Ali Məclisin növbəti plenar iclası keçirilib

post-img

Aprelin 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Ali Məclisin yaz sessiyasının növbəti iclası keçirilib. 

Bu haqda “Xalq” qəzetinə Ali Məclisin mətbuat xidmətindən məlumat verilib.

Ali Məclis sədrinin birinci müavini iclasın gündəliyinə 3 məsələnin müzakirəsinin daxil edildiyini bildirib. Gündəlik təsdiq olunduqdan sonra birinci məsələ - “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev qanun layihəsi barədə məlumat verdikdən sonra Qanun səsə qoyularaq ikinci oxunuşda qəbul edilib. 

 Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov qeyd edib ki, növbəti məsələ “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin birinci oxunuşda müzakirəsidir. Bildirilib ki, “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli Konstitusiya Qanunu ilə əlaqədar ötən plenar iclasda “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun ləğv edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanunu qəbul edilib. Müvafiq Qanuna uyğunlaşdırma məqsədi ilə “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi hazırlanıb. 

Qanun layihəsi barədə Hüquq siyasəti komitəsinin sədri məlumat verib və komitənin rəyini diqqətə çatdırdıqdan sonra qanun qəbul olunub.

Gündəlikdə duran üçüncü məsələ “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin birinci oxunuşda müzakirəsi olub. Məsələ ilə bağlı Bəxtiyar Məmmədov vurğulayıb ki, “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli Konstitusiya Qanunu ilə Ali Məclisin və Nazirlər Kabinetinin səlahiyyətlərində dəyişiklikləri nəzərə alaraq, həmçinin Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 6-cı bəndində əks etdirilmiş Ali Məclisin Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun həyata keçirilməsi üçün yeni qanun layihəsi hazırlanıb. 

Qanun layihəsi barədə Hüquq siyasəti komitəsinin sədri məlumat verib, komitənin rəyini diqqətə çatdırıb. 

Deputatlardan Əziz Qasımov və Mövlan Məmmədov qanun layihəsi barədə fikirlərini bildirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Bununla da Ali Məclisin iclası başa çatıb.

Səbuhi HƏSƏNOV







Sosial həyat