II məqalə
Sülh şəraitinin geosiyasi dəyəri
Azərbaycan Prezidentinin “biz sülh şəraitində yaşamağı öyrənməliyik” tezisinin məzmun və məqsəd baxımından mühüm tarixi əhəmiyyətə malik olduğunu hər kəsin dərk etməsinin zəruriliyinə tam əminik. Hətta bu tezisin XXI əsr Azərbaycan dövlətçiliyinin identikliyi kontekstində ana müddəa olduğu fikrini irəli sürürük. Getdikcə anlaşılacaq ki, İlham Əliyev bir müsahibə ilə müstəqil dövlətçilik fəlsəfəsinin yeni mərhələsini başlatmışdır. Biz bu iddiamızın tam əsaslı olduğunu sübut edəcəyik.
Məsələ onunla bağlıdır ki, “sülh şəraitində yaşamağı öyrənmək” konseptual səviyyədə yalnız Azərbaycana aid deyildir – müasir dünyada hər bir dövlətin adekvat dərk etməli olduğu başlıca konseptdir. Bəli, məhz “konsept”!
Çünki özünü güclü və demokratik sayan dövlətlər belə, dünya siyasətini o dərəcədə təbiiliyi və fəzilətliliyindən çıxarmışlar, yenidən konseptual səviyyədə “sülh şəraitində yaşamaq nə deməkdir?” sualına cavab axtarışları ön sıraya çıxmışdır. Bunu praktikada dünyanın bütün regionlarında özünü göstərən geosiyasi proseslərin ziddiyyətliliyi, təzadları və məntiqsizliyi təsdiq edir.
Xüsusilə Avrasiyada və Uzaq Şərqdə elə hadisələr baş verir ki, “sülh”ün anlayış kimi nə demək olduğunu müəyyən etmək imkansız hala gəlir. Obrazlı desək, “sülhün məzmununun anatomiyası pozulmuşdur”! Azərbaycan Prezidenti məsələni dahiyanə şəkildə birbaşa Cənubi Qafqazın lideri olan Azərbaycan nümunəsinə gətirməklə çox kreativ addım atmışdır. Özü də bunu diplomatik müzakirədə deyil, milyonların canlı dinləyə biləcəyi ünsiyyət formasında etmişdir.
Bununla liderlik nümunəsinə tarixi bir yenilik edilmiş oldu – müstəqil dövlətin başçısı dünya üçün fövqəladə aktual olan, insanlığın ekzistensial mövcudluq fəlsəfəsinin ana müddəasını təşkil edən dinc – yanaşı yaşamanın, yəni sülhün ölkədaxili şərtləri ilə beynəlxalq səviyyədə özəllikləri arasında nisbətin müəyyən edilməsi gərəkliyini ortaya qoymuşdur! Bu ilkin nəzəri-fəlsəfi və politoloji izah aspektləri çoxdur. Həmin bağlılıqda müsahibədə yer almış bir çox vacib kontekstə baxaq.
Müharibənin mərhələləri
Azərbaycan lideri müsahibəsində vurğulayır: “Müharibənin müxtəlif mərhələləri olub. Siz də bunu yaxşı xatırlayırsınız. Həm müharibənin fəal mərhələsi, atəşkəs mərhələsi, İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı, ondan sonrakı dövr və bütün bu hadisələrə keçən ilin avqustunda son qoyuldu. Yəni Azərbaycan döyüş meydanında əldə etdiyi parlaq Qələbəyə siyasi müstəvidə və qeyd etdiyim kimi, dünyanın bir nömrəli ofisində siyasi möhür vurdu”.
Bu qısa fraqmentdə konseptual təsnifləşdirmə siyasi və geosiyasi kontekstdə ümumiləşdirmə ilə vəhdətdə təqdim edilmişdir. Təsnifləşdirmə Azərbaycanın XXI əsrdəki Vətən müharibəsinin tarixi-xronoloji aspektinə aiddir.
Birinci, müharibənin fəal mərhələsi.
İkinci, atəşkəs mərhələsi.
Üçüncü, İkinci Qarabağ müharibəsi.
Dördüncü, antiterror əməliyyatı.
Beşinci, ondan sonrakı dövr, yəni postmüharibə mərhələsi.
Fəlsəfi baxımdan bu mükəmməl təsnifin 3 mühüm məqamını müəyyən etmək olar. Birinci məqam ondan ibarətdir ki, Azərbaycan Prezidenti Ermənistanın təcavüzünə bir dövlətin qonşusuna adi aqressiyası kimi deyil, xüsusi siyasi və geosiyasi anlamı olan ümumtarixi kontekstdə qiymət verir. Elə bu özəllik dövlətçiliyimiz prizmasında olduqca əhəmiyyətlidir. Çünki bu təsnifin işığında həm müasir mərhələdə müstəqil dövlət quruculuğumuzun fəlsəfi və siyasi-politoloji cəhətlərini tarixi Zaman kontekstində adekvat dərk etmək imkanı yaranır, həm də o, XXI əsrdə dövlətçiliyin perspektivli inkişafı üçün lazımi mövqe formalaşdırmağa istiqamətləndirir (nəzəri-konseptual düşüncənin praktiki fəaliyyətlə sintezinə fokuslandırır).
Vurğuladığımız iki aspektin vəhdəti ifadəsini təsnifin xronoloji təqdimatında tapmışdır: fəal mərhələ, atəşkəs mərhələsi, İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı və ondan sonrakı dövr. Azərbaycan Prezidenti məsələyə sırf dövlətçilik kontekstində yanaşır. Burada şəxsi maraq yox dərəcəsindədir, çünki olsaydı, memarı olduğu II Qarabağ müharibəsindəki Zəfəri önə çəkərdi. Bu da məsələnin çox mühüm tərəfidir.
Deməli, Ermənistanın XX əsrin son onilliyində təcavüzünə əsrlər öncə başlayan və Azərbaycan dövlətçiliyinə qərəzli yanaşma ilə xarakterizə olunan proseslərin məntiqi nəticəsi fonunda baxmalıyıq. Belə bir yanaşma sırf dövlətçilik kontekstinə uyğundur.
Belə alınır ki, Azərbaycan lideri bizləri və bütün dünyanı Ermənistanın haqlı və güclü (belə təsəvvür yaratmağa çalışırdılar) olması səbəbindən deyil, əsrlər öncə dünyanın imperialist dairələrinin başladığı anti-Azərbaycan siyasətinin gerçək məzmunu, mahiyyəti və strateji məqsədləri kontekstində yanaşmağa dəvət edir və səsləyir.
Möhtəşəm və dövlətçilik baxımında çox ciddi konseptual dönüşdür! Onun işığında Azərbaycan tarixinin təhriflərini anlamağa və adekvat konsepsiya yaratmağa geniş imkanlar açılır. Etiraf edək ki, bu prosesdə Azərbaycan elmi dairəsi təşəbbüsü ələ almalıdır. Onun istiqamətverici strategiyası da AMEA-nın yeniləşmə kursu çərçivəsində hazırlanmış strateji konsepsiya və “Yol Xəritəsi”ndə mövcuddur.
Müharibənin mərhələlərinin İlham Əliyev modelinin gələcək aspektində nəzəri-konseptual və motivəedici gücü də aydın görünür. Onun bir əlaməti Prezidentin mərhələlərin sonucu kimi xüsusi vurğuladığı “bütün bu hadisələrə keçən ilin avqustunda son qoyuldu” tezisindədir. Həmin fikrin üzərində bir qədər geniş dayanaq.
Müharibəyə son, sülhə yön!
Prezident İlham Əliyev müharibəyə son qoyulmasını birbaşa sülhə yolun açılması ilə bağlayır. Yəni Azərbaycan lideri sadəcə hərbi toqquşmaların başa çatdığını vurğulamır. Dövlət olaraq Azərbaycanın əsas məqsədinin regiona qalıcı (yəni davamlı) sülh qazandırmasından ibarət olduğunu ifadə edir. Məhz bu kontekst milli, regional və qlobal miqyasda İlham Əliyevin yeni liderlik nümunəsinin başlıca təmsilçisi olduğunu sübut edir.
Azərbaycan Respublikasının dövlət başçısı məharətlə və tam ədalətli, sivil formada ölkənin daxili sülh şərtləri ilə regional və qlobal miqyasların sülh şərtləri arasında vəhdət yaradılmasının nəticəverici konseptini təqdim edir. Bu bağlılıqda müsahibədəki başqa fraqmentə nəzər salaq.
Ölkə rəhbəri müsahibəsində vurğulayır: “Bu, təbii ki, müstəqillik tariximizdə yaddaqalan hadisələrdən biri olacaq, bəlkə də birincilər sırasında olacaq. Bu nöqteyi-nəzərdən keçən ili ölkəmiz üçün, xalqımız üçün çox uğurlu və tarixi il saymaq olar və əminəm ki, bundan sonra Azərbaycan xalqı sülh şəraitində yaşayacaq. Biz artıq cəmi beş ay bu şəraitdə yaşamağımıza baxmayaraq, bunun bəhrəsini görürük - həm siyasi, həm iqtisadi müstəvidə. Cəmiyyətdə mövcud olan xoş əhvali-ruhiyyə, sabitliyə və təhlükəsizliyə olan inamın artması, bütün bu amillər, əlbəttə, bizə imkan verir ki, uğurla irəliyə addımlayaq və ölkə qarşısında duran bütün vəzifələri bundan sonra da həll edək”.
Aydın görünür ki, Azərbaycan lideri müharibə mərhələlərini artıq keçmiş hesab edir və dövlətçilikdə yanlışlığa yol verməmək üçün onu daha yaxşı dərk etməyin gərəkli olduğuna işarə verir. Bunun fonunda isə postmüharibə mərhələsinin Azərbaycan Respublikası üçün sülhyaradıcı dönəm olması anlamını gündəmə gətirir. İdeya olaraq bu tezisin vacibliyi və töhfəverici olduğunu önə çəkir. Vurğulanan fikirlərin əsasında növbəti fəlsəfi ümumiləşdirmə aparmaq çətin deyildir.
Sülh Azərbaycan dövlətinin tarixi nailiyyətidir
Prezidentin yuxarıda vurğuladığımız fikirləri 2025-ci ilin tarixi olmasının mühüm aspektləridir. Diqqət etsək, görərik ki, onların hər biri Azərbaycanın dövlət kimi daxili mahiyyətindən qaynaqlanan faktorlardır. İlham Əliyev onları başqa bir maraqlı parametrlə tamamlayır və onu da 2025-ci ili tarixi edən faktor kimi təqdim edir. Prezident müsahibəsində deyir: “Azərbaycan-Amerika münasibətlərinin kontekstində də 2025-ci il tarixi il sayıla bilər. Çünki sirr deyil ki, Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra Amerika-Azərbaycan əlaqələrinin üzərində bir qara bulud kimi mənfur 907-ci düzəliş, necə deyərlər, fırlanırdı və Azərbaycan gənc, müstəqil ölkə olmasına baxmayaraq, Amerika kimi dünya miqyasında bir nömrəli dövlətlə lazımi səviyyədə münasibətlər qura bilməmişdi - Amerikadakı anti-Azərbaycan qüvvələrin fəaliyyəti, erməni lobbisinin fəaliyyəti nəticəsində. Azərbaycan tərəfindən belə cəhdlər dəfələrlə göstərilmişdir. Müəyyən mərhələlərdə münasibətlər müsbət istiqamətdə inkişaf edirdi. Ancaq mövcud məhdudiyyətlər, xüsusilə Ermənistan-Azərbaycan müharibəsinin davam etməsi Amerikadakı söz sahiblərinə imkan vermirdi ki, Azərbaycanla genişmiqyaslı münasibətlər qurulsun”.
Deməli, ABŞ ilə münasibətlər birbaşa Azərbaycanın Vətən müharibəsində qələbəsi əsasında tarixi faktor olmuşdur. Prezident İlham Əliyevin ABŞ ilə əlaqələrin müsbət məcrada qurulmasının təməlini Azərbaycan dövlətinin çətin savaşda qalibiyyəti ilə əlaqələndirməsi tamamilə yerindədir. Bu o deməkdir ki, indi iki dövlət arasında münasibətlrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi birbaşa Azərbaycanın güclənməsi və onun əlaməti kimi Vətən müharibəsində möhtəşəm qələbəsi sayəsindədir. Bu baxımdan “907-ci düzəliş” kimi bədnam sənədin meydana çıxmasına səbəb olan bütün problemlərin aradan qaldırılması və tamamilə fərqli durumun yaranması xüsusi qeyd edilməlidir.
İlham Əliyev də həmin kontekstdə müsahibədə fikirlərinə davam edərək deyir: “Artıq bu məhdudiyyət də yoxdur və bunun təbii ki, iki əsas səbəbi var: birincisi, Ermənistan-Azərbaycan müharibəsinin rəsmən sona çatması, ikincisi, Amerikada Prezident Tramp administrasiyasının hakimiyyətdə olması. Bu administrasiya çox praqmatik, çox peşəkar və Amerikanın milli maraqlarının nə olduğunu çox yaxşı bilən üzvlərdən ibarətdir, Prezident başda olmaq şərti ilə”.
Azərbaycan lideri baxılan məsələni yuxarıda qeyd etiyimiz mühüm xüsusiyyətlərlə məhdudlaşdırmır. Əksinə, onların əsasında bizim üçün əhəmiyyəti böyük olan yeni bir qənaətini ictimaiyyətlə bölüşür.
Azərbaycan – bölgənin nüfuzlu ölkəsi
Bu identiklik müasir Azərbaycan dövlətçiliyi üçün olduqca əhəmiyyətli məsələdir. Çünki son 300 ildə ilk dəfədir ki, Azərbaycan müstəqil dövlət kimi mahiyyətinə və dövlət identikliyinə uyğun nüfuz sahibi olur. Bununla bağlı Azərbaycan Prezidentinin müsahibəsindəki aşağıdakı fikri vurğulamaq lazımdır. Dövlət başçısı İlham Əliyev müsahibəsində ayrıca ifadə etmişdir: “Təbii ki, Azərbaycan kimi bölgədə güclü potensialı və nüfuz dairəsi olan ölkə ilə əməkdaşlıq Amerika Birləşmiş Ştatları üçün də önəmlidir. Bizim üçün də. Ona görə bu nöqteyi-nəzərdən keçən il də dönüş ili sayıla bilər”.
Deməli, Azərbaycanın XXI əsrdə müstəqil dövlət olaraq nüfuz dairəsinə malik olması, birincisi, onun sülhsevərliyinin beynəlxalq etirafıdır, ikincisi, Azərbaycanda dövlətçilik ənənəsinin sivilliyinin göstəricisi və inklüzivliyidir, üçüncüsü, dünyanın ən qüdrətli dövləti belə Azərbaycanın güclü dövlətçilik potensialını qəbul etmişdir və faktiki onu Bakının regional nüfuzunun başlıca motivəedici faktoru sayır. Bu tezisimiz Azərbaycanın dövlət başçısının vurğulanan müsahibədə ifadə etdiyi aşağıdakı fikirlərin işığında əsaslı görünür.
Ölkə rəhbəri demişdir: “Ağ Evdə Prezident Tramp mənim orada iştirakımla keçirilən mərasimdə 907-ci düzəlişə son qoydu, bunu aradan qaldırdı. Halbuki hələ Konqres bunu rəsmən aradan qaldırmalıdır. Amma xüsusilə mənim iştirakımla Prezident tərəfindən atılan bu addım, təbii ki, rəmzi məna daşıyır. Bundan başqa, Amerika ilə Azərbaycan arasında strateji işçi qrupunun yaradılması sənədi imzalanmışdır. Bu işçi qrupunun əsas fəaliyyəti strateji tərəfdaşlıq xartiyasını hazırlamaqdır və artıq bu istiqamətdə də fəal iş başlamışdır. Təbii ki, uzun illər arzuladığımız”.
Məlumdur ki, hər bir ölkənin başçısı beynəlxalq miqyasda dövlətin identikliyinin təmsilçisidir. Yəni dövlətin başçısına olan münasibət faktiki olaraq ölkəyə, onun nüfuzuna, statusuna və potensial imkanlarına verilən qiymətdir. Bu anlamda Azərbaycan liderinin birbaşa iştirakı ilə ABŞ prezidenti D.Trampın “907-ci düzəlişi” aradan qaldırması tarixi rəmzi hadisədir. Azərbaycan Prezidentinə olan inamdır, etibardır və onun liderliyini qəbul etməkdir.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

