Ulu öndər gənclərə inanır və etibar edirdi

post-img

Azərbaycan xalqının çağdaş tarixində müstəsna yeri olan, milli dövlətçilik ənənələrinin bərpası və möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlər göstərmiş ulu öndər Heydər Əliyevin anım günü hər il olduğu kimi, bu il də dərin hörmət və ehtiramla qeyd olunur. Onun adı Azərbaycan tarixinin taleyüklü dönəmlərində xalqa müdrik rəhbərliyin və milli lider ucalığının rəmzinə çevrilmişdir.

Heydər Əliyev bütün həyatını xalqına, dövlətinə və millətinin gələcəyinə həsr etmiş tarixi şəxsiyyətdir. Ölkənin ən ağır çağlarında uzaqgörənliyi, qətiyyətli siyasi addımları və dəmir iradəsi ilə Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmiş, müasir, müstəqil və güclü dövlət quruculuğunun təməlini qoymuşdur. Bu zəngin irs bu gün də Azərbaycan cəmiyyətinin inkişaf xəttini müəyyənləşdirən əsas ideoloji dayaqlardan biridir.

Ulu öndərin ən böyük strateji hədəflərindən biri gənclərin dövlət həyatında fəal rol alması idi. Onun “Gənclər bizim gələcəyimizdir” fikri sadəcə bir şüar deyil, dövlət idarəçiliyində tam bir konsepsiyanın əsasını təşkil edirdi. Heydər Əliyev hakimiyyətə qayıdışından sonra ölkədə gənclərlə bağlı əsaslı islahatlara başlanıldı, yeni qurumlar yaradıldı, gənclərin təhsili, inkişafı və idarəçiliyə cəlbi dövlət siyasətinin prioritet istiqamətinə çevrildi.

1997-ci ildə Gənclər və İdman Nazirliyinin yaradılması, beynəlxalq təhsil proqramlarına açılan qapılar, minlərlə gəncin xarici ölkələrdə təhsil almasına göstərilən dövlət dəstəyi bu siyasətin nəticəsi idi. Onun rəhbərliyi ilə formalaşan gənclər siyasəti gənclərin yalnız gələcəyin sahibləri deyil, bu günün də aparıcı qüvvəsi olmasını təmin etdi. Vətənpərvərlik, dövlətçilik, milli-mənəvi dəyərlərə bağlılıq kimi prinsiplər gənc nəsil arasında geniş yayılaraq bu gün də öz mahiyyətini qoruyur.

Bu gün Azərbaycan dünya miqyasında güclü siyasi iradəyə malik, iqtisadi cəhətdən dinamik inkişaf edən, mədəni baxımdan öz sözünü deyən bir dövlətə çevrilibsə, bunun təməlləri məhz Heydər Əliyevin müəyyən etdiyi strateji xəttə dayanır. Bu kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkənin bütün sahələrində modern inkişaf modeli formalaşdırılır.

Ölkədə gənclərin idarəetməyə cəlb olunması, hərbi-vətənpərvərlik ruhunun gücləndirilməsi, yeni texnologiyalar və innovasiyalar sahəsində geniş imkanların açılması Heydər Əliyevin müəyyən etdiyi yolun məntiqi davamıdır.

Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə siyasi sabitlik qorunmuş, iqtisadi islahatlar genişləndirilmiş və dövlət idarəçiliyində yeni mərhələ başlanmışdır. Dövlət başçısının həyata keçirdiyi balanslı xarici siyasəti sayəsində regionun mühüm siyasi aktorlarından birinə çevrilən Azərbaycanda gənclərin inkişafına, innovasiyalara və modern idarəçiliyə xüsusi önəm verilir. Ordu quruculuğu sahəsində aparılan genişmiqyaslı islahatlar nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordularından biridir.

2020-ci ildə Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər də məhz Heydər Əliyevin hərbi strategiyasının və ordu quruculuğunun nəticəsidir. Ulu öndər ordu quruculuğunu dövlət müstəqilliyinin əsas dayağı kimi qiymətləndirmiş, Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi üçün mühüm addımlar atmışdı. Heydər Əliyevin müəyyənləşdirdiyi təhlükəsizlik konsepsiyası, milli ideologiya və hərbi-siyasi xətt Vətən müharibəsi zamanı özünün ən parlaq nəticəsini göstərdi.

Bu qələbə təkcə 44 günün deyil, uzun illər ərzində qurulan sistemli siyasətin bəhrəsi idi. Heydər Əliyevin anım günü yalnız bir xatirə və ya tarix səhnəsinin yad edilməsi deyil, bu, Azərbaycan xalqının milli kimliyinin, dövlətçilik şüurunun və gələcəyə inamının yenidən dərk edilməsidir. Onun qoyduğu irs, həyata keçirdiyi dövlət quruculuğu və xüsusilə gənclərə verdiyi dəyər gələcək nəsillərin yol xəritəsidir.

Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq, onun ideyaları dövlətin inkişafında daim mayak kimi işıq saçacaq.

Ələkbər HƏSƏNOV,
BDU-nun humanitar məsələlər və gənclər siyasəti şöbəsinin mütəxəssisi

Sosial həyat