Azərbaycan–Ermənistan münasibətlərində müşahidə olunan son proseslər göstərir ki, region tədricən yeni siyasi və iqtisadi reallıqlara uyğunlaşır. Uzun illər qarşıdurma, etimadsızlıq və qapalı kommunikasiya xətləri ilə xarakterizə olunan münasibətlər indi fərqli məzmun kəsb edir. Bu dəyişikliklərin əsas xüsusiyyəti ondan ibarətdir ki, tərəflər arasında təmaslar artıq diplomatik bəyanatlarla məhdudlaşmır, real iqtisadi əməkdaşlıq elementləri ilə müşayiət olunur. Bu baxımdan, Azərbaycanın Ermənistanın yanacaq bazarına daxil olması Cənubi Qafqazda formalaşan yeni mərhələnin aydın göstəricisidir.
Ötən bazar günü Bakıdan Ermənistana Aİ-92 markalı avtomobil yanacağı yüklənmiş 18 vaqondan ibarət qatarın yola salınması məhz yeni reallığın növbəti təsdiqidir. Bundan əvvəl də iki dəfə neft məhsulları ilə dolu sisternlərin göndərilməsi baş tutub. Yəni proses epizodik deyil, davamlı xarakter daşıyır.
Onu da qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ermənistan bazarına benzin və dizel yanacağı tədarükündə hər hansı siyasi şərt və ya məcburetmə mexanizmi yoxdur. Əksinə, bu addım regional əməkdaşlığın iqtisadi əsaslarının formalaşmasına xidmət edir və bazar qanunlarına uyğun şəkildə həyata keçirilir. Ermənistanın mövcud yanacaq təminatı isə bu əməkdaşlığı aktuallaşdrır. Çünki ölkənin bu sahədə təminatı, əsasən, Rusiyadan asılıdır. 2024-cü ildə bu ölkədən 489 min ton neft məhsulu idxal edilib ki, bu, ümumi bazarın 61 faizindən çoxunu təşkil edir. Bu qədər böyük pay isə monopol mühit formalaşdırır. Lakin Rusiyanın Ukrayna ilə müharibə şəraitində üzləşdiyi problemlər, bəzi neft emalı zavodlarının sıradan çıxması və sanksiyalar səbəbindən texnoloji avadanlıq təminatında yaranan çətinliklər getdikcə vəziyyəti dəyişir.
Bundan əlavə, Rusiyadan Ermənistana neft məhsullarının əsasən Gürcüstan üzərindən daşınması logistika baxımından da çətinliklər yaradır. Uzun marşrut, yüksək tranzit rüsumları, əlavə nəqliyyat xərcləri yanacağın maya dəyərini artırır. Bu isə Ermənistan bazarında qiymətlərin süni şəkildə bahalaşmasına, əhali və biznes üçün əlavə maliyyə yükünün formalaşmasına səbəb olur. Digər tərəfdən, asılılıq tədarük zəncirində yaranan hər hansı gecikməni və ya siyasi-iqtisadi riski dərhal daxili bazara ötürür. Nəticədə, yanacağın qiymətləri tez-tez dəyişir, bazarda qeyri-sabitlik yaranır və bu, ümumi iqtisadi mühitə mənfi təsir göstərir.
* * *
Xatırladaq ki, Ermənistan yanacaq ehtiyacının müəyyən hissəsini İran, Bolqarıstan, Yunanıstan və Malta kimi ölkələrdən də təmin edir. Lakin bu mənbələrin heç biri uzunmüddətli və etibarlı alternativ deyil. İrandan idxal olunan neft məhsulları keyfiyyət baxımından problemlidir, çünki ölkədəki neft emalı zavodları Avro-5 standartlarına cavab vermir. Üstəlik, İranın özündə yaşanan enerji böhranı və mövsümi tələbat artımı ixrac imkanlarını məhdudlaşdırır. Avropa ölkələrindən idxal isə məsafənin uzaqlığı və mürəkkəb nəqliyyat marşrutları səbəbindən yüksək xərclərlə müşayiət olunur və qiymətlərin enməsinə imkan vermir.
Belə bir mənzərə fonunda Azərbaycanın Ermənistan bazarına daxil olması iqtisadi baxımdan məntiqli və rasional seçim kimi ön plana çıxır. Coğrafi yaxınlıq, mövcud dəmir yolu və logistika infrastrukturu, eləcə də rəqabətqabiliyyətli qiymətlər Ermənistan üçün daha əlverişli şərait yaradır. Bu amil artıq rəsmi İrəvan tərəfindən də açıq şəkildə etiraf olunur. Bildirilir ki, Azərbaycandan idxal olunan yanacaq ölkə iqtisadiyyatına milyonlarla dollar qənaət etmək imkanı verir.
Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının deputatı Xaçatur Sukiasyanın səsləndirdiyi fikirlər bunu təsdiqləyir. Deputatın sözlərinə görə, Azərbaycandan idxal olunan benzin və digər neft məhsulları Ermənistan iqtisadiyyatı üçün ciddi maliyyə üstünlükləri yaradır və ölkəyə milyonlarla ABŞ dolları həcmində vəsaitə qənaət etmək imkanı verir. Sukiasyan onu da vurğulayıb ki, logistika və nəqliyyat xərclərinin azalması hesabına əldə olunan vəsait Ermənistan iqtisadiyyatının digər sahələrinin inkişafına yönəldilə bilər. Onun fikrincə, enerji daşıyıcılarının daha yaxın mənbələrdən alınması ölkənin iqtisadi dayanıqlığını artırmaqla yanaşı, uzun illər blokada şəraitinin yaratdığı əlavə maliyyə yükünü də azaldır.
Deputat Azərbaycan yanacağının satışından əldə edilən vəsaitlərin silahlanmaya yönəldilməsi ilə bağlı səsləndirilən iddiaları kəskin şəkildə təkzib edib. Bu cür fikirləri “cahil yanaşma” adlandıran Sukiasyan bildirib ki, iqtisadi münasibətlər və silah istehsalı tamamilə fərqli mexanizmlər üzərində qurulub. Onun sözlərinə görə, müasir iqtisadiyyatda ayrı-ayrı ticarət əməliyyatlarını birbaşa hərbi xərclərlə əlaqələndirmək nə maliyyə məntiqinə, nə də real dövlət idarəçiliyi praktikasına uyğundur. Sukiasyan ailəsinə məxsus şirkətin Azərbaycan benzini idxal etməsi və bu yanacağın yanacaqdoldurma məntəqələrində satılması ilə bağlı irəli sürülən ittihamlara da münasibət bildirib. O qeyd edib ki, Ermənistan son 30 il ərzində daim müxtəlif ölkələrdən neft məhsulları idxal edib və bu sahədə alternativlərin olması normal iqtisadi prosesdir.
Ermənistanın hakim siyasi dairələrindən səslənən bu mövqe göstərir ki, Azərbaycan yanacağının idxalı təkcə regional əməkdaşlıq kontekstində deyil, eyni zamanda, Ermənistanın öz daxili iqtisadi maraqları baxımından zəruri addımdır.
Mövzu ilə bağlı politoloq Cəsarət Hüseynzadə XQ-yə bildirdi ki, Azərbaycanın Ermənistanın yanacaq bazarındakı payının artması bazar mexanizmlərinin məntiqi nəticəsidir: “Ermənistan öz iqtisadi maraqlarından çıxış edərək daha ucuz, əlçatan və dayanıqlı mənbəyə üstünlük verir. Bu onu göstərir ki, müharibədən sonrakı mərhələdə iqtisadi rasionalizm getdikcə ön plana çıxır. Tarixi təcrübə sübut edir ki, iqtisadi qarşılıqlı asılılıq münaqişə risklərini azaldan əsas amillərdən biridir. Bir-birinin bazarına daxil olan, ticarət əlaqələri formalaşdıran ölkələr üçün gərginliyin dərinləşdirilməsi həm iqtisadi, həm də sosial baxımdan ciddi itkilər deməkdir. Azərbaycanın bu istiqamətdə atdığı addımlar regionda sabitlik, qarşılıqlı fayda və əməkdaşlıq üçün real zəmin yaradır. Azərbaycanın hərbi potensialının gücləndirilməsi ilə bağlı səsləndirilən iddialar da reallıqdan uzaqdır. Bu iddialar daha çox emosional və siyasi manipulyasiya xarakteri daşıyır, real iqtisadi məntiqə söykənmir. Ermənistan bazarına ixrac edilən yanacağın həcmi böyük deyil və hər hansı fundamental dəyişiklik yaratmır”.
Politoloq onu da qeyd etdi ki, müasir dövlətlərin hərbi xərcləri və silahlanma proqramları birdəfəlik və ya konkret bir ticarət əməliyyatından əldə olunan gəlirlərlə müəyyən olunmur: “Müdafiə büdcələri uzunmüddətli planlaşdırma, strateji təhlükəsizlik qiymətləndirmələri və dövlətin ümumi maliyyə imkanları əsasında formalaşır. Azərbaycanın müdafiə siyasəti də şəffaf büdcə mexanizmləri çərçivəsində həyata keçirilir və bu sahəyə ayrılan vəsaitlər illər öncədən təsdiqlənmiş proqramlara əsaslanır. Bu mənada, bir neçə min ton benzin satışından əldə olunan gəlirin silahlanmaya yönəldilməsi ilə bağlı iddialar həm iqtisadi, həm də siyasi baxımdan əsassızdır”.
Beləliklə, Azərbaycanın Ermənistanın yanacaq bazarında payının formalaşması həm də siyasi reallığın təzahürüdür. Bu proses regionda sülhün möhkəmlənməsi üçün real zəmin yaradır, populist və emosional iddiaların əksinə olaraq, praqmatik əməkdaşlığın alternativsiz olduğunu ortaya qoyur.
Pünhan ƏFƏNDİYEV
XQ


