Kölndə “Qərbi Azərbaycan reallıqları” mövzusunda ictimai müzakirə keçirilib

post-img

Almaniyanın Köln şəhərində Dünya Azərbaycanlı Gənclər Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə “Qərbi Azərbaycan reallıqları” mövzusunda ictimai müzakirə keçirilib.

XQ xəbər verir ki, görüşün məqsədi Qərbi Azərbaycana qayıdış hüququ, ictimai diplomatiya və beynəlxalq-hüquqi mexanizmlər barədə məlumatlandırmanı artırmaq, bu sahədə fəaliyyət göstərən qurumlar və ekspertlər arasında əməkdaşlığı gücləndirmək olub.

Toplantıda Dünya Azərbaycanlı Gənclər Təşkilatının sədri Ramin Həbibzadə, İrəvan xanı Hüseynəli xanın nəslinin nümayəndəsi Əmir Əli Sərdar İrəvani, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Altay Rüstəmli və Avropa–Azərbaycan Mərkəzinin sədri Zaur Əliyev iştirak ediblər.

Tədbirdə çıxış edənlər Qərbi Azərbaycanın tarixi, demoqrafik reallıqları və mədəni irsi barədə məlumat verərək, regionun tarix boyu Azərbaycan xalqının mühüm mədəni-siyasi mərkəzlərindən biri olduğunu vurğulayıblar. İrəvan xanlığının tarixi, İrəvan şəhərində mövcud olan məscidlər, karvansaraylar, qəbiristanlıqlar, hamamlar və digər tarixi abidələr haqqında faktlar iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirdə, həmçinin Qərbi Azərbaycana qayıdış hüququ məsələsi beynəlxalq hüquq çərçivəsində geniş müzakirə olunub. Qərbi Azərbaycanlıların hüquqlarının qorunması, bu istiqamətdə beynəlxalq ictimaiyyətin diqqətini çəkmək üçün hüquqi və ictimai dəstəyin gücləndirilməsinin vacibliyi qeyd edilib.

M.Kamal
XQ



Sosial həyat