FHN Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə müsabiqə keçirib

post-img

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə 7 may 2026-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə DYMX-nin hissələri arasında təşkil edilmiş “Ən yaxşı manqa” adı uğrunda baxış-müsabiqəsinin final mərhələsi keçirilib.

XQ xəbər verir ki, tədbirdə fövqəladə hallar nazirinin müavini daxili xidmət general-mayoru Yusif Nəbiyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Asif Məmmədli və FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov iştirak ediblər.

Müsabiqənin keçirilməsində məqsəd əməkdaşların döyüş və taktiki hazırlıq səviyyəsinin daha da artırılması, peşə vərdişlərinin təkmilləşdirilməsindən ibarət olub.

DYMX-nin Xidmətin təşkili və peşə hazırlığı şöbəsinin əməkdaşlarının hakimlik etdiyi və gərgin mübarizə şəraitində keçən final müsabiqəsinin nəticələrinə əsasən, Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsi “Ən yaxşı manqa” baxış-müsabiqəsində 1-ci yeri tutub. 2-ci və 3-cü yerləri isə müvafiq olaraq Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsi və Hacıqabul rayon Dövlət Yanğından Mühafizə Hissəsi bölüşüb.

Dövlət Himninin səslənməsi ilə başlayan final müsabiqəsinin mükafatlandırma mərasimində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edillib.

Sonra tədbirdə çıxış edənlər Ulu Öndərin şərəfli ömür yoluna nəzər salıb, Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıblar. Dahi Rəhbərin bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etdiyini bildirən natiqlər, bu gün Ümummilli Liderin müdrik siyasətinin Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar. Dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.

Sonra qaliblərə diplom, kubok və qiymətli hədiyyələr təqdim edilib.

Mükafatlandırılma mərasimi bədii hissə ilə davam etdirilib.




































Sosial həyat