Yaxud Prezident İlham Əliyevin baxışlarında əsaslılıq və qətiyyət
Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Yaxın Şərqdə, o cümlədən Qəzza sektorunda yaranmış duruma, habelə, həm İsraillə, həm də müsəlman dünyası ilə bərabərhüquqlu tərəfdaş olan Azərbaycanın həmin regiondakı vəziyyətin sabitləşməsi üzrə hərbi əməliyyatlardakı potensial iştirakına dair sualı özünəxas tərzdə cavablandırıb.
Bəribaşdan deyək ki, dövlətimizin başçısının yanaşması ölçülü-biçilidir, dərin praqmatizmə və rasionallığa əsaslanır. Onu da nəzərə alaq ki, ölkəmizin liderinin dedikləri həm də bir müddət əvvəl yayılmış informasiyalara cavab mahiyyəti daşıyır. O informasiyalara ki, yanlışdır. Söhbət konkret hansı yanlışlıqdan gedir, aydınlıq gətirəcəyik. Hələlik isə...
Prezident İlham Əliyevin vurğuladığı vacib məqamlardan biri budur ki, “Azərbaycanın hər bir vətəndaşı bizim üçün qiymətlidir. Biz kiminsə naminə azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində deyilik”. Deməli, dövlətimiz üçün başlıca məqam insan faktorudur, öz vətəndaşının həyatıdır. Ona görə də rəsmi Bakı amerikalı tərəfdaşlarının diqqətinə bunu, konkret olaraq, ölkəmizin Birinci Qarabağ müharibəsində böyük qurbanlar verdiyini çatdırıb. Əlbəttə, İkinci Qarabağ müharibəsində də itkilərlə üzləşdik. Amma prinsipial fərq var.
Fərq ondadır ki, müstəqilliyimizin ilk illərindəki Amerikanın bizə münasibəti ədalətsizliyə söykənmişdi. Söhbət 1992-ci ildə “Azadlığa Dəstək Aktına” 907-ci düzəlişin qəbulundan gedir. O düzəlişdən ki, təcavüzlə üzləşən ölkəni, faktiki olaraq, qəsbkar kimi qiymətləndirir və ona ABŞ-ın dövlət yardımını qadağan edirdi. Bir sözlə, Azərbaycan sanksiyaya məruz qalırdı.
Qeyd edək ki, müxtəlif illərdə məhz saksiya siyasəti Birləşmiş Ştatların ölkəmizə münasibət trayektoriyasını müəyyənləşdirən faktor olub. Doğrudur, Donald Tramp Prezident postuna gəldikdən sonra vəziyyət müsbətə doğru dəyişib. Amerika lideri “907”nin icrasını dayandırıb. Amma düzəlişin tamamilə ləğvi lazımdır ki, qarşılıqlı etimad daha da güclənsin. Bunun səmimi yolu var. Yəni ABŞ-da kimsə düşünməməlidir ki, Azərbaycan istifadə təyinatlı ölkədir. Xatırladaq ki, Trampdan əvvəlki Co Bayden administrasiyasının dövründə nankorluqla üzləşdik. Ona görə də indi istər-istəməz, şübhə yaranır: bəlkə ABŞ-ın BMT-dəki səfirliyinin Azərbaycanın Qəzzada hərbi əməliyyatlarda iştiraka razılıq verməsinə dair bir müddət əvvəlki bəyanatı köhnə dövrün yarıtmaz sxematikasına müraciətdir? Ümid edirik ki, belə deyil. Axı Azərbaycan obyekt yox, subyektdir və fikrimizi izah edəcəyik.
Bəli, Prezident İlham Əliyevin sözügedən bəyanat xüsusunda vurğuladığı məqam daha konkretdir. “Biz razılıq verməmişik və diplomatik kanallarla Amerika administrasiyasına çatdırdıq ki, bu cür yalan bəyanatlar qəbuledilməzdir, onlar yanlış mənzərə yaradır. Ola bilər ki, belə bir cəhd olub, kimi isə bu prosesə cəlb etmək üçün Azərbaycanın razılıq verdiyini deyiblər. İstisna etmirəm ki, əgər belə olubsa, bu, ümumiyyətlə heç bir vəchlə qəbul edilə bilməz”, - deyən dövlətimizin başçısı ölkəmizin Amerika tərəfinə 20 sualdan ibarət müraciət ünvanladığını yada salır və əlavə edir ki, həmin suallardakı məsələlərə aydınlıq gətirilməyincə, hər hansı missiyada iştirak qeyri-mümkündür. Başqa sözlə desək, hansısa missiyada, təşəbbüsdə və ya formatda təmsilçilik şərtləri aydınlaşmalıdır. Bu mövzuda qərar vermək üçün tam şəffaflıq və hüquqi-siyasi təminat şərtdir.
Digər tərəfdən, əvvəldə də vurğuladığımız kimi, müstəqillik illərində iki müharibə görmüş Azərbaycan öz insanının həyatını yüksək qiymətləndirir. Həm də bu amil tələb edir ki, ölkəmizin hansısa missiyada iştirakçılığı sırf kampaniyaçılıq, tərəfkeşlik xarakteri daşımasın, hər şey dövlətimizin, xalqımızın maraq və mənafeləri ilə uzlaşsın. Deməli, Amerika diplomatiyasının yüksək rütbəli məmuru məsuliyyətsiz və yalan bəyanatlar səsləndirməməli, konseptuallığı qorumalıdır. İndiki halda, söhbət Yaxın Şərqdəki vəziyyətdən və Qəzza məsələsindən gedirsə, Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakı yalnız mandatın aydın və təhlükəsiz olduğu halda mümkündür. Hazırda isə həmin regiondakı durum konkretlikdən uzaqdır.
* * *
Digər tərəfdən, ölkəmiz hər zaman bəşəri niyyətlər naminə çalışıb, beynəlxalq hüquq normalarını əsas götürüb. Bu baxımdan çoxsaylı örnəklər var. Məsələyə mövcud prizmadan yanaşsaq, Azərbaycan özünün humanitar yardım missiyasına da sadiqdir. Nəzərə alaq ki, Ukraynaya və digər köməyə ehtiyacı olan bölgələrə olduğu kimi, Fələstinə də yardım göstərmişik. Üstəlik, Fələstinin Bakıdakı səfirliyi ölkəmizin maliyyə yardımı sayəsində fəaliyyət göstərir. Habelə, Azərbaycan BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında həmişə Fələstini və Fələstin dövlətinin yaradılmasını dəstəkləyib. Amma...
Prinsipial məqam odur ki, diplomatik yollarla Yaxın Şərqdəki vəziyyəti izləyən rəsmi Bakı ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özlərinin həll etməli olduğu düşüncəsindədir. Yəni hansısa missiyanın fəaliyyəti lazımdırsa, burada Ərəb Dövlətləri Liqasının, Misirin, Birləşmiş Ərəb Əmirliklərinin, Səudiyyə Ərəbistanının, İordaniyanın və digərlərinin mövqeyi nəzərə alınmalıdır. “Ona görə də mənim mövqeyim həmişə ondan ibarət olub ki, ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özləri həll etməlidir. İndiyədək dərindən inanıram ki, qeyri-ərəb müsəlman ölkələr parovozun önündə qaçmamalıdır. Bu, heç bir yaxşı nəticə verməz. Ərəb Liqası var, Ərəb Liqasının mövqeyi mövcuddur, o, yetərincə aydındır və biz buna uyğun hərəkət edirik. İslam Əməkdaşlıq Təşkilatının qərarları var və biz də, o cümlədən bu qərarları qəbul etmişik və buna əməl edirik. Ona görə də lazımsız fəallıq göstərmək və yenə də parovozun önündə qaçmaq o qədər də yaxşı məşğuliyyət deyil”, - deyən Prezident İlham Əliyevin yanaşması siyasi unikallıq nümunəsidir. Bütün bu qeyd etdiklərimizin fonunda dövlətimizin başçısının müsahibədəki “Fələstin bizi elə də müdafiə etmirdi” fikri emosional deyil, faktoloji xatırlatmadır və deyimdə reallıq qeydi var. Reallıq tələb edir ki, dəstəyimiz və yardımımızla, belə demək mümkünsə, siyasi fədakarlığımız bir-birindən ayrı tutulsun. Ölkəmizin liderinin Yaxın Şərqdəki proseslərə baxışının fundamentallığı da məhz budur.
Sonda ümumiləşdirmə apararaq bildirək ki, Prezident İlham Əliyev fikirləri ilə Yaxın Şərq regionuna, o cümlədən Qəzza sektoruna münasibətdə institsional çərçivə müəyyənləşdirir. Dövlətimizin başçısı fərdi təşəbbüsləri deyil, kollektivçiliyi önə çəkir. Nəzərə alaq ki, Ərəb Dövlətləri Liqası ərəb problemlərinin həlli üçün platformadır, İslam Əməkdaşlıq Təşkilatı müsəlman ölkələrinin ümumi mövqe nümayişi naminə qurduqları mexanizmdir, BMT və Qoşulmama Hərəkatı isə müştərək fəaliyyətə beynəlxalq miqyasda legitimlik qazandıran müstəvidir. Hazırda dünya nə qədər nizamsız və düzənsiz təsir bağışlasa da, siyasi oyun qaydaları qalır. Azərbaycan bu qaydaları gözləyir və ölkəmiz Yaxın Şərq regionu üzrə fərdiyyətçilikdən uzaq durmaqla, geosiyasi eskalasiyalarda alətə çevrilmədiyini göstərir. Mövcud yanaşmada, eyni zamanda, dövlətimizin öz insanının həyatını qorumaq əzmi də var ki, bu barədə lap əvvəldə söz açmışdıq.
Ə.CAHANGİROĞLU
XQ

