik sahəsinə verilmişdi.
Onun həyatının Moskva-Kreml mərhələsi Sovet dövlətinin tarixində ən gərgin məqamlara təsadüf etdi. Təkcə belə bir faktı qeyd etmək lazımdır ki, bu dövrdə dövlət başçıları 3 dəfə (Y.V.Andropov, 1982–1984;, K.U.Çernenko, 1984–1985; M.S.Qorbaçov, 1985–1991) dəyişmişdi. Belə bir mürəkkəb şəraitdə dövlətin idarə olunmasında özünün yüksək mövqeyini qorumaq, üzərinə düşən vəzifəni yerinə yetirmək böyük bacarıq və istedad tələb edirdi.
Yuri Andropovun hakimiyyəti zamanı SSRİ-də həyata keçirilən ən əsas tədbirlərdən biri əmək intizamının möhkəmləndirilməsi olmuşdu. Dövlətin nüfuzunun artmasında xüsusi rol oynayan bu siyasətin hazırlanmasında Heydər Əliyev fəal iştirak etmiş və bu ərəfədə “SSRİ-də əmək kollektivləri və onların müəssisələrin, idarələrin, təşkilatların idarə edilməsində rolunun artırılması haqqında qanun” qəbul olunmuşdu.
Heydər Əliyevin işgüzarlığı sayəsində qısa bir vaxt ərzində nəhəng bir dövlətin dəmiryol nəqliyyatı işində dönüş yaradıldı, Baykal–Amur dəmir yolu xəttinin çəkilişində irəliləyişlər baş verdi, təhsil, mədəniyyət, səhiyyə sahəsində yeniliklər özünü göstərməyə başladı. Bütün bunlar yüksək təşkilatçılığın, dəmir iradənin, hərtərəfli biliyin sayəsində mümkün oldu.
SSRİ rəhbərlərindən biri kimi onun yüksək dövlətçilik məsuliyyəti özünü “Admiral Naximov” teploxodu ilə əlaqədar faciəni təhqiq edən Dövlət Komissiyasının sədri olduğu zaman bir daha göstərdi. 1986-cı il avqustun 30-da Novorossiysk yaxınlığında “Admiral Naximov” sərnişin teploxodu ilə “Pyotr Vasev” yük gəmisi toqquşmuşdu. İlkin məlumatlara görə, “Admiral Naximov”un göyərtəsində 1234 nəfər (888 sərnişin və 346 ekipaj üzvü) var idi. Toqquşmadan cəmi 7-8 dəqiqə sonra gəmi batmışdı. Yalnız 836 nəfəri xilas etmək mümkün olmuşdu, qalan 398 nəfər batmışdı. Dövlət Komissiyasının sədri Heydər Əliyev faciənin səbəblərinin müəyyənləşdirilməsi və nəticələrinin aradan qaldırılması üçün böyük işlər gördü, ən başlıcası, əzizlərini itirmiş yüzlərlə adamın dərdinə şərik çıxıb, onların qəm-qüssəsini yüngülləşdirməyə nail oldu.
Heydər Əliyev Sovet dövlətinin xarici siyasət xəttinin həyata keçirilməsində də fəal iştirak edirdi. Xarici ölkələrə göndərilən sovet nümayəndə heyətinə, onların fəaliyyətinə başçılıq edirdi. O, Sovet İttifaqının rəhbərləri arasında ən intellektual, nüfuzlu və dinamik şəxs kimi ad çıxarmışdı. SSRİ Ali Sovetinin 7 may 1983-cü il tarixli fərmanı ilə Heydər Əliyevə 60 illik yubileyində ikinci dəfə Sosialist Əməyi Qəhrəmanı adı verildi, elə həmin ildə Naxçıvanda onun büstü ucaldıldı.
O zaman Heydər Əliyev faktik olaraq Sovet dövlətinin lideri səviyyəsinə yüksəlmişdi. Təsadüfi deyil ki, K.U.Çernenkodan sonra SSRİ-də hakimiyyətə ən real namizədlərdən biri məhz o olmuşdu. Uzun müddət (1957–1985) SSRİ-nin xarici işlər naziri olmuş A.A.Qromıko qeyd etmişdi: “Bizim Siyasi Büroda 3 adam nisbətən cavandır: Romanov, Qorbaçov və Əliyev. Axırıncı mənə daha xoş gəlir. Onun vaxtında Azərbaycan, xüsusən onun kənd təsərrüfatı çox sürətlə inkişaf etmişdir. Əliyev gözəl təşkilatçıdır, təmiz və ləyaqətli adamdır. Amma, təəssüf ki, onun namizədliyi istisna olunur”. O, “nəyə görə, milliyyətinə görəmi?” - sualına belə cavab vermişdi: “Bu məsələdə – hə, milliyyətinə görə”.
Kremldə hakimiyyətə ilk vaxtlardan Heydər Əliyevə rəqib kimi baxan M.S.Qorbaçov gətirildi. Amma belə bir şəraitdə də Heydər Əliyev Sovet dövlətinin rəhbərliyindəki aparıcı mövqeyini saxlamağa nail oldu. Heydər Əliyevin 1986-cı il oktyabrın 16-da SSRİ Nazirlər Sovetinin Sosial İnkişaf Bürosunun sədri təsdiq olunması bunu sübut edir. Sosial İnkişaf Bürosu 12 nazirlik, idarə və komitəyə rəhbərlik edir, dövlət siyasətinin hazırlanması və həyata keçirilməsinin əlaqələndirilməsi xəttini həyata keçirirdi.
Heydər Əliyev Sovet dövlətinin rəhbərlərindən biri kimi SSRİ-nin gələcək inkişafını ciddi yeniliklərdə görürdü. O, müttəfıq respublikaların müstəqilliyi, onların arasında yeni münasibətlərin yaradılması, dünya birliyinə layiqli inteqrasiyasının təmin edilməsinə tam hazır idi. Bu baxımdan onun “Siz Litvanın İttifaqdan çıxmaq hüququnu qəbul edirsinizmi?”, – sualına verdiyi cavab olduqca maraqlıdır: “Əgər bizdə Konstitusiya müttəfiq respublikaya ayrılmağa qədər öz müqəddəratını təyin etmək hüququ verirsə, qoy, respublikanın özü də qərara gəlsin. Əgər bizdə, partiyada, sözdə elan olunduğu kimi, demokratiya varsa və Litva KP MK da müstəqil olmaq istəyirsə, qoy, onda o, müstəqil olsun. Soruşulur, niyə biz buna əngəl törətməliyik?”
Heydər Əliyev Kremldə yüksək dövlət vəzifəsi tutduğu illərdə Azərbaycanın tərəqqisi və inkişafına diqqət və qayğısını daha da artırmışdı. O, 1984-cü ildə Bakının Lenin (hazırda Sabunçu) rayonundan SSRİ Ali Sovetinin İttifaq Sovetinə deputat seçilmiş, xalqı bu orqanda yüksək səviyyədə təmsil etmişdir.
Heydər Əliyev Moskvada işlədiyi dövrdə Azərbaycana işgüzar səfərlər etmiş, problemləri yerində öyrənərək, yüksək səviyyədə həllinə nail olmuşdu. SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyevin imzaladığı qərarla (1985-ci il) Azərbaycan SSR Səhiyyə Nazirliyi sistemində yeni elmi tədqiqat institutu açılmış, mövcud baza əsasında Pediatriya İnstitutu təşkil edilmişdi.
Zəngilan rayonundan keçərək Mehri rayonunun ərazisindən Naxçıvana gedən yol çəkilməsi də xüsusi qeyd edilməlidir. Heydər Əliyev bu yolun çəkilməsinə necə nail olduğunu belə xatırlayırdı: “Bu yolun tikilməsi üçün və Naxçıvanın birbaşa Azərbaycanın əsas hissəsinə bağlanması üçün 1970-ci illərdə burada biz çox iş görmüşdük, qərar qəbul etmişdik. Hətta Ermənistanın ovaxtkı rəhbərləri də bizim təklifimizlə qərar qəbul etmişdilər. Və ona görə də biz o yolun tikilməsinə başladıq. O yolun Azərbaycan üçün böyük strateji əhəmiyyəti var idi. Ancaq həmin illərdə, - bu, təxminən, 1985-ci il, 1986-cı il idi, - mən Moskvada işləyərkən Ermənistan tərəfi bu yolun Azərbaycan üçün nə qədər böyük əhəmiyyəti olduğunu dərk etdi və ayrı-ayrı qüvvələr orada artıq Azərbaycana qarşı təxribatçı planlarını artırmağa və bu yolun tikilməsinə maneçiliklər törətməyə başladılar.
Mən indi vaxt olsa, bu barədə öz xatirələrimi geniş yazmalıyam. Çünki bu yolun tikilməsi üçün mən Moskvada ən yüksək səviyyələrdə gərgin mübarizələr aparmışdım. Biz bu yolu Araz boyu, yəni dəmir yolu keçən yerdə, dəmir yolu ilə paralel olaraq çəkmək planı qurmuşduq. Belə bir plan var idi, təsdiq olunmuşdu. Sonra bu yolun qarşısını almaq üçün cürbəcür bəhanələr ortaya atdılar ki, bunu Araz boyu çəkmək olmaz, dəmir yolu ilə yanaşı çəkmək olmaz. Moskvada yaşayan bir çox erməni alimləri, cürbəcür iqtisadçıları və başqa qüvvələri cəlb etdilər və ekspertiza rəyi almağa çalışdılar ki, bu yolu bu cür çəkmək olmaz...
Nəhayət, o yolun çəkilməsinə mən nail oldum və yol çəkildi. Burada artıq qeyd edildi ki, cəmisi 10 kilometr qalmışdı. Amma 1987-ci ildən sonra bu yolun çəkilməsi də dayandırıldı, bütün bu proseslər də başlandı. Mən bir daha qeyd etmək istəyirəm, o yolun çəkilməsində biz Mehri rayonunda yaşayan azərbaycanlıları da nəzərə almışdıq. O yol məhz Nüvədi kəndindən, onun yanından, başqa Azərbaycan kəndlərinin yanından keçib getməli idi. Beləliklə, o Azərbaycan kəndlərini də, azərbaycanlıların yaşayış məntəqələrini də biz Azərbaycana tamamilə bağlamaq istəyirdik”.
Heydər Əliyevin həyatının Moskva dövründə ailəyə ağır itki üz verdi. 1985-ci il aprelin 15-də həyatının otuz ildən çox bir dövründə onunla olan ömür-gün yoldaşı Zərifə xanım Əliyeva 62 yaşında vəfat etdi, Moskvada Novo-Deviçye qəbiristanlığında dəfn edildi. 1994-cü ildə isə cənazəsi doğma Vətənə gətirilərək, Fəxri Xiyabanda dəfn olundu.
Heydər Əliyev sovet rəhbərliyində olarkən də Azərbaycanın ərazi bütövlüyünün qorunmasına xüsusi önəm verirdi. Təsadüfi deyildi ki, ermənilərin Azərbaycanın milli mənafeyi və ərazi bütövlüyünə qarşı hər hansı bir qəsdinin qarşısı onun tərəfindən cəsarətlə alınırdı. Bu, ermənilərin ona qarşı düşmənçiliyinin kəskin artmasına səbəb olmuşdur. Ermənilər Muradyan adlı bir nəfərin vasitəsilə sovet rəhbərliyinə sistemli şəkildə donoslar yazır, digər tərəfdən onu fiziki cəhətdən məhv etməklə hədələyərək, terror tətbiq edirdi.
Heydər Əliyev bu barədə müsahibələrindən birində (1990, iyun) demişdir: “Mən 1987-ci ilin may ayında xəstələndim, sağalandan sonra 1-2 ay işləmədim. O dövrdə Ermənistandan bir məktub aldım. Müəllifi Qarabağ cəmiyyətinin rəhbərlərindən biri olan İqor Muradyandır. Təəssüf ki, məktub yanımda deyil. Məktub müəllifi bildirirdi ki, onlar mənimlə mübarizə aparacaqlar, çünki Qarabağın Ermənistana verilməsinə mane oluram. Məktubunda erməni terroristləri tərəfindən öldürülmüş azərbaycanlıların və türklərin siyahısı göndərilib. O məktubu ailə üzvlərimdən başqa heç kəs görməyib”. (Olub-keçənləri düşünərkən // “Ulduz”. 1990, №6; Qətiyyətin təntənəsi (Sənədli xronika). Bakı, 1995, s. 48).
Müxbir Elmira Əhmədovanın “Sizin arxanızca respublikamızdan da anonim məktublar gəlib?”, –sualına cavab isə milli liderin örnək ola biləcək bir münasibətidir. Həmin cavabın bir hissəsinə diqqət yetirək: “Bəli, təxminən, 1986–1987-ci illərdə mənim haqqımda böhtan dolu anonim məktublar respublikamızdan və Ermənistandan gəlmişdir. Və mənə sonralar aydın oldu ki, İ.Muradyan və Z.Balayan kimiləri mənim əleyhimə uzun müddət işləyiblər”. Göründüyü kimi, xalqımızın təəssübkeş oğlu respublikadan olan anonim məktublar üzərindən keçərək, hədəfi ermənilərə yönəltmişdir.
Heydər Əliyevə qarşı əsas qüvvə isə sovet rəhbərliyində yetişməkdə idi. O, 11 may 1987-ci ildə iş otağında infarkt keçirdi və müəyyən müddət müalicə olundu. Onun müalicəsi dövründə Qorbaçov və komandasının Heydər Əliyevə açıq-aşkar etinasız münasibəti infarkt faktının təsadüfi olmayıb, sui-qəsd planı kimi gerçəkləşdirilməsi ehtimalına əsas verir. Yəqin, belə güman edilirdi ki, Heydər Əliyev bu xəstəlikdən sonra, özünə gələ bilməz.
Lakin bir şey nəzərə alınmamışdı: Onların düşündüklərinin əksinə qlaraq, bu insan Naxçıvandan SSRİ-nin rəhbərliyinə qədər uzanan 64 illik həyat yolunda dəfələrlə sınaqlardan keçən, hər dəfə məqsədinə nail olan və qarşısında hələ yeni-yeni vəzifələr duran Heydər Əliyev idi! O, bu sınaqdan da çıxdı. Qorbaçov və komandası isə yeni bir üsula əl atdı. Heydər Əliyevin xəstələnməsindən heç bir ay keşməmiş Sov.İKP MK-nın Oktyabr inqilabının 70 illiyi ilə əlaqədar məsələnin müzakirə olunduğu plenumda təşkilat məsələsinə də baxıldı...
7. Sovet rəhbərliyinin hədəfində (Moskva, 1987 – 1990)
1987-ci il oktyabrın 21-də Sov. İKP MK-nın plenumu keçirildi. Rəsmi məlumatda göstərilirdi ki, guya, plenum “səhhətinə görə pensiyaya çıxması ilə əlaqədar Sov. İKP MK Siyasi Bürosunun üzvü H.Ə.Əliyev yoldaşın vəzifəsindən azad edilməsi barədə xahişini təmin etmişdir”. SSRİ Ali Sovetinin Rəyasət Heyəti də eyni səbəblə Heydər Əliyevi SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən azad etdi.
Bəzən bu addım Sov.İKP MK-nin “Yenidənqurma və partiyanın kadr siyasəti haqqında” məsələ müzakirə etmiş yanvar (1987) plenumu, yaxud Yeltsin başda olmaqla, “islahatçılar”ın tələbi ilə əlaqələndirilir. Bu baxışlar o qədər də əsaslı görünmür. Səbəblər isə daha dərin idi.
İllər keçəndən sonra Heydər Əliyev müsahibələrindən birində (1990, fevral) demişdir: “Əsl səbəb təkcə səhhətimlə bağlı deyildi, hərçənd əlbəttə, mən, həqiqətən, xəstələnmişdim. Səbəblər odur ki, işlədiyim son dövrdə Qorbaçov tərəfindən özümə qarşı qeyri-səmimi münasibət hiss edirdim. Bu, çox şeydə özünü büruzə verirdi. Mən vicdanla işləyirdim, işimdə heç bir qüsur görmürdüm, Qorbaçov isə subyektiv hisslərinin əsiri oldu, vəssalam”.
Bir qədər sonra isə başqa bir müsahibəsində Heydər Əliyev ciddi əhəmiyyətli faktları söyləyərək bildirmişdi: “1986-cı ildə ilk dəfə Qorbaçov Sovetlər Birliyinin tərkibindəki türkdilli respublikaların rəhbərlərini çıxarıb, onların yerinə rusları və başqa millətdən olan adamları təyin etməyə başladı. Mən ona anlatdım ki, belə etmək olmaz. Onunla bir neçə dəfə belə söhbətim oldu. Nəhayət, 1986-cı ilin dekabrında Qazaxıstanın rəhbəri Kunayevə qarşı ədalətsizlik oldu. Qazaxlar yeni təyin olunan adamı qəbul etmədilər. Orada gənclər ayağa qalxıb üsyan etdilər. Onların bir çoxlarını həbs etdilər, bəziləri həlak oldular. Sonra araşdırmalar aparıb “Qazaxıstan millətçiliyi” barədə qərar qəbul etdilər. Yəni qazax xalqına qarşı bir qərar çıxardılar. Mən buna qarşı da etiraz etdim.
Tək bu deyildi. Şimali Qafqazda bir çox kiçik müsəlman respublikaları var. Məsələn, Kabardin-Balkar Muxtar Respublikasının rəhbəri Malbaxov da müsəlman idi. Qorbaçov onu çıxardıb, yerinə Sibirdən bir rus gətirib qoymaq istəyirdi. Mən buna da, digər belə məsələlərə də etiraz etdim. Siyasi Büroda mənim – bir türkün, müsəlmanın olması onlar üçün əlverişli deyildi”.
Heydər Əliyevin istefasından az sonra Dağlıq Qarabağın Azərbaycandan qoparılması üçün erməni separatizminin açıq fəaliyyətə keçməsi də çox mətləblərdən xəbər verir... Qorbaçovun yaxın adamlarından hesab olunan akademik Abel Aqanbekyan 1987-ci il noyabrın 18-də “Humanite” qəzetinə müsahibəsində Dağlıq Qarabağın Ermənistana verilməsinin məqsədəuyğun olmasını və bu barədə dövlət başçısına təklif verdiyini bildirmişdi. M.S.Qorbaçovun erməniləri dəstəkləməsi nəticəsində onlar 1988-ci ilin fevralında açıq fəaliyyətə keçdilər.
Azərbaycan KP MK-nın birinci katibi K.Bağırov dövlətin və xalqın mənafeyini müdafıə edə bilmədi. Sovet xüsusi xidmət orqanları erməni təxribatçıları ilə birlikdə Sumqayıt hadisələrini törətdilər. Xalqın içərisində Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə gəlməsi zərurəti, yaranmış problemləri yalnız onun həll edə biləcəyi barədə fıkirlər geniş yayılmağa başladı.
Heydər Əliyev 1987–1988-ci illərdə SSRİ Nazirlər Soveti yanında Dövlət müşaviri, sonra İttifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdu. Lakin belə bir vəziyyətdə də onun varlığı Qorbaçova rahatlıq vermirdi. 1989-cu il aprelin 24-də Heydər Əliyev Sov. İKP MK üzvlüyündən də azad edildi. Lakin bu təqiblər həyat görmüş, siyasi mübarizələrdə əzmkarlıq və cəsarət göstərmiş bir siyasi lideri heç bir zaman mövqeyindən çəkindirmədi. Əksinə, o, daha qətiyyətli addımlar atdı, geri çəkilmədi.
Sov.İKP MK-nın həmin plenumunda çıxış edən Heydər Əliyev deyirdi: “Bakıda və Moskvada çalışarkən mən doğru-düzgün və vicdanla işləmişəm, vaxtıma qızırqalanmadan işləmişəm, özümü bütünlüklə işə həsr etmişəm, heç kimi təqib etməmişəm, mənfı hallara qarşı fəal mübarizə aparmışam və nəticədə, özümə çoxlu düşmən qazanmışam, geniş ürək infarktı keçirmişəm. Belə hesab edirəm ki, mətbuatda məruz qaldığım hücumlara layiq deyiləm”.
Buna görə də Qorbaçov başda olmaqla Sovet rəhbərliyi Azərbaycan xalqının liderinə qarşı bütün təqib və zorakılıq mexanizmlərini səfərbər etməyə başladı. Heydər Əliyevin nüfuz və mövqeyinə zərbə vurmaq, xalq içərisində onun etimadını sarsıtmaq üçün yeni-yeni təsir vasitələrinə əl atılırdı. Moskvanın iştirakı ilə əsassız yoxlamalar aparılır, günahsız insanlara qarşı cinayət işləri qaldırılır, bu yol ilə əldə edilmiş ifadələrlə Heydər Əliyevi ləkələməyə çalışırdılar.
Təəssüf ki, respublikanın bəzi vəzifəli şəxsləri də həqiqəti müdafıə etmək əvəzinə, bu oyunda vasitəyə çevrilirdi. Mərkəzi mətbuat da Heydər Əliyevə qarşı uydurma cızmaqaralar çap edirdi. 1988-ci ildə “Literaturnaya qazeta” da bir yazı çıxdı. Bütün etik prinsiplərin əksinə olaraq, Heydər Əliyevə cavab imkanı verilmirdi.
Bu barədə Ulu öndər sonralar Moskva mətbuatına müsahibəsində demişdi: “Mən heç vaxt susmamışam; yadınızda varsa, 1989-cu ilin aprelində MK plenumunda çıxış etdim. Zənnimcə, orada hamıya cavab verdim. Daha əvvəl, (1988-ci il – K.Ş.) “Literaturnaya qazeta”da dərc olunmuş məqaləyə cavab göndərmişdim. Ancaq onu dərc etmədilər”.
Sonuncu sovet diktatoru Qorbaçovun rəhbərliyi ilə Heydər Əliyevin fıziki cəhətdən məhvi planı ona qarşı şər və böhtan kampaniyasına əsaslanırdı. Heydər Əliyev qeyd edirdi: “30 il sıralarında çalışdığım Dövlət Təhlükəsizlik Komitəsi indi məni quruluş əleyhinə olan bir şəxs kimi təqib etməyə başladı. Məqsədləri məni təxribat yolu ilə aradan götürüb, onlara qarşı mübarizəmi dayandırmaq idi”.
Sov. İKP MK katibi Y.Liqaçov Bakıda olarkən Azərbaycan KP MK-nın ikinci katibi (mərkəzin canişini – red) V.Konovalova Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə onun fəaliyyətinin yoxlanılması üçün komissiya yaradılması barədə göstəriş vermişdi.
Ə.Vəzirovun 1988-ci ilin mayında Azərbaycanda hakimiyyətə gətirilməsindən sonra bu işin daha da genişləndiriləcəyinə ümid edilirdi. Azərbaycan xalqı Heydər Əliyevə qarşı fıtnəkar siyasətin mahiyyətini yaxşı başa düşürdü. Heydər Əliyevin müdafıəsi və respublikanın ərazi bütövlüyünün qorunması onun həyati məsələsinə çevrildi. Heydər Əliyevin ən böyük xoşbəxtliyi bunda idi. Bununla barışmaq istəməyən Qorbaçov Azərbaycan xalqına qarşı məkrli planlar həyata keçirməyə başladı. 1990-cı ilin yanvarında görünməmiş cinayətə əl atıldı. Yanvarın 19-dan 20-sinə keçən gecə sovet ordu hissələri Bakıya müdaxilə edərək, dinc əhaliyə divan tutdu. Bu hadisə tarixə “Qara Yanvar” kimi daxil oldu.
Yalnız bu qəddarlıq törədildikdən sonra, yanvarın 20-də səhər saat 6 – 7 radələrində SSRİ Ali Soveti Rəyasət Heyətinin fövqəladə vəziyyət haqqında fərmanı elan olunmuşdu. Bu çətin günlərdə Heydər Əliyev yenə də Azərbaycan xalqını tək qoymadı. O, yanvarın 21-də oğlu İlham Əliyevlə birgə Azərbaycan SSR-in Moskvadakı Daimi nümayəndəliyinə gəlib, burada toplaşan jurnalistlər və ictimaiyyət nümayəndələri qarşısında çıxış etdi. Onun həmin çıxışını bu gün də həyəcansız oxumaq mümkün deyildir.
1990-cı il 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilmiş yığıncaqda Heydər Əliyevin çıxışında demişdi: “Mən baş vermiş hadisələr haqqında dünən xəbər tutmuşam və təbiidir ki, bu hadisəyə laqeyd qala bilməzdim. Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan Daimi nümayəndəliyində, böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm”.
Heydər Əliyev hələ o zaman, isti-isti 1990-cı il Yanvar faciəsinin səbəblərini və nəticələrini dərin təhlil etmiş, günahkarların cəzalandırılmasını tələb etmişdi. O zaman respublikada bütün hadisələr məcrasından çıxmışdı. Belə bir vəziyyətdə ölkəyə rəhbərliyi yalnız Heydər Əliyev həyata keçirə bilərdi. Böhranlı məsələləri yalnız o, tezliklə həll edərdi. Lakin M.Qorbaçov baş verənlərdən nəticə çıxarmaqdan uzaq idi.
1990-cı il Yanvar hadisələrindən sonra Bakıdan qaçan Ə.Vəzirovu A.Mütəllibov ilə əvəz etdi. Heydər Əliyevə qarşı təqiblər isə yenidən gücləndi. 1990-cı il fevralın 4-də Heydər Əliyevin əleyhinə “Правда” (“Həqiqət”) qəzetində böhtanla dolu məqalə çap edildi. Lakin artıq vəziyyət dəyişmişdi. İstər SSRİ, istərsə də Azərbaycanın oyuncaq rəhbərliyinin Heydər Əliyev ətrafında yaratdığı təcrid siyasəti iflasa uğramışdı. 1990-cı il fevralın 9-da Heydər Əliyevin “Теаtralnaya jizn” jurnalının şöbə müdiri Andrey Karaulovla söhbəti olmuşdu. Bu söhbətdə “Vaşinqton post” qəzetinin müxbiri Devid Remnik də iştirak etmişdi.
Heydər Əliyev bu müsahibədə obyektiv vəziyyəti və mövqeyini konkret şəkildə şərh etmişdi: “Düzünü desəm, mən buna inana bilmirəm. Mən pensiyadayam. Azərbaycanda nələr baş verdiyini, xalqımın güzəranının necə çətinləşdiyini böyük təəssüf hissi ilə müşahidə edirəm. Bütün bunlar son dərəcə ağırdır. Bunları yaman ürəyimə salıram. Bilmək istəsəniz, mənim üçün bu, faciədir”.
Heydər Əliyevi həyatdan silmək istəyənlər ona qarşı qeyri-bərabər qüvvələri ilə kifayətlənməmiş, ən çirkin metodlara əl atmışdılar. Heydər Əliyevin ailəsi də bu təqibin hədəfinə çevrilmişdi. Lakin Heydər Əliyevin ailəsini də sındırmaq mümkün olmamışdı. Bütün bu basqıların, hücumların müqabilində İlham Əliyev 1990-cı ildə Moskva Beynəlxalq Münasibətlər İnstitutunda müəllim fəaliyyətindən uzaqlaşmağı üstün tutmuşdu.
(ardı var)
Kərim ŞÜKÜROV,
AMEA Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor


