II Qaregin Sarkisyanın taleyini yaşayacaqmı?

post-img

Paşinyan 2018-ci ildəki ssenarinin təkrarlanacağına əmindir

Ermənistanın baş naziri Nikol Paşinyan dünən növbəti dəfə bütün ermənilərin patriarxı, katolikos II Qareginin istefa verməli olduğunu bildirib. O, hökumətin iclasından sonra jurnalistlər üçün keçirdiyi brifinq zamanı deyib: “Ktriç Nersisyan (II Qareginin dünyəvi adı–red.) Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan kimi istefa verməyə məcbur olacaq.

Qeyd edək ki, bu günlərdə katolikos II Qareginin Erməni Apostol Kilsəsinin rəhbərliyindən imtina etmək niyyətində olmadığı barədə açıqlaması yayılıb. Əslində, Paşinyan da bu açıqlamaya münasibət bildirmiş olub: “Deyirlər ki, Ktriç Nersisyanın getmək niyyəti yoxdur. Biz onun niyyətini dəyişməsini təmin etməyə hazırlaşırıq. Biz onun fikrini dəyişməsinə əmin olacağıq. Heç kimin getmək niyyəti yoxdur. Serj Sarkisyanın da vəzifəsindən ayrılmaq niyyəti yox idi, amma o, getməli idi və buna məcbur edildi. Eyni hal Ktriç Nersisyan üçün də keçərlidir. Biz onu getməyə məcbur edəcəyik”. N.Paşinyan onu da bildirib ki, katolikosun vəzifəsindən kənarlaşdırılması prosesi şəffaf, xristian tolerantlığı və sevgisi ilə dolu olmalıdır: “Biz bunu əvvəllər etdiyimiz kimi, sarsıntısız, xristian səbri və sevgi ilə edəcəyik”.

Ermənistan baş nazirinin S.Sarkisyanın istefası ilə bağlı açıqlaması bu ilin aprelində 8-ci ili tamam olacaq hadisələri xatırlatmağa səbəb olur. Yada salaq ki, 2018-ci ilin aprel–may aylarında baş verən və “Məxməri inqilab” adlandırılan proseslər Ermənistan siyasi tarixində dönüş nöqtəsi kimi dəyərləndirilir. Müxtəlif vətəndaş qruplarının iştirak etdiyi kütləvi etiraz aksiyalarına parlamentdəki “Yelk” fraksiyasının rəhbəri, “Mülki müqavilə” partiyasının sədri N.Paşinyan rəhbərlik edirdi. 2008-ci ildən hakimiyyətdə olan S.Sarkisyanın prezidentlikdən sonra baş nazir postuna gətirilməsi cəhdi etirazların əsas səbəbi idi. Aksiyalar və yürüşlər qısa müddətdə təkcə Sarkisyana qarşı yox, bütövlükdə hakim “Respublika” partiyasına qarşı yönəlmiş ümumxalq narazılığına çevrildi. Bu proseslər bir sıra müşahidəçilər tərəfindən postsovet məkanında baş vermiş digər “rəngli” və ya “dinc” inqilablarla müqayisə olunur.

Küçə yürüşləri, vətəndaş itaətsizliyi aksiyaları və sosial şəbəkələr üzərindən aparılan fəal çağırışlar etirazların əsas alətlərinə çevrildi. “Bir addım at, Serji devir”, “Silahı yerə qoy, Serji rədd et”, “Polis, qoşul!” kimi şüarlar həm küçələrdə, həm də virtual məkanda geniş yayılaraq hərəkatın simvoluna çevrildi. Nəticədə ictimai təzyiq qarşısında geri çəkilən S.Sarkisyan və onun rəhbərlik etdiyi hökumət istefa verdi. Bundan sonra parlamentdə hakimiyyət dəyişikliyi baş verdi və müxalifətin lideri Nikol Paşinyan Ermənistanın baş naziri seçildi. “Məxməri inqilab” Ermənistanda formal olaraq zorakılıqsız başa çatan, lakin ölkənin daxili siyasi balansını köklü şəkildə dəyişən proses kimi tarixə düşdü.

***

8 il əvvəlki hadisələr çoxlarımızın gözləri önündə baş verib. Əlbəttə, biz yazımızda 2018-ci il martın 31-də Gümrüdən İrəvana iki həftəlik “Mənim addımım” adlı yürüşün başlanması ilə start götürən hadisələrin bütün xronoloji ardıcıllığını vermək fikrində deyilik. Diqqətə çatdırmaq istədiyimiz məqam Paşinyanın dediyi kimi, Sarkisyan dirənməsi və istefa verməkdən birmənalı şəkildə imtina etməsi ilə bağlıdır. Aprelin 22-də səhər saat 10:00-da İrəvandakı “Marriott Armenia” otelində Paşinyanla baş nazir Sarkisyan arasında uzun müddət gözlənilən görüş baş tutdu. Lakin bu görüş dialoqdan çox siyasi qarşıdurma təsiri bağışladı. Paşinyan tələb etdi ki, danışıqların əsas mövzusu Sarksyanın istefa tarixinin müəyyənləşdirilməsi ilə bağlı olmalıdır. Cavabında isə baş nazir müxalif “Yelk” fraksiyasının cəmi 7–8 faiz səs topladığını bildirərək Paşinyanın xalq adından danışmaq hüququnun olmadığını dedi. Bu bəyanatdan dərhal sonra Sarkisyan görüşü yarımçıq tərk etdi və danışıqlar fiaskoya uğradı. Görüşün pozulması ölkədəki gərginliyi daha da artırdı. Paşinyan tərəfdarlarını vətəndaş itaətsizliyini ikiqat güclə davam etdirməyə çağırdı və axşam saat 19:00-da yenidən “Respublika” meydanına toplaşmağa səslədi. Günün gedişində hadisələr kəskin şəkildə dəyişdi. Paşinyan saxlanıldı, bundan sonra polis şəhərin müxtəlif nöqtələrində etirazçılara qarşı sərt müdaxiləyə başladı. Bu zaman azı yeddi nəfər xəsarət aldı.

Aprelin 23-də etirazlar İrəvanın müxtəlif rayonlarını əhatə etdi. Günün ikinci yarısında proseslər kulminasiya nöqtəsinə çatdı. Sarkisyan baş nazir postundan istefa verdiyini açıqladı. O, istefa bəyanatında açıq etiraf etdi: “Nikol Paşinyan haqlı idi. Mən səhv etdim. Yaranmış vəziyyətin bir neçə həlli var, lakin mən onların heç birinə getməyəcəyəm. Bu, mənlik deyil. Mən ölkə rəhbəri vəzifəsindən gedirəm. “Küçə hərəkatı” mənim bu postda qalmağıma qarşıdır və mən xalqın tələbini yerinə yetirirəm. Ölkəmizə sülh, harmoniya və sağlam məntiq arzulayıram”. Bu bəyanat “Respublika” meydanına toplaşan on minlərlə insan tərəfindən alqışlarla qarşılandı. Sarkisyanla bərabər onun rəhbərlik etdiyi hökumət də istefaya getdi və prezident bunu qəbul etdi. Eyni zamanda, saxlanılmış müxalif deputatlar, o cümlədən N.Paşinyan azadlığa buraxıldılar. Hökumət başçısının səlahiyyətlərini müvəqqəti olaraq baş nazirin birinci müavini Karen Karapetyan icra etməyə başladı. Beləliklə, proseslər Ermənistan həlledici mərhələyə qədəm qoydu. Mayın 8-də parlamentdə keçirilən səsvermə nəticəsində Paşinyan baş nazir seçildi. Onun namizədliyini 59 deputat dəstəklədi, 42-si isə əleyhinə səs verdi.

***

İndi isə Paşinyan katolikos II Qaregini eyni qaydada istefaya məcbur edəcəklərini deyir. Onun Sarkisyanla II Qaregin arasında paralel aparması xüsusilə diqqətçəkəndir. Sarkisyan dünyəvi hakimiyyətin başında dayanırdı və küçədən təzyiq, legitimlik çatışmazlığı və daxili elitanın parçalanması nəticəsində istefaya məcbur olmuşdu. Paşinyan indi eyni modeli kilsə üzərinə transfer etməyə çalışır. Onun məntiqinə görə, kilsə də cəmiyyətdən qopmuş, korrupsiyalaşmış, siyasi proseslərə müdaxilə edən və köhnə sistemlə eyni tərəfdə dayanan institutdur. Bu baxımdan katolikosun istefası Paşinyan üçün yalnız dini məsələ deyil, “inqilabın yarımçıq qalmış hissəsinin tamamlanması” anlamı daşıyır.

Lakin burada ciddi fərqlər var. Əvvəla, Erməni Apostol Kilsəsi sıradan bir qurum deyil. Kilsə hayların öz təbirincə desək, erməni kimliyinin, tarixi yaddaşın və diaspor əlaqələrinin mərkəzi sütunlarından biridir. Sarkisyan siyasi fiqur idi və onun hakimiyyəti seçkilər, parlament çoxluğu və küçə dəstəyi kimi mexanizmlərlə ölçülürdü. II Qaregin isə kanonik qaydalarla seçilmiş dini liderdir və onun legitimliyi küçə aksiyalarından daha çox dini iyerarxiya və kilsədaxili konsensusla müəyyən olunur. Bu isə Paşinyanın manevr imkanlarını məhdudlaşdırır.

Lakin Paşinyanın əlində güclü bir arqument var: kilsənin siyasi proseslərdə açıq və ya gizli şəkildə revanşist düşərgə ilə eyni mövqedə dayanması. Baş nazir bu mövzunu ictimai müzakirəyə çıxararaq katolikosun “müqəddəs toxunulmazlıq” statusunu sarsıtmağa çalışır. Əgər Paşinyan cəmiyyətin əhəmiyyətli hissəsini kilsə rəhbərliyinin legitimliyinə şübhə ilə yanaşmağa inandıra bilsə, II Qareginin mövqeyi ciddi şəkildə zəifləyə bilər. Bununla belə, Qaregini Sarkisyan kimi istefaya məcbur etmək daha çətin və risklidir. Kilsəyə qarşı açıq təzyiq Paşinyanın öz elektoratında belə narazılıq yarada, onu “dəyərlərə qarşı çıxan lider” obrazında təqdim edə bilər. Üstəlik, diaspor və xarici kilsə strukturlarının reaksiyası da prosesə təsirsiz ötüşməyəcək.

Nəticə etibarilə, Paşinyan II Qaregini istefaya məcbur etmək istəyində qətiyyətlidir, lakin bu proses Sarkisyan ssenarisi qədər sürətli və ağrısız olmayacaq. Ən real variant katolikosun birbaşa təzyiq altında yox, kilsədaxili kompromis və ya “könüllü istefa” görüntüsü ilə səhnədən çəkilməsi ola bilər.

Səxavət HƏMİD
XQ

Siyasət