Avropa Komissiyasının qərarı və qaçılmaz sonluq

post-img

Azərbaycanın praqmatik siyasəti qlobal böhranı dəf edir

Avropa Komissiyasının enerji məsələləri üzrə rəsmi nümayəndəsi Anna-Kaysa İtkonenin dilə gətirdiyi fikirlər İkinci Dünya müharibəsindən sonra formalaşmış geostrateji nizamın tamamilə dəyişdiyini sübut edən tarixi çağırışdır. Rusiyadan daxil olan bütün növ enerji resurslarından imtina edilməsi ilə bağlı siyasi iradənin artıq hüquqi müstəviyə keçməsi və “REpower EU” planının icrasının dönməz xarakter alması Avrasiya materikində yeni reallıqların formalaşdığını göstərir. Sözügedən bəyanatda yer alan “tarixi məqam” ifadəsi təsadüfi seçilməyib. Söhbət onilliklər ərzində Avropa sənayesini ucuz xammalla təmin edən, lakin bunun müqabilində siyasi asılılıq yaradan nəhəng bir sistemin çöküşündən gedir.

Avropa İttifaqı tərəfindən atılan addımlar illərdir üzərində işlənilən, detallı şəkildə hesablanmış və alternativləri öncədən hazırlanmış strateji gedişlərdir. Rusiya qazının bazardakı dominantlığına son qoyulması, Kremlin ən güclü təzyiq vasitəsini zərərsizləşdirməklə yanaşı, qlobal bazarlarda yeni nümayəndələrin, yeni marşrutların və yeni tranzit hablarının yaranmasına şərait yaradır. İtkonenin neft idxalının da dayandırılmasına dair verdiyi anons sanksiyalar siyasətinin real iqtisadi mexanizmlərlə dəstəkləndiyini sübut edir. Cari proseslərin fonunda diqqətçəkən məqam “qoca qitə”-nin enerji təhlükəsizliyi xəritəsinin yenidən cızılmasıdır. Həmin xəritədə ənənəvi Şərq–Qərb dəhlizlərinin əhəmiyyəti azalarkən, Cənub Qaz Dəhlizi və Xəzər hövzəsi resurslarının rolu həlledici status qazanır.

ARAYIŞ: “REpower EU” planı Avropa Komissiyası tərəfindən 2022-ci ilin may ayında qəbul edilmiş qlobal əhəmiyyətli yol xəritəsidir. Sənədin əsas məqsədi Aİ-yə üzv dövlətlərin Rusiyadan idxal edilən qaz, neft və daş kömürdən asılılığına 2030-cu ilə qədər tamamilə son qoymaq və qitənin enerji təhlükəsizliyini təmin etməkdir. Plan üç əsas strateji sütun üzərində qurulub: enerji qənaəti, təmiz enerjinin istehsalının sürətləndirilməsi və enerji təchizatının diversifikasiyası.

Beləliklə, “REpower EU” Rusiyanın enerjidən siyasi təzyiq vasitəsi kimi istifadəsinə qarşı hazırlanmış geosiyasi müdafiə qalxanı funksiyasını yerinə yetirir. Layihə çərçivəsində Azərbaycan qazının Avropaya nəqlini həyata keçirən Cənub Qaz Dəhlizinin genişləndirilməsi, mayeləşdirilmiş təbii qaz terminallarının inşası və hidrogen enerjisinə keçid prioritet istiqamətlər kimi təsbit edilib.

Brüsselin sərgilədiyi qətiyyətli mövqe yalnız enerji təhlükəsizliyi ilə izah edilə bilməz. Ortada daha dərin, sivil seçim və suverenlik məsələsi dayanır. İllərlə davam edən "qarşılıqlı asılılıq" doktrinasının iflasa uğraması Qərb paytaxtlarını başa saldı ki, avtoritar rejimlərdən enerji asılılığı gec-tez milli təhlükəsizliyə təhdidə çevrilir.

* * *

Dünya enerji bazarlarında yaranan mövcud boşluğun doldurulması zərurəti, təbii olaraq, diqqətləri Xəzər regionuna və xüsusilə Azərbaycana yönəldir. Brüsselin Rusiya qazından imtina strategiyası böyük ölçüdə alternativ mənbələrin əlçatan olmasından asılıdır. Məhz burada rəsmi Bakının yürütdüyü uzaqgörən və praqmatik enerji diplomatiyası ön plana çıxır. Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması zamanı bəzi Avropa dairələrinin sərgilədiyi skeptik yanaşmaların nə qədər yanlış olduğu indiki tarixi mərhələdə aydınlaşır.

Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə ərsəyə gələn nəhəng infrastruktur layihələri bu gün Avropanın enerji təhlükəsizliyinin real xilaskarı rolunu oynayır. Rəsmi Bakı heç vaxt enerjini siyasi təzyiq vasitəsi kimi istifadə etməyib, əksinə, hər zaman etibarlı tərəfdaş, sözünə sadiq aktor kimi tanınıb. Anna-Kaysa İtkonenin bəyanatındakı qətiyyətin arxasında dayanan əsas amillərdən biri də məhz Azərbaycanla imzalanmış strateji tərəfdaşlıq sənədlərinin yaratdığı inamdır. Ölkəmiz, həmçinin yaşıl enerji keçidində də Avropanın əsas tərəfdaşına çevrilməkdədir. Xəzər dənizinin külək enerjisi potensialının Qara dənizin dibi ilə çəkiləcək kabel vasitəsilə Avropaya nəqli layihəsi “REpower EU” planının fəlsəfəsinə uyğun gəlir.

Avropa Komissiyasının “REpower EU” çərçivəsində atdığı addımların həm də mənəvi-siyasi tərəfi var. Ukraynada davam edən müharibənin maliyyələşdirilməsində Rusiya enerji ixracatının rolu hər kəsə məlumdur. Anna-Kaysa İtkonenin “tarixi məqam” adlandırdığı qərar, əslində, Avropanın vicdan imtahanıdır. Qitə ölkələri uzun müddət rahatlıq və ucuz enerji naminə göz yumduqları təhlükəni artıq dərk ediblər. Rusiya neftindən mərhələli imtina prosesi texniki baxımdan qazdan daha mürəkkəb olsa da, siyasi iradənin mövcudluğu bu maneələrin də aşılacağını göstərir.

Azərbaycan amilinə yenidən qayıdaraq qeyd edək ki, rəsmi Bakı mövcud situasiyada son dərəcə təmkinli, lakin qətiyyətli siyasət yürüdür. Ölkəmiz heç bir halda anti-Rusiya koalisiyasının tərkib hissəsi kimi çıxış etmir, sadəcə, öz milli maraqlarını və kommersiya öhdəliklərini rəhbər tutur. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycanın enerji siyasəti kiməsə qarşı deyil, tərəfdaşların ehtiyaclarını ödəməyə və regional əməkdaşlığı gücləndirməyə yönəlib. Lakin fakt faktlığında qalır: Rusiya qazının Avropa bazarından sıxışdırılıb çıxarılması fonunda yaranan nəhəng boşluğu doldurmaq missiyası böyük ölçüdə Azərbaycanın üzərinə düşür. Cari reallıqlar Bakı ilə Brüssel arasındakı münasibətləri strateji tərəfdaşlıqdan da irəli, həyati müttəfiqlik səviyyəsinə qaldırır.

Avropa Komissiyasının sözçüsünün bəyanatında diqqətçəkən “məhkəməyə çıxarmaq hüququ” ifadəsi isə prosesin hüquqi legitimliyinə verilən önəmi göstərir. Avropa İttifaqı atdığı hər bir addımın beynəlxalq hüquq normalarına və daxili qanunvericiliyə uyğunluğunu təmin etməyə çalışır. Məqsəd Rusiyanın gələcəkdə irəli sürə biləcəyi təzminat tələblərini neytrallaşdırmaq və qərarların hüquqi immunitetini təmin etməkdir. “REpower EU” çərçivəsində qəbul edilən direktivlər üzv dövlətlərə Rusiya qazından imtina etmək üçün hüquqi baza yaradır və onları mümkün cərimələrdən sığortalayır. Eyni zamanda, həmin direktivlər ümumi enerji bazarının bütövlüyünü qorumaq və ayrı-ayrı ölkələrin birtərəfli qaydada Rusiya ilə “gizli anlaşmalar”a getməsinin qarşısını almaq məqsədi daşıyır.

* * *

Aİ daxilində qərarvermə mexanizmi artıq “fövqəladə zərurət” prinsipi əsasında işləyir. Macarıstan və Slovakiya kimi dənizə çıxışı olmayan və tarixən Rusiyanın boru kəmərlərindən asılı qalan ölkələrin ilkin müqavimətinə baxmayaraq, Brüssel diplomatiyası və alternativ tədarük marşrutlarının işə salınması vahid mövqenin formalaşmasına gətirib çıxaracaq. İtkonenin “proses artıq başa çatıb” ifadəsi pərdəarxası danışıqların, güzəştlərin və kompensasiya mexanizmlərinin yekunlaşdığına işarə edir. Artıq heç bir üzv dövlətin veto hüququndan istifadə edərək ümumi strategiyanı bloklamaq imkanı qalmayıb.

Sonda bir daha vurğulamaq yerinə düşər ki, Anna-Kaysa İtkonenin bəyanatı lokal xarakter daşımır, qlobal miqyaslı hadisədir. Avropa Rusiyanın “enerji iynəsindən” xilas olmaqla, öz siyasi suverenliyini bərpa edir. Cənub Qaz Dəhlizi və Azərbaycan amili isə bu xilaskarlıq missiyasının əsas sütununu təşkil edir. Tarix sübut edir ki, böhranlar həm də yeni imkanlar yaradır. Baş verən hadisələr fonunda rəsmi Bakının soyuqqanlı, praqmatik və milli maraqlara söykənən siyasəti gələcək nəsillər üçün daha güclü, daha zəngin və daha təhlükəsiz Azərbaycanın təməlini qoyur.

Yusif ŞƏRİFZADƏ
XQ

Siyasət