Ürəklərdə yaşayan şəfqətli insan

post-img

28 aprel Azərbaycanın elm və ictimai fikir tarixində silinməz izlər qoymuş akademik Zərifə xanım Əliyevanın doğum günüdür. Zərifə xanı­mın zəngin və mənalı hə­yatı, çoxşaxəli fəaliyyəti Azər­­baycan qadınının yük­sək intellektinin, dərin 
hu­ma­­nizminin və misilsiz səda­qətinin parlaq təcəs­sümü­dür. O, yalnız fundamental elmi kəşflərə imza atmış böyük bir alim deyil, həm də nadir insani keyfiyyətlərə malik olan bir şəxsiyyət idi. 

Zərifə xanım təmiz qəlbi, xeyirxahlığı, insanlara sonsuz məhəbbəti ilə onu tanıyan hər kəsin qəlbində və yaddaşında əbədi olaraq yaşayır. O, öz sadəliyi, təvazökarlığı və zəngin mənəvi dünyası ilə seçilirdi, hər zaman ətrafındakılara diqqətlə yanaşır, onların sevincinə və kədərinə şərik olur, əlindən gələn köməyi əsirgəmirdi. 

Bir alim kimi Zərifə xanım Əliyeva oftalmologiya elmində dünya miqyasında böyük nüfuz sahibi olmuşdur. Onun innovativ elmi araşdırmaları, xüsusilə də sənaye müəssisələrində çalışan işçilərin görmə orqanlarının peşə xəstəliklərinin öyrənilməsi, diaqnostikası və profilaktikası istiqamətindəki fundamental əsərləri bu sahədə yeni bir mərhələnin başlanğıcı olmuşdur. Zərifə xanımın rəhbərliyi altında aparılan tədqiqatlar bir çox göz xəstəliklərinin etioloji amillərinin, patogenezinin və müasir müalicə metodlarının müəyyənləşdirilməsinə misilsiz töhfələr vermişdir. Onun sanballı monoqrafiyaları, elmi məqalələri və ixtiraları bu gün də həkim-oftalmoloqlar üçün dəyərli elmi mənbələrdən biri olaraq qalmaqdadır. Zərifə xanım dəfələrlə nüfuzlu beynəlxalq elmi forumlarda Azərbaycan elmini yüksək səviyyədə təmsil etmiş, öz tədqiqatları ilə dünya alimlərinin böyük marağına səbəb olmuşdur.

Zərifə xanımın həyatında xüsusi əhəmiyyət kəsb edən digər bir rolu isə onun görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı olmasıdır. Heydər Əliyevin mürəkkəb və şərəfli siyasi fəaliyyəti dövründə Zərifə xanım onun ən yaxın məsləkdaşı, sədaqətli dostu, etibarlı sirdaşı və mənəvi dayağı olmuşdur. Onun müdrik tövsiyələri Ulu öndərin qətiyyətli addımlarında, strateji qərarlarında və dövlətçilik fəaliyyətində mühüm rol oynamışdır. Zərifə xanım hər zaman Heydər Əliyevin ideyalarına ürəkdən inanmış, onun siyasi kursunu dəstəkləmiş və ictimai tədbirlərdə onunla çiyin-çiyinə addımlamışdır. Onun zəkası, təvazökarlığı və inamı Ümummilli liderin nüfuzunu daha da artırmışdır.

Zərifə xanım həm də Azərbaycan Respublikasının hazırkı Prezidenti İlham Əliyevin sevimli anasıdır. O, övladını milli-mənəvi dəyərlərə, vətənpərvərliyə, yüksək əxlaqi prinsiplərə sadiq bir şəxsiyyət kimi tərbiyə etmişdir. Prezident İlham 
Əliyevin müasir Azərbaycanın inkişafı, regionda sülhün və sabitliyin təmin olunması, ölkəmizin beynəlxalq arenada nüfuzunun artırılması istiqamətində əldə etdiyi böyük uğurlar həm də Zərifə xanımın ona verdiyi tərbiyənin, zəngin mənəviyyatın və Vətən sevgisinin nəticəsidir. Onun analıq qayğısı və müdrik nəsihətləri İlham Əliyevin şəxsiyyətinin formalaşmasında müstəsna rol oynamışdır.

Zərifə xanım Əliyevanın əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi olaraq yaşayacaq, onun işıqlı obrazı gələcək nəsillərə yol göstərəcəkdir. 

Gülşən Paşayeva,
Milli Məclisin deputatı, 
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin üzvü

Sosial həyat