Türkiyə mediası Azərbaycan həqiqətlərinin yanındadır

post-img

Türkiyə mediasının aparıcı mövzularından biri də Azərbaycan–Türkiyə münasibətləridir. Qardaş ölkənin jurnalistləri Azərbaycanda baş verənlərin cəmiyyətə və dünyaya çatdırmağı özlərinin vəfa borcu bilirlər. Bu, tarixən belə olub və bu gün də belədir. Azərbaycanın haqq səsinin beynəlxalq aləmə yayılmasında keçən əsrin 90-cı illərində də, Qarabağ zəfəri dövründə də türkiyəli həmkarlarımız fədakarlıq göstərmişlər.

Türkiyənin məşhur qəzetlərindən biri, 30 ildən çox Egey bölgəsinin və İzmirin səsi olan “Gözləm” qəzetinin imtiyaz sahibi Çətin Gürər bu barədə bizimlə söhbətində bildirdi:

– Azərbaycan jurnalistləri ilə birbaşa əlaqələrimiz, hələlik, zəif olsa da informasiya agentliklərindən aldığımız informasiyaların davamlı və operativ olaraq qəzetimizdə yerləşdirilməsinə çalışmışıq. Qəzetimizin əski dostlarından olan Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzinin baş direktoru, professor Akkan Suverin Azərbaycanla bağlı yazılarının qəzetimizdə dərc edilməsi isə ənənə halını alıb. Bu il fevralın əvvəllərində Azərbaycan Prezidentinin “Gözləm”ci dostumuz Akkan Suverə təltif etdiyi “Heydər Əliyev-100” medalı ölkənizin Türkiyədəki səfirliyində dövlət təmsilçilərinin, Türkiyə millət vəkillərinin və siyasətçilərin də iştirakı ilə təqdim edilməsi bizim kollektiv üçün də sevindirici oldu.

Qəzetimizdə bu barədə dərc edilən xəbərdə səfir Rəşad Məmmədov Akkan Suver haqqında söylədiklərini xatırlatmağa dəyər: Ulu öndərimiz Heydər Əliyevin yaxın dostu olan, onunla uzun illər çıx əlaqələr quran Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzinin baş direktoru, professor Akkan Suver son illərdəki çalışmalarıya, Azərbaycan–Türkiyə işgüzar dairələrinin təşkil etdiyi çoxsaylı mərasimlər və tədbirlərdəki fəaliyyəti ilə “Bir millət–iki dövlət” olan Azərbaycan–Türkiyə əlaqələrinin inkişafına dəyərli töhfələr verib. Türkiyənin ilk və tək mətbuat kartlı jurnalist-diplomatı tituluna sahib olan professor bu gün də qəzetimizə məqalələr yazır. Onun Azərbaycanda baş verən içtimai-siyası hadisələr haqqında yazıları böyük maraq doğurur. Çox böyük hadisədir ki, Azərbaycan özünün müstəqil siyasəti və geniş iqtisadi imkanları ilə qardaş Türkiyənin iqtisadiyyatının çiçəklənməsi üçün də böyük sərmayədara çevrilmişdir.

“Gözləm” qəzeti redaksiyasında olarkən və redaksiya heyətinin üzvləri ilə görüşərkən də Azərbaycana olan böyük marağın şahidi oldum. Azərbaycan–Türkiyə əlaqələrinin tarixi və bu günü ilə bağlı çoxsaylı sualları cavablandırmaq maraqlı olduğu qədər də qürurverici idi. Tarixi qardaşlıq münasibətlərindən qaynaqlanan bu əlaqələr isə birliyimizin və strateji əməkdaşlığımızın ən yeni səhifələri olmaqla böyük Turan birliyinin uzaqda olamayan üfüqlərini göstərir.

Redaksiya heyətinin üzvləri ilə səmimi söhbətdən sonra “Gözləm” qəzetinin bu barədə təqdim etdiyi “Azərbaycan Türkiyə ilə əlaqələrə böyük önəm verir” adlı məqalədə qeyd olunur ki, iş birliyinə və ortaq yatırım hədəflərinə hər iki ölkədə böyük önəm verilir. İki ölkə arasındakı ticarət və mədəni əlaqələrin müsbət bir səviyyədə olduğu və daha da gücləndirilməsi üçün hər iki tərəfin çalışmaları davam etdirdiyini bildirilir. Qarabağın yenidən qurulmasında Türkiyə şirkətlərinin aktiv rol oynadıqları və əhəmiyyətli layihələrə imza atdıqları da vurğulanır.

“Gözləm” qəzeti redaksiya heyətinin rəhbəri Çətin Gürər və üzvülərilə görüşüm bir daha təsdiq etdi ki, Azərbaycan və Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu qarşlıqlı fəaliyyəti canlandıracaq. Bu platforma media nümayəndələrinin, aidiyyəti qurumların daha sıx və peşəkar münasibətlərinin qurulmasına böyük imkanlar yaradacaq.

Namiq QƏDİMOĞLU
XQ

Sosial həyat