30 oktyabr 2025-ci ildə Azərbaycan Avrasiya Françayzinq Forumuna ev sahibliyi edəcək. Tədbir Azərbaycan Françayzinq Assosiasiyasının təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və AZPROMO-nun tərəfdaşlığı ilə "Baku Business Center"də baş tutacaq.
Forum regional və beynəlxalq françayzinq sektorunun aparıcı nümayəndələrini bir araya gətirərək, yeni biznes imkanlarının, qlobal trendlərin və rəqəmsallaşmanın sektorda rolu barədə fikir mübadiləsi aparmaq məqsədi daşıyır.
Tədbirdə Azərbaycanla yanaşı, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Çin və Almaniyadan olan iş adamları, françayzerlər, investorlar, eləcə də dövlət və özəl sektorun nümayəndələri iştirak edəcək.
Forum çərçivəsində iştirakçılar sərgi stendləri ilə tanış olacaq, şəbəkələşmə imkanlarından yararlanacaq, beynəlxalq brendlərin uğur strategiyaları barədə məlumat əldə edəcək, süni intellekt və data analitikası kimi müasir tendensiyalarla tanış olacaqlar. B2B formatlı görüşlər vasitəsilə yeni biznes əlaqələrinin qurulması da planlaşdırılır.
Forumun gündəliyində françayzinqin inkişaf perspektivləri, pərakəndə ticarət və qida sənayesində tətbiq olunan uğurlu modellər, həmçinin texnologiyanın françayzinq sektoruna təsiri ilə bağlı panel müzakirələri nəzərdə tutulur.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq və qapalı gala kokteyli təşkil ediləcək. Avrasiya Françayzinq Forumu 2025-in əsas məqsədi regional iqtisadi inteqrasiyanı gücləndirmək və Avrasiya regionunda françayzinq biznesinin inkişafına dəstək göstərməkdir.
XQ

