Qərbi Azərbaycan, Ermənistan və Paşinyan

post-img

Yaxud Nikolun yeni “yol xəritəsi” məntiqinə sözardı

Ermənistanın baş naziri Nikol Paşinyan Hamburqda jurnalistlərlə görüşündə dedi ki, Azərbaycanda bir tərəfdən “Qərbi Azərbaycan” ifadəsini dilə gətirirlər, digər yandan Qarabağ ermənilərinin qayıdışı məsələsinə “ilişirlər”. Nikolun sözlərindən belə çıxdı ki, ifadələrin heç biri işlədilməməlidir. Buna yol verilməməsi üçün Ermənistan Azərbaycanla birlikdə nəzarət mexanizmi – “yol xəritəsi” müəyyənləşdirməlidir. Baş nazirin “yol xəritəsi” barədə sonda söz açacağıq. Hələlik isə...

Həqiqətən, Paşinyan kifayət qədər maraqlı məqama toxunur. O bildirir ki, əgər Azərbaycan və Ermənistan bir-birilərinin ərazi bütövlüklərini və suverenliklərini tanıyıblarsa, onlar öz torpaqlarında olmayan ərazilər üzərində adlandırmalardan istifadə etməməlidirlər. İlk baxışdan, Nikolun düşüncələrini normal saymaq mümkündür. Amma...

“Əmması” bir neçə mətləbdədir. Həmin mətləblərə keçməzdən əvvəl bildirək ki, Avropa İttifaqı və Ermənistan arasında bu il dekabrın 2-də Brüsseldə keçirilmiş Tərəfdaşlıq Şurasının VI iclasında “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı sənəd imzalandı. Növbəti 7 il müddətində Brüssellə İrəvan arasında prioritetləri müəyyənləşdirən sənəddə bir çox mətləblər yer aldı. Ən başlıcası isə orada “Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri” ifadəsi işlədildi və bildirildi ki, mövcud kateqoriyaya məxsus insanların “qaçqın” statusunda vurğulanmaları məsələsi Aİ və Ermənistan arasında tərəfdaşlıq prioritetidir. Azərbaycan Xarici İşlər Nazirliyi isə şərhində bu məqamın həm Bakı-İrəvan sülh prosesinə xələl gətirdiyini, həm də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığına mənfi təsir göstərdiyini açıqladı.

Əlbəttə, Paşinyan Hamburqdakı bəyanatı ilə daha çox ölkəmizin baş xarici siyasət idarəsinin yanaşmasına qarşı kontr-arqument səsləndirməyə çalışdı. Onun sözlərindən belə nəticə hasil oldu ki, Aİ-nin sənədində “Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri” ifadəsinə yer verilməsi ölkəmizin “Qərbi Azərbaycan” ritorikasına cavabdır. Görünür, Nikol cavabının nə üçün legitimlik qazana bilməyəcəyini dərk etmir. Elə isə keçək “əmma”ya.

Birincisi, “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik”dəki “Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri” ifadəsi ayrıca siyasi deyim məhsuludur. Yəni bu ifadə heç də ölkəmizdəki “Qərbi Azərbaycan”la bağlı müzakirələrə cavab mahiyyəti daşımır və Paşinyanın bunu anlamaması qeyri-mümkündür. Ona görə də onun Hamburqda səsləndirdiyi və barəsində söz açdığımız mətləb siyasi manipulyasiyadan başqa bir şey deyil. Yəni Aİ-Ermənistan müştərək sənədindəki ifadə Cənubi Qafqazda barış mühitinə, konkret olaraq, Bakı-İrəvan sülh prosesinə nə qədər zərərlidirsə, Nikolun Azərbaycan XİN-nin etirazına münasibətdə dilə gətirdiyi kontr-arqument də bir o qədər ziyanlıdır. Çünki baş nazirin fikri səmimiyyətdən uzaqdır. Səmimiyyətsizlik isə etimad mühitinə mənfi təsir göstərir.

İkincisi, Azərbaycandakı “Qərbi Azərbaycan” ifadəsi özündə ərazi iddiası məntiqini daşımır. “Qərbi Azərbaycan”, əslində sülh konsepsiyadır. Axı Ermənistanda azərbaycanlıların ermənilərlə barış mühitində yaşadıqları vaxtlar olub. Həmin vaxtlarda heç kəs, yəni heç bir azərbaycanlı ərazinin Ermənistandan alınıb Azərbaycana verilməsi iddiasını ortaya atmayıb. Habelə, heç bir azərbaycanlı düşünməyib ki, nə üçün yaşadığı yurd vaxtilə türk torpağı kimi tanınsa da, hazırda Ermənistan Respublikasının ərazisindədir. Halbuki, düşünə bilərdi və buna tam haqqı çatardı. Amma nə oldu? Bu insanlar öz dədə-baba yurdlarından didərgin salındılar. Özü də mövcud istiqamətdəki siyasət sistemli şəkildə, onilliklər ərzində həyata keçirildi.

Ermənistandakı azərbaycanlılardan fərqli olaraq, Azərbaycanda, yəni Qarabağda yaşayan ermənilər özlərini, yumşaq desək, yaxşı aparmadılar. Onlar Qarabağın öz tarixi sahibindən alınıb Ermənistana verilməsi ideyasını ortaya atdılar və bu ideyanın hansı acı nəticələrinin olduğu yaxşı məlumdur. İki Qarabağ müharibəsinin dəhşətləri hər şeyi özü deyir. Hələ erməni millətçilərinin azərbaycanlıları Kür çayınadək qovmaq “planlarının” olduğundan, bunun ideoloji məfkurə halına gətirilməsindən də xəbərdarıq...

Üçüncüsü, “Qərbi Azərbaycan” ifadəsinin ərazi iddiası məntiqini daşımadığını deyiriksə, bildirək ki, Göyçə, Zəngəzur, Vedibasar və digər hazırda Ermənistan ərazisindəki tarixi yer adlarımız və toponimlər daha çox ictimai-mədəni şüurumuzda strukturlaşmış vahidlərdir. Məsələn, aşıq sənətini götürək. Əlbəttə, aşıq sənəti el-oba həsrətini, niskilini və hətta yanğısını daşıyıb. Bu, tam normaldır. Digər tərəfdən, Ermənistanda indinin özündə də Bakı üçün burnunun ucu göynəyən sıravi ermənilər var. Birinin uşaqlığı, başqasının gəncliyi paytaxtımızın küçələrində keçib, hər birinin xatirələri və yaşantıları var. Necə deyəsən ki, bu adamların baxışları ərazi iddiasıdır? Mümkün deyil. Yəni Paşinyan və digər erməni liderləri anlamalıdırlar ki, həm bu ermənilərin, həm də Ermənistandan didərgin düşmüş azərbaycanlıların ahı Ermənistan adlı dövlətin üzərindədir, Azərbaycanın yox. Çünki ilk daşı atan biz olmamışıq.

Onu da deyək ki, Bakıda heç bir erməniyə gözün üstə qaşın var deyilməyib. Əksinə, 1988-ci ilin “Miatsum” avantürasınadək ermənilər paytaxtın ən yaxşı yerlərində yaşayıb, ən yüksək vəzifələrdə təmsil olunublar. Yeri gəlmişkən, keçmiş SSRİ-nin xoşbəxt günlərində də ayrı-ayrı hay millətçiləri həm Ermənistandakı azərbaycanlıları Azərbaycana köçürmək, həm də Qarabağı Azərbaycandan qoparmaq üçün müxtəlif “planlar” qurur, atişləməz yollara baş vururdular. Yaxşı olar ki, hazırkı Ermənistan rəhbərliyi bu məqamı da nəzərə alsın.

Dördüncü məqam. Bir halda ki, söhbət xalqın ictimai şüurundan gedir, Borçalı termini də var. O Borçalı ki, hazırda Gürcüstan ərazisindədir. O Borçalı ki, məktəbləşmiş struktura malikdir, xalq yaradıcılığını, aşıq sənətini, ədəbiyyatımızı təmsil edir. Amma indiyədək bir Gürcüstan azərbaycanlısı yaşadığı ölkədə separatçılıq fəaliyyəti gerçəkləşdirməyib. Əksinə, bu gün Gürcüstan azərbaycanlıları vətəndaşları olduqları ölkə naminə əzmlə çalışırlar. Bunu hər bir gürcü də görür, bütövlükdə Gürcüstan hakimiyyəti də. Eyni durum Ermənistanda da ola bilərdi. Amma olmadı. Bir daha deyək ki, günah bizdə deyil...

Beşincisi, Qərbi Azərbaycana qayıdış konsepsiyası dinc məqsədlidir və bu qayıdış Prezident İlham Əliyevin bəyan etdiyi kimi, tanklarla yox, şəxsi avtomobillərlə olacaq. Daha dəqiq desək, tanklarla yox, avtomobillərlə qayıdış müəyyən iqtisadi inkişafın, şüur təkamülünün nəticəsində, mədəni səviyyənin, konkret olaraq, ermənilərin və azərbaycanlıların dinc bərgəyaşayış qaydalarının formalaşdığı, ümumən münasibətlərin normallaşdığı mühitdə mümkündür. Belə olduqda, tutalım, hansısa azərbaycanlı Ermənistandakı ata-baba yurdunu onun indiki sahibindən pulla da satın ala bilər. Bunda problemli nə isə varmı? Yox. Eləcə də hansısa erməni Bakıda, yaxud Azərbaycanın harasındasa vaxtilə yaşadığı evi satın almaq ixtiyarını özündə daşıyacaq. Almaniyada fransızların və ya ingilislərin, yaxud Britaniyada almanların və ya italiyalyanların evləri yoxdurmu? Var.

Altıncısı, “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik”də “Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri” ifadəsi işlədilirsə, bu məqamın sənədə rəsmi İrəvandan icazəsiz salınması mümkünsüzdür. Deməli, Paşinyanın Hamburqda səsləndirdiyi aşağıdakı fikirlər mənasızdır, səmimiyyətdən uzaq və siyasi populizmə hesablanıb: “Əgər biz qayıdış gündəliyini irəli aparmağa davam etsək, bu, Qarabağ hərəkatının yenidən başlanması demək olacaq. Amma mən artıq demişəm ki, biz Qarabağ hərəkatını davam etdirməməliyik. Qarabağ hərəkatı başa çatıb və onu bərpa etmək cəhdləri heç bir fayda verməyəcək”.

Görəsən, “Qərbi Azərbaycan” ifadəsi Azərbaycanın hansısa beynəlxalq təşkilatla, yaxud dövlətlə imzaladığı sənəddə yer alıbmı? Bəs indiki həssas məqamda Ermənistan rəhbərliyi belə bir halın yaşanmasına necə icazə verə bilir? Bəs sülh gündəliyi? Axı Paşinyan və digər erməni rəsmiləri barışdan dəm vururlar. Belə çıxır ki, dedikləri sabun köpüyüdür. Başqa nə düşünək? Axı dövriyyəyə köhnə metodlar gətirilir.

Köhnə metodlardan söz düşmüşkən, yada salaq ki, bir vaxtlar Ermənistan rəhbərliyi “Laçın dəhlizi” ifadəsini beynəlxalq sənədlərə salmaq üçün dəridən-qabıqdan çıxırdı. Paşinyan administrasiyasının təmsilçilərinin düşüncəsi bu idi ki, dəhliz ifadəsi İrəvanın xeyrinə legitim əsas formalaşdırmaq gücündədir. Sonradan erməni iqtidarı Qarabağ erməniləri üçün beynəlxalq təminat məsələsi üzərində dayandı. O vaxt bölgədə artıq canını tapşırmış olan separatçı rejim qalır, Qarabağda kimlərsə özünü “prezident”, “baş nazir”, “spiker”, “ombudsman” sayırdı...

2023-cü ilin lokal xarakterli antiterror tədbirləri sonrası bölgə erməniləri ərazini tərk etdilər və bu dəfə Ermənistan rəhbərliyi onların qayıdışı məsələsi üçün beynəlxalq təminat almağa girişdi. Əlbəttə, cəhdlər fayda vermədi və verə bilməzdi. Həmçinin, təsəvvür edin, həmin dönəmlərdə Ermənistan beynəlxalq məhkəmələrə Azərbaycan ərazisi Ağdamdakı bir tikilinin erməni abidəsi kimi təsdiqlənməsi üçün müraciət ünvanlamışdı. İddia təmin edilsəydi, bu, gələcəkdə həmin abidənin yerləşdiyi ərazinin də ermənilərə məxsusluğunu vurğulamağa imkan verəcəkdi. Hər halda, məkrin böyüklüyünün fərqinə vardınız.

Aydındır ki, bütün bunlar ərazi iddiası məntiqini yaşatmaq məramından qaynaqlanırdı. “Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri” ifadəsi də təxminən eyni “mərama” söykənir. Yəni yaxşı olar ki, N.Paşinyan Avropa ictimaiyyətinin gözünə kül üfürməkdən uzaq durub mahiyyəti düzgün dəyərləndirsin. Özünü obyektiv şəxs, sülh qaranquşu qismində göstərmək imitasiyasından uzaq dursun.

Yeddinci məqam kimi “Qərbi Azərbaycan” mövzusunun nə üçün gündəmdə qalmalı olduğuna aydınlıq gətirək. Məsələ ondadır ki, Ermənistanda “Artsax” deyib siyasi hoqqabazlıq edən müxalif kəsim var. O kəsim ki, ölkə iqtidarına rəqibdir, hətta onu devirmək barədə planlar qurur. Heç şübhəsiz, belə “başbilənlərin” hay cəmiyyətində tərəfdarları da var. Təkcə Azərbaycana deyil, eyni zamanda, Türkiyəyə diş qıcamış bu çaqqalların qardaş ölkənin şərq torpaqlarını “Qərbi Ermənistan” adlandırdıqlarını da bilirik. Ərazi iddiasının erməni qövmünün, müasir dövrdə isə Ermənistan Respublikasının hərəkətverici ideoloji dayağı rolunda çıxış etdiyini də həmçinin. O da məlumdur ki, Qarabağ avantürası nəticə versəydi, erməni millətçiləri Türkiyə ilə mübarizəyə girişəcək qədər azğınlıq bəyanatları verirdilər.

Bəs Paşinyan ölkəsindəki sərsəm təmayüllərə qarşı nə isə edə bilirmi? Xeyr, bacarmır. Lap düşünək ki, o, nə isə etmək istəyir. Amma baş nazirin zamana ehtiyacının olduğunu anlayırıq. Zaman yetişəcəkmi, erməni cəmiyyətindəki pataloji xəstəlik tezliklə aradan qalxacaqmı, bu da qeyri-müəyyəndir. Belə olan halda, Azərbaycan nə üçün “Qərbi Azərbaycan” mövzusunu gündəmdə saxlamasın? Hazırda məsələ dinc konsepsiya mahiyyətinə malikdir, ancaq əgər Ermənistanda Azərbaycana qarşı ərazi iddiaları aktiv fazaya daxil olsa və xaricdəki ənənəvi hay havadarları bu “məqsədlə” hərəkətə keçsələr, o zaman biz də tarixi ədaləti yada salmaq məcburiyyətində qalacağıq. Axı unutqanlığımızın cəzasını çəkmişik.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsində unutqanlığımızın cəzasını sıravi ermənilər də çəkdilər. Axı Ermənistanda müharibədə itkin düşmüş övladlarını axtaran valideynlər var. Yəni Nikol və komandası bu məqamı da düşünməlidir.

Sonda Paşinyanın ərazi adlandırmaları xüsusunda Azərbaycandakı və Ermənistandakı mənfi saydığı təmayülləri sıradan çıxarmaq üçün irəli sürdüyü “yol xəritəsi” məntiqinə diqqət yetirək: “İndi mən birbaşa təklif edirəm və ümid edirəm ki, bunu elə tərcümə edərlər ki, ünvanına çatsın. Mən deyirəm: gəlin oturaq və bu mövzunun necə gündəmdən çıxarılacağına dair “yol xəritəsi” hazırlayaq. Çünki bu mövzunun gündəmdən çıxarılması uzunmüddətli strateji perspektivdə hər hansı münaqişə vəziyyətinin istisnası deməkdir”.

Hesab edirik ki, Nikolun dərinə getməsi lüzumsuzdur. Ona ilk növbədə “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik”dən başlamağı, sənədi redaktə edib, oradan “Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri” ifadəsini çıxarmağı təklif edirik. Təklif və tələb edirik ki, rəsmi İrəvan Aİ ilə birləşib heç bir hayın “Azərbaycanın zülmündən qurtulmuş” qaçqın statusunda tanınmasına çalışmasın. Həm də ona görə çalışmasın ki, ölkəmizin Qarabağ ermənilərinə dəfələrlə təklif etdiyi reinteqrasiya təklifləri olub. Yəni Azərbaycan dövləti həmin ermənilərə yaşadıqları evlərdə qalmağın, vətəndaş kimi sərbəst, imtiyazlı ömür sürməyin mümkünlüyünü anladıb, təminat verib. Buna məhəl qoyulubmu? Xeyr!

Yəni, bir halda ki, Aİ Ermənistana və ermənilərə yardım göstərmək istəyir, hansısa təsnifatlandırma aparılmamalıdır. Nəhayət, hər addımda bir məntiq olmalıdır. Axı Qarabağ erməniləri deyilən təbəqə Ermənistan vətəndaşlarıdır. Onların böyük əksəriyyətinin vaxtilə mövcud olmuş Azərbaycan SSR-ə məxsus pasportu da yoxdur. Üstəlik, doğum yerləri ölkəmiz deyil. Azərbaycanda isə Ermənistan SSR-də doğulmuş 300 minədək şəxs – Qərbi azərbaycanlı var. Onlardır qaçqın, yoxsa Qarabağ erməniləri adlandırılan mahiyyətcə qurama məzmun daşıyan toplum? Deməli, Paşinyan “yol xəritəsi” niyyətini Azərbaycana deyil, Avropadakı dostlarına başa salmalıdır. Əlbəttə, əgər bunu bacaracaqsa...

Ə.CAHANGİROĞLU
XQ

Siyasət