İran hakimiyyəti ABŞ tərəfindən tətbiq olunan blokadanın davam edəcəyi təqdirdə Hörmuz boğazının yenidən bağlana biləcəyi barədə xəbərdarlıq edib. Bu barədə Fars və Tasnim agentlikləri mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Tehran ABŞ qüvvələrinin bölgədəki blokadasını atəşkəs rejiminin pozulması kimi qiymətləndirə bilər. Bu halda İran tərəfi mühüm dəniz marşrutunu yenidən bağlamaq niyyətindədir.
Eyni zamanda, boğazda gəmiçilik rejiminin İsrail ilə Livan arasında əldə olunan atəşkəsə əməl olunmasından asılı olacağı bildirilib. İran tərəfi marşrutdan istifadə üçün bir sıra şərtlər irəli sürüb.
Belə ki, yalnız kommersiya gəmilərinin keçidinə icazə veriləcək, hərbi gəmilərin isə hərəkəti qadağan olunacaq. Bundan əlavə, gəmilər və daşınan yüklər “düşmən ölkələrlə” əlaqəli olmamalıdır. Həmin ölkələrin siyahısı açıqlanmayıb. Gəmilərin hərəkət marşrutu əvvəlcədən İranla razılaşdırılmalı və keçid İran Silahlı Qüvvələri ilə koordinasiya edilməlidir.
İran Xarici İşlər Nazirliyi İsrail və Livan arasında 17 aprel gecəsindən qüvvəyə minən atəşkəs müddətində Hörrmuz boğazının açılması barədə qərar qəbul edildiyini açıqlayıb.
ABŞ Prezidenti Donald Tramp isə öz növbəsində bildirib ki, Amerika qüvvələrinin dəniz dəhlizinə tətbiq etdiyi blokada qüvvədə qalır və yalnız Vaşinqtonla Tehran arasında sülh razılaşması əldə olunduqdan sonra aradan qaldırıla bilər.
S.ELAY
XQ

