Xilaskarlıq və əbədiyaşarlıq nümunəsi

post-img

Dünyanın nəhəng siyasətçilərindən olan Uinston Çörçillin məşhur bir deyimi var: Siyasətçinin ən mühüm keyfiyyəti gələcək hadisələri düzgün qiymətləndirib vaxtında tədbir görməkdir.

Azərbaycan xalqının Ulu Öndəri, müasir dövlətimizin banisi Heydər Əliyev hələ Sovetlər dönəmində - 1969-cu ildə Azərbaycan SSR Komunist Partiyasının Baş Katibi seçiləndən sonra respublikada başlatdığı ümumproseslərdən ən vacibi sənayeləşmə ilə yanaşı, gənclərin o zamanlar ittifaqın ən böyük ali məktəblərində ali təhsil almağa göndərilmələri oldu. Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həyata keçirilən dövlət üçün mühüm faktorlardan biri də 1978-ci ildə Azərbaycan dilinə rəsmi status verilməsi oldu.

Heydər Əliyev SSRİ kimi bir zülmət imperiyanın içində öz xalqı üçün MAYAK idi.

Ulu Öndərin 1990-cı illər Azərbaycanı üçün sanki bir qurtarıcı idi, o faciələrlə, qara günlərlə dolu bir tarixi xeyrimizə dəyişdirməyi bacardı.

1990-cı ilin 20 yanvar hadisələrindən sonra Heydər Əliyevin Moskvada həyatını riskə ataraq etdiyi tarixi çıxış, SSRİ kimi sərt bir imperiyanın içində öz xalqının haqqını müdafiə etməsi onun şəxsi cəsarətinin, dövlət adamı məsuliyyətinin və prinsipiallığının ən parlaq göstəricilərindən biri idi. 

1993–2003-cü illər Heydər Əliyevin Azərbaycan müstəqilliyinin sütunlarını bərpa etdiyi dövrdür. Bu illər Azərbaycan üçün: 

sabitlik və təhlükəsizlik,

tərəqqi və iqtisadi əsasların qurulması,

siyasi sistemin institusional inkişafı,

multivektor diplomatiyanın formalaşması,

enerji strategiyasının reallaşması,

milli ordunun yenidən qurulması,

dövlətçilik ideologiyasının möhkəmlənməsi dövrü idi.

Heydər Əliyev gəncləri hər zaman dövlətin strateji kapitalı hesab edirdi. Müstəqillik dövründə qəbul olunan gənclər siyasəti, təqaüd proqramları, xaricdə təhsil təşəbbüsləri, idmanın və elmin dəstəklənməsi, gənc nəslə dövlət strukturlarında yer ayrılması onun uzaqgörənliyinin bariz nümunəsi idi.

Ümummilli Liderin bir fikri bu siyasətin məğzini tam şəkildə ifadə edir: “Azərbaycanın gələcəyi gənclərə əmanətdir.”

2003-cü il 12 dekabr — təkcə bir insanın yox, bir əsrin liderinin, bir millətin ağsaqqalının, bir dövlətin memarının dünyadan köçdüyü gündür.

Ümummilli liderin vəfatı Azərbaycan üçün yalnız bir itki deyil, həm də böyük bir məsuliyyət idi — onun başladığı yolu qorumaq, dövlətçiliyin sütunlarını ayaqda saxlamaq! 

Heydər Əliyevin həyatdan köçməsi ilə Azərbaycan yalnız fiziki olaraq bir Liderini itirdi. Amma onun yaratdığı ideologiya, dövlətçilik fəlsəfəsi, siyasi irs və milli birləşmə formulu bu gün də yaşayır və Azərbaycan inkişaf etdikcə özünü daha da qabarıq göstərir.

Nihad Həsənli,
Azərbaycan Dövlət Aqrar Universitetinin III kurs tələbəsi

Sosial həyat