Yaşıl soğan həm ləzzətli, həm də sağlamlıq üçün faydalı məhsuldur.
Tərkibindəki C vitamini ilə soğan insanın immun sistemini gücləndirir və xəstəliklərə qarşı müqavimət qazandırır, qış aylarında qrip və soyuqdəymədən qoruyur. Liflə zəngin olduğundan həzm sisteminin müntəzəm işləməsinə kömək edir, qəbizlik və mədə problemlərində faydalıdır.
Göy soğanın tərkibindəki natrium qan təzyiqini tənzimləyir, antioksidantlar və flavonoidlər arterial damarlarda xəstəlik riskini azaldır. Müntəzəm yeyildikdə təzə soğan ürək xəstəliklərinin qarşısını alır. Bu göyərti bədəndən toksinləri çıxarır, sidikqovucu kimi böyrəklərin və qaraciyərin daha səmərəli işləməsinə kömək edir, təbii detoks prosesini sürətləndirir və sağlamlığı yaxşılaşdırır.
Göy soğandakı kükürd birləşmələri və antioksidantlar xərçənglə mübarizə aparır. Bəzi araşdırmalar göstərir ki, ondan davamlı istifadə xərçəng riskini azaldır O, sümük sağlamlığı üçün vacib olan K vitamini ilə də zəngindir. Bu vitamin isə osteoporoz xəstəliyinin qarşısını alır.
Nəhayət, iltihabı azaltmağa və vaxtından əvvəl qocalma əlamətlərinin qarşısını almağa kömək edən soğandakı vitamin və minerallar dəriyə daha sağlam görünüş verir.
Z.HÜSEYNLİ
XQ