20 Yanvar: siyasi-hüquqi qiymət və tarixi yaddaş

post-img

1990-cı il, 20 yanvar...

Bu tarixi Azərbaycan vətəndaşları unutmayacaqlar. Yanvar ayının 19-dan 20-ə keçən gecə sovet əsgərləri Bakını qana boyadılar. Rəsmi məlumata görə, 131 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı və yüzlərlə insan həbs edildi. Bu, həmin dövrdə sovet ordusunun SSRİ-yə daxil olan respublikalarda yaratdığı ən iri miqyaslı və amansız qırğın idi. Hadisə həm fəlakət, qırğın, qətliam, faciə, həm də azadlıqsevər xalqın mücadilə nümunələrindən biri idi. Silahsız Azərbaycan vətəndaşları özlərini vəhşiləşmiş sovet əsgərlərinin üstünə atır, hətta bir sıra gənclərimiz özünü tank altına ataraq şəhid olurdular. Müəyyən hallarda hərbiçilər ziyalıları, qadınları, uşaqları və gəncləri heç bir səbəb olmadan məhv edirdilər. Sumqayıta gedən yolda salonunda 4 Azərbaycan aliminin olduğu minik avtomobilinin üstündən tankın keçməsi bunun çox ağrılı və faciəvi nümunəsidir.

20 Yanvarla bağlı çox yazılıb və təhlillər aparılmışdır. Bu proses uzun illər davam edəcəkdir. Azərbaycan xalqının yaddaşından isə 20 Yanvar hadisəsi silinməyəcəkdir. Bununla yanaşı, ölkə üçün ən böhranlı zamanda siyasi liderlərin atdıqları addımların təhlili də çox önəmlidir. Çünki məhz belə anlarda kimin kim olduğu aydınlaşır. Ölkə, xalq və dövlət üçün taleyüklü hadisələrə siyasi liderlərin verdikləri reaksiya və qiymət bir sıra hallarda həlledici olur. Bütöv xalqın taleyini dəyişdirir. Bu prizmada 20 yanvar 1990-cı ilə bir daha nəzərə salmağa ehtiyac vardır.

Moskva: 21 yanvar 1990-cı il

Etiraf edək ki, həmin dövrdə Azərbaycanda hakimiyyətdə olanlar yalançı beynəlmiləlçilik və imperiyaya köləlik təfəkküründən azad olmamışdılar. Onlar müxtəlif bəhanələrlə yanvar ayının 19-dan 20-nə keçən gecə sovet əsgərlərinin Bakıda törətdikləri qətliamlara süni “don geyindirməyə” çalışır və əsasən xalqı günahkar çıxarmaq istəyirdilər. Siyasi müxlifətin bir sıra səhvlərini və ölçülüb-biçilməmiş addımlarını bütövlükdə Azərbacyan cəmiyyətinin boynuna qoymaq cəhdləri hiss edilirdi. Bir sözlə, 1990-cı ilin yanvarında Azərbaycan SSR hakimiyyəti xalqın yanında deyildi.

O dövrdə Moskvada olan Heydər Əliyev isə 1990-cı il yanvarın 21-də Azərbaycan SSR-in oradakı nümayəndəliyinin binasına gələrək çox sərt, lakin ədalətli bəyanat verdi. Ulu öndər hadisəni “cinayət” kimi qiymətləndirmiş və onu törədənləri kəskin şəkildə tənqid etmişdir. Onu hüquqa tam zidd hadisə olaraq qiymətləndirmişdir.

Burada siyasi liderlikdə əhəmiyyəti olan bir məqamı vurğulamaq yerinə düşərdi. 1989-cu ildən başlayaraq bütövlükdə SSRİ ərazisində respublikalarda etirazlar baş verirdi. 1989-cu il aprelin 9-da Tbilisidə etirazçılara qarşı hərbi güc tətbiq edilmişdi və 21 nəfər həlak olmuş, 290 adam isə xəsarət almışdı. 1991-ci ilin 11-13 yanvarında isə Vilnüsdə xüsusi təyinatlılar hərbi güc tətbiq edərək 10-dan çox insanı qətlə yetirmişdilər. Çoxlu sayda dinc sakin xəsarət almışdı. Lakin onların heç birindəki qətliamın miqyası Bakıda olan səviyyədə deyildi.

Bundan başqa, Azərbaycan vətəndaşlarına qarşı olan amansızlıq və güzəştsizlik, antihumanist davranış başqa heç bir yerdə müşahidə edilmirdi. Özü də bu hadisələr Ermənistanın fürsətdən istifadə edərək Azərbaycana təcavüzünü daha da genişləndirməsi fonunda baş verirdi.

Bəs həmin dövrdə SSRİ respublikalarında siyasi fəaliyyətlə məşğul olan şəxslər baş verənlərə necə reaksiya verirdilər? Onlardan heç biri Heydər Əliyev qətiyyəti, cəsarəti və milli maraqlara uyğun davranmağı nümayiş etdirmədi. Baltikyanı respublikaların fəaliyyətlərinin öz məntiqi vardı və orada əsas olaraq Avropa siyasi konyukturasına görə davranırdılar. Həmin respublikalar üçün liderin siyasi iradəsindən çox Qərbdən alınan təlimatlara uyğun Moskvaya qarşı çıxmaq xətti seçilmişdi və o da uğurlu oldu.

Cənubi Qafqazda isə vəziyyət tamamilə fərqli idi. Burada Azərbaycana qarşı xüsusi amansızlıq, Gürcüstana qarşı sərt mövqe, Ermənistana qarşı isə böyük loyallıq vardı. Ermənistan hətta eyni bir dövlətin tərkibində olduğu qonşusuna hərbi təcavüz edirdi, lakin ona qarşı Moskva heç bir addım atmırdı. Sözdə siyasətçilər əhəmiyyətsiz bəyanatlar verirdilər. Ancaq praktiki olaraq ermənilərə heç bir məhdudiyyət qoyulmurdu.

Liderin cəsarəti və milli maraqlara sadiqliyi

Həmin dövrdə Eduard Şevardnadze SSRİ-nin xarici işlər naziri idi. Tbilisi hadisələrinə bir qədər loyal münasibət göstərdi. Hətta siyasi müxalifəti qınayan bəyanat verdi. Bir sözlə, gürcü cəmiyyətinin maraqları naminə postundan imtina etmədi. O yalnız 1990-cı il dekabrın 20-də SSRİ-nin xarici işlər naziri postundan istefa verdi. Yəni Tbilisi hadisələrindən 1 il 8 ay sonra!

Əlbəttə, bizim E.Şevardnadzeni qınamaq fikrimiz yoxdur. Lakin faktlar göstərir ki, Heydər Əliyev qətiyyəti başqa kimsədə olmamışdır. Özü də Azərbaycan üçün olduqca çətin və mürəkkəb bir dönəmdə Ulu öndər siyasi qətiyyət və millilik nümayiş etdirmişdir! Bu, liderin tarixi seçimi idi!

Belə ki, Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 21 noyabr 1990-cı il tarixli qərarı ilə 20 Yanvar faciəsinə ilk siyasi qiymət verdi. Həmin qərarda yazılmışdır: “Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə və sonrakı günlərdə Bakıda baş vermiş hadisələrə münasibətini bildirərək qeyd edir ki, sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri, hərbi dəniz donanmasının və daxili qoşunların bölmələri Bakı şəhərini işğal etmiş, dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törədərək silahlı təcavüz göstərmişlər.

Bununla SSRİ Konstitusiyasının 119-cu maddəsinin 14-cü bəndinin tələbləri kobudcasına pozulmuş və Azərbaycan SSR-in suveren hüquqlarına açıq-aşkar qəsd edilmişdir.

Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədi daşıyan bu işğalçı hərəkət nəticəsində görünməmiş vəhşiliklərə yol verilmiş, günahsız insanlar, o cümlədən uşaqlar, qocalar, qadınlar qətlə yetirilmiş, yüzlərlə adam yaralanmışdır”.

Qərarda günahkarların isimləri də göstərilmişdir. Bütün bunları nəzərə alaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı il 20 Ynvar hadisəsinə aşağıdakı kimi qiymət vermişdir:

“1. 1990-cı ilin yanvar ayında Bakı şəhərində törədilmiş qanlı hadisələr Azərbaycan SSR-in suveren hüquqlarına, respublikada gedən demokratik proseslərə qəsd kimi qiymətləndirilsin.

2. Dinc əhaliyə, silahsız kütləyə, heç bir müqavimət göstərməyən günahsız adamlara qarşı müasir silahlarla, hərbi texnika ilə zorakılıq edilməsi, qocaların, qadınların, uşaqların qətlə yetirilməsi Azərbaycan xalqına qarşı açıq təcavüz kimi ittiham edilsin.

3. Bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, Bakı faciələrinə Azərbaycan SSR Ali hakimiyyət orqanları tərəfindən siyasi qiymət verilməməsi, bununla əlaqədar yaradılmış xüsusi deputat komissiyasının işinin qeyri-müəyyən səbəblərdən başa çatdırılmaması, qanlı hadisələrin günahkarlarının aşkara çıxarılıb qanuni məsuliyyətə verilməməsinə qəti etiraz olunsun. Azərbaycan SSR Ali Sovetindən tələb edilsin ki, ən qısa müddətdə həmin məsələni parlamentin müzakirəsinə çıxarsın.

4. Bu qərar qəbul edilən andan 20 Yanvar günü hər il Naxçıvan Muxtar Respublikasında milli matəm günü kimi qeyd edilsin.

5. Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin ki, 20 Yanvar günü hər il Azərbaycan SSR-də milli matəm günü kimi qeyd edilsin”.

Tam aydın və dəqiq mövqedir. Heydər Əliyev Azərbaycana rəhbərliyi dönəmində bütövlükdə dövlət səviyyəsində 20 Yanvar hadisəsinə dəqiq siyasi qiymət vermişdir. Hələ 1991-ci il martın 7-də xalq deputatı statusunda Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxışında vurğulamışdır: “...1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edmişdir. Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq, Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə, nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür".

Milli Məclisin 29 mart 1994-cü il tarixli qərarı

Heydər Əliyevin davamlı fəaliyyəti və birbaşa təşəbbüsü ilə Milli Məclis 1994-cü il martın 29-da 1990-cı ilin qanlı 20 Yanvar faciəsi ilə bağlı qərar qəbul etmişdir. Orada həmin hadisəyə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilmişdir. Vurğuladığımız sənəddə “1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda vüsət almış milli azadlıq hərəkatını boğmaq, suveren bir dövlət amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, belə bir yola qədəm qoyan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilmişdir”.

20 Yanvar tarixi yaddaş kimi

Ulu öndər Heydər Əliyevin 20 Yanvar hadisəsi ilə bağlı atdığı addımlar dövlətçilik və tarixi yaddaş əlaqələri baxımından çox əhəmiyyətlidir. Hər bir cəmiyyət üçün tarixi yaddaşın mövcudluğu onun, ümumiyyətlə, var olmasının mühüm şərtlərindəndir. O cümlədən bütövlükdə toplum üçün ciddi təsirləri olan hadisələrin yaddaşlarda doğru, düzgün milli mənafeyə uyğun formalaşdırılması prinsipial psixoloji və siyasi məna kəsb edir. Buna görə ulu öndər Heydər Əliyevin 20 Yanvar 1990-cı il hadisələrinə həm bir vətəndaş kimi emosional münasibəti, həm də siyasi lider, böyük dövlət xadimi olaraq verdiyi siyasi-hüquqi qiymət fövqəladə əhəmiyyətlidir.

Azərbaycan xalqının tarixi yaddaşında 20 Yanvar milli mənafelərimizə və müstəqil dövlətçiliyimizə tam uyğun olaraq rəmzləşdirilmişdir. Həmin günün xüsusi qeyd edilməsinin anlamlarından biri bundan ibarətdir. Burada bir cəmiyyət olaraq buraxdığımız siyasi səhvlərin, həm də müstəqil olmamağın hansı faciələr və fəlakətlər meydana çıxara biləcəyi təkrar-təkrar gözdən keçirilməlidir. Çünki hər tarixi dönəmdə Azərbaycanın müstəqil dövlətçilik ənənəsində 20 Yanvarın yeri və rolu yeniləşən siyasi və geosiyasi situasiyanın fonunda adekvat qiymətləndirilməlidir.

Prezident İlham Əliyevin fikirləri həmin prizmada çox əhəmiyyətlidir. Dövlət başçısı demişdir: “Azərbaycan xalqına qarşı növbəti təxribat 1990-cı ildə törədilmişdir - Qanlı Yanvar cinayəti. Günahsız insanlar öldürülmüşdür, qətlə yetirilmişdir. 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş böyük cinayətdir. Heydər Əliyev dərhal Öz səsini ucaltdı. Ertəsi gün Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmişdir. Mən də Onunla bərabər orada idim. Mətbuat konfransında sovet rəhbərliyini ittiham etmişdir. Onların hərəkətlərini pisləmişdir”.

Azərbaycan Prezidenti ulu öndər Heydər Əliyevin bu addımının böyük siyasi mənası olduğunu ifadə etmişdir. İlham Əliyev vurğulamışdır: “Deyə bilərəm ki, o vaxt sovet məkanında bu, çox nadir bir hadisə idi. Çünki Sovet İttifaqının dağılmasına hələ 2 il vaxt var idi. Heç kimin ağlına gələ bilməzdi ki, Sovet İttifaqı kimi nəhəng bir dövlət dağıla bilər. O vaxt belə cəsarətli addımın atılması bir daha onu göstərdi ki, Heydər Əliyev Öz xalqına nə qədər bağlıdır, bu insan nə qədər fədakardır, nə qədər cəsarətlidir”.

Bu qiymətləndirmələri, əlbəttə, xalq unutmamalıdır və bütövlükdə “20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir” (Azərbaycan Prezidenti İlham Əliyev) məzmununda kollektiv səviyyədə tarixi yaddaş elementinə çevirməlidir.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Siyasət