Öndərin qayıdışı – Xilaskar gəlişiydi –
Müqəddəslər Kitabla, Öndər – Bayraqla gəldi,
Həmin ilin payızı – bahardan fərqlənmədi –
yeni bir təntənəylə, gözəl növraqla gəldi.
Öndərin qayıdışı son qoydu məmləkətdə
kürsülər savaşına,
Xalqın üstünü aldı – qalanda özbaşına,
Öndərin gəlişiylə axan qanlar dayandı,
ətalət girdabında çaşıb-qalan millətim
yuxusundan oyandı!
Öndərin gəlişiylə – düşmən başa düşdü ki,
atını oynatdığı xana o xana deyil,
“xınası” da dəyişib – “xına o xına deyil”
Öndərin gəlişiylə – əldən düşmüş əsgərin
qədəmləri bərkidi,
əzabla ötən illər Millətimin bəxtinə
yazılmış bir görk idi.
Öndərin qayıdışı – Millətimə zülm edən
vaxtın gözünü oydu,
Qırx Dörd Günlük savaşda
çalınmış Zəfərlərin
bünövrəsini qoydu...
11.10.2025
Vahid ƏZİZ,
Xalq şairi

