“Azərbaycanın İslam dövrü qəbiristanlıqları: tarixi-arxeoloji və mədəni irs perspektivləri” mövzusunda “dəyirmi masa” keçirilib

post-img

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutu, Azərbaycan İlahiyyat İnstitutu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə oktyabrın 28-də “Azərbaycanın İslam dövrü qəbiristanlıqları: tarixi-arxeoloji və mədəni irs perspektivləri” mövzusunda “dəyirmi masa” keçirilib.

XQ xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov qonaqları salamlayaraq, diqqəti müzakirə edilən mövzunun aktuallığına cəlb edib. Rektorun bildirdiyinə görə, Azərbaycan xalqının tarixi mənəvi və maddi irsinin tutarlı bir hissəsini İslam dövrü abidələri özündə daşıyır. SSRİ dövründə müəyyən ideoloji doqmalardan irəli gələrək, diqqətdən kənarda qalan milli-dini dəyərlərimizdən biri də məhz qəbir abidələrimiz idi.  Dosent Aqil Şirinov qeyd edib ki, son iki yüz il ərzində erməni millətçiləri ərazi iddialarını məhz Qarabağ və Qərbi Azərbaycan ərazisindəki azərbaycanlılara məxsus abidələrin məhv edilməsi və saxtakarlıqla  “erməniləşdirilməsi” ilə əsaslandırmağa çalışmışlar. “Buna görə belə məsələlərdə diqqətli olmaq lazımdır. Mədəniyyət Nazirliyinin və AMEA  Arxeologiya və Antropologiya İnstitutu alimlərinin bu məsələləri aşkara çıxarmaqda böyük rolu var”.  

AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev belə vacib tədbiri təşkil etdikləri üçün İlahiyyat İnstitutunun rəhbərliyinə təşəkkürünü bildirib. O qeyd edib ki, son 4 ildə İnstitutun əsas tədqiqat istiqaməti işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurla bağlıdır. Aparılan tədqiqatlar göstərir ki, düşmənin bizə olan nifrəti dini abidələrimizə qarşı vandalizmdə də öz əksini tapıb. “İslam dövrü Azərbaycan tarixində, xalqımızın mənəvi və mədəni baxımdan genezisində mühüm bir dönəmi kəsb edir. İnstitutumuzda, artıq İslam dövrü arxeologiyası şöbəsi də fəaliyyət göstərir”, – deyə F.Quliyev məlumat verib. – “İslam dövrü qəbiristanlıqları bizim mədəni və genetik kimliyimizdir. Qəbir abidələri bir çox istiqamətdə tədqiqatlar üçün nəhəng informasiya daşıyıcılarıdır.  Məsələn, epitafiyalar – Vətən tarixi və şərqşünaslıq, daşişləmə - sənətşünaslıq, biofaktlar – arxeogenetika sahələri üçün tədqiqat obyektləridir. Bu abidələr etnologiya, mənbəşünaslıq və digər elmi-tədqiqat sahələrinin payına çatacaq məlumatlar xəzinəsidir. 

“Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin türk dünyasının inkişafına, türk dövlətlərinin işbirliyinə yönəlik siyasəti kontekstində biz bu mövzunun  aktuallığını da görə bilərik”, – deyə F.Quliyev qeyd edib. 

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi, memarlıq üzrə elmlər doktoru, professor Səbinə Hacıyeva qeyd edib ki, tarixi qəbiristanlıqlarda tədqiqatların aparılmasına ciddi ehtiyac var: “Hazırda daşınmaz abidələrin siyahısında 136 tarixi qəbiristanlıq var. 2021-ci ildən keçirdiyimiz monitorinqlər nəticəsində xeyli tarixi qəbiristanlıq aşkar edilib. Çox sevindirici haldır ki, arxeoloqlar, memarlar və ilahiyyatçılar birgə bu məsələləri müzakirə edirlər”, –  deyə S.Hacıyeva bildirib.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxışında aparılmış monitorinqlərin nəticələrindən danışaraq  bildirib ki,  işğalçılar abidələrimizə münasibətdə bir neçə istiqamətdə öz vəhşi xislətlərini göstərmişlər: “Abidələr ya məhv edilir, ya “erməniləşdirilir”, bu da alınmayanda işğalçılar abidələrimizi özgələşdirirdilər. Yəni İslam dövrü abidələrini məhv edə  bilmədikdə, onları başqa ölkələrin abidəsi kimi təqdim edirdilər”, – deyə G.İsmayılov vurğulayıb. 

Daha sonra mövzu ilə əlaqədar tədqiqatçı alimlərin məruzələri dinlənilib. 

AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, t.f.d., dosent Xaqani Alməmmədov Füzuli və Ağdam ərazilərində yerləşən İslam dövrü abidələri barədə məruzə ilə çıxış edib. O, abidələrin sovet dövründə qeyd edilmiş vəziyyəti ilə müasir dövrdəki durumunu müqayisə edib: “İşğal altında qalmış abidələrimizə qarşı törədilmiş vandalizm faktları ortadadır.  Eyni zamanda, işğaldankənar qalmış bir sıra abidələrimizin durumuna münasibətdə bizim biganəliyimiz də təəssüfedici haldır”, – deyə dosent X.Alməmmədov vurğulayıb.  

AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, t.f.d., dosent Pərviz Qasımov 2021-ci ildə Ağdam İmarət Kompleksində aparılmış elmi-tədqiqatlar barədə elektron təqdimatla çıxış edib. Məruzəçi İmarət Kompleksində aparılan tədqiqatlarda Azərbaycan tarixi və etnologiyası üçün maraqlı faktların aşkar edildiyini, erməni işğalçılarının törətdikləri kulturosid, vandalizm və talançılıq aktlarının qeydə alındığını vurğulayıb.  

Azərbaycan İlahiyyat İnstitutunun kafedra müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Əhməd Niyazov Zaqatala və Qax bölgəsində, ingiloyların yaşadıqları ərazilərdə hələ də tədqiqatçı yolunu gözləyən qədim müsəlman qəbir abidələrindən söz açıb. Apardıqları tədqiqatlar nəticəsində öz xüsusiyyətləri ilə fərqlənən qəbir abidələrini əyani surətdə göstərərək, dosent Ə.Niyazov bu abidələrin öyrənilməsinin istər bölgə, istər dövlətimiz üçün həm mədəni, həm ictimai, həm də siyasi baxımdan əhəmiyyətini vurğulayıb.  

AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, t.f.d., dosent Şamil Nəcəfov Xocalı tarixi arxeoloji kompleksində apardığı tədqiqatlar haqqında məlumat verib. Xocalı kurqanları barədə danışan dosent Ş.Nəcəfov tədqiqat nəticəsində 212 müsəlman qəbrinin aşkar edildiyini bildirib: “Xocalı qəbiristanlığında Tunc dövrü qəbirləri, həmçinin kurqanları da var. Amma kompleksdəki müsəlman qəbir abidələri öz qədimliyi və xüsusiyyətlərinə görə, xüsusi əhəmiyyət daşıyır”, –  Ş.Nəcəfov xüsusi olaraq qeyd edib.

AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, t.f.d., dosent Fariz Xəlilli qəbir abidələrinin və qəbiristanlıqların kriteriyalarına görə aidiyyəti beynəlxalq konvensiyaların müddəalarını sadalayıb. 

F.Xəlilli eyni zamanda,  bəzi bölgələrdə İslam dövrünə aid mühüm abidələrin qorunması ilə bağlı ciddi problemlərin mövcudluğunu qeyd edib. Dosent F.Xəlilli bildirib ki, “Abidələrin qorunması işinə geniş ictimaiyyət də cəlb edilməlidir. Bizim öz abidələrimizə münasibət, dünyanın gözü qarşısında bizim öz tariximizə, mədəniyyətimizə olan münasibətdir”.

AMEA Şərqşünaslıq İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev 2022–2023-cü illərdə Qarabağın işğaldan azad edilmiş ərazilərində, əsasən də Şuşada – Yuxarı Gövhərağa məscidinin yanındakı qəbiristanlıqda mövcud qəbirlər üzərində epitafiyaların oxunması nəticəsində tarixi həqiqətlər və siyasi-ictimai baxımdan mühüm əhəmiyyətli məlumat əldə edildiyini bildirib. Tədqiqatçı-alimə görə, bir neçə başdaşı üzərində epitafiyalar göstərir ki, burada 1903–1905-ci illərdə ermənilərin öldürdüyü azərbaycanlılar dəfn olunub. İşğal dövründə işğalçılar nəstəliq üslubunda yazılmış bu epiqrafik abidələri oxuya bilmədiyinə görə, onlara əhəmiyyət verməmişlər. 

Tədqiqatçı daha sonra qeyd edib ki, indi bu epiqrafik abidələrin mühafizəsinin təşkil edilməsinə böyük ehtiyac vardır.  

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, t.f.d., dosent Rəşad Mustafa məruzəsi də maraqla dinlənilib. Alim Qəbələnin Nic kəndindəki Alban irsinə aid qəbiristanlıqdakı tədqiqatlar haqqında danışıb: “Bəzi kəndlərdə müsəlman və xristian qəbirlərinin eyni qəbiristanlıqda yerləşir... Daş qoç qəbirlərinin öyrənilməsinə böyük ehtiyac vardır”, –   deyən dosent R.Mustafa əlavə edib: “...çünki onlar bizim daş yaddaşımızdır”.   

Tədbirdə ekspert qismində iştirak edən AMEA Arxeologiya və Antropologiya  şöbə müdiri, tarix elmləri doktoru, professor Qafar Cəbiyev bildirib ki, Azərbaycan xalqının tarixən yaratdığı abidələrə qonşu respublikalar tərəfindən ciddi iddia olub və indi də davam etməkdədir: “Azərbaycan maddi mədəniyyət tarixinin önəmli hissəsini təşkil edən İslam dövrü qəbir abidələrinin qorunması üçün hələ görüləcək işlər qarşıdadır”, – deyə professor Q.Cəbiyev bu yöndə tədbirlərin hələ də qənaətbəxş olmadığını bildirdi.

“Dəyirmi masa”da ekspert kimi iştirak edən AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, dosent Tarix Dostiyev Azərbaycan ərazisində İslam dövrü qəbiristanlıqlarının, qəbir abidələrinin tarixi mərhələlərinin, regional xüsusiyyətlərinin araşdırılmasının tədqiqatçılar qarşısında durduğunu bildirdi.  dosent Tarix Dostiyev çıxışında vurğulayıb: “Paradoksal haldır ki, İslam dövrü qəbir abidələrinin araşdırılması istiqamətində tarixi Azərbaycan bölgələri içində daha çox məhz, Dərbənd bölgəsi araşdırılıb. Bu istiqamətdə biz tədqiqatları genişləndirməliyik, çünki bu abidələr itmək təhlükəsi qarşısındadırlar”.

Daha sonra toxunulmuş mövzular üzrə diskussiya aparılıb. 

Sonda AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev İnstitutun nəşr etdiyi bir neçə kitabı, arxeologiya və antropologiya üzrə ingilisdilli elmi jurnalı Azərbaycan İlahiyyat İnstitutunun rektoru, dosent Aqil Şirinova təqdim edib.



































Elm