Azərbaycan-Gürcüstan diplomatik münasibətlərindən bəhs edən kitab çap olunub

post-img

Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri tarix elmləri doktoru Fəxri Hacıyevin (Fəxri Valehoğlu) “Azərbaycan-Gürcüstan münasibətləri (1918-1922-ci illər): Diplomatik missiyaların fəaliyyəti prizmasından baxış” elmi kitabı işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Elmi şurasının müvafiq qərarı ilə çap olunan kitabda Cənubi Qafqazda 1918-1922-ci illərdə cərəyan edən hərbi-siyasi proseslərin axarında Azərbaycan-Gürcüstan münasibətləri araşdırılır. Həmin dövrdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan İctimai Şura Cümhuriyyətinin (Azərbaycan Sosialist Sovet Respublikası) Tiflis və Batum şəhərlərində, eləcə də Gürcüstan Demokratik Respublikasının Azərbaycandakı diplomatik təmsilçiliklərinin siyasi-diplomatik fəaliyyəti, strukturu, kadr tərkibi, təsərrüfat və maliyyə təminatı məsələləri ilkin mənbələr əsasında hərtərəfli tədqiq olunur.

Nəşrdə qeyd edilir ki, bu proseslər nəticə etibarilə Qafqazda müstəqil respublikaların yaranması ilə sonlanıb. Bu respublikaların tarixin səhnəsinə qədəm qoyması həmin ərəfədə hökm sürən çətin və mürəkkəb, eyni zamanda, əlverişli beynəlxalq şəraitlə yanaşı, mütərəqqi Azərbaycan və gürcü ziyalılarının öz xalqlarının milli şüurunun formalaşması, inkişaf etməsi uğrunda yürütdükləri uzun və ardıcıl ictimai-siyasi, ədəbi və maarifçilik fəaliyyətinin məntiqi sonluğu idi.

Kitabın elmi redaktoru tarix elmləri doktoru, professor Kərim Şükürov, rəyçiləri tarix elmləri doktorları Vasif Qafarov və İlqar Niftəliyevdir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sosial həyat