Bakı Slavyan Universitetində (BSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “Azərbaycanşünaslığın aktual məsələləri. Yeni dövrün Azərbaycanı” mövzusunda XVI beynəlxalq elmi konfransı keçirilib. Konfransda BSU-nun rektoru Anar Nağıyev, Milli Məclisin Sədrinin müavini Musa Qasımlı, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu, Akaka Tsereteli Dövlət Universitetinin rektoru Şalva Kirtadze, Ürgənc Dövlət Pedaqoji İnstitutunun rektoru Feruza Madrakhimova, Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin sabiq hərbi attaşesi, təqaüddə olan general, Şuşa Azərbaycan Evi İdarə Heyətinin üzvü Yücel Karauz iştirak ediblər.
İlk olaraq beynəlxalq elmi konfransın iştirakçıları Fəxri Xiyabanı ziyarət edərək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad ediblər, məzarı önünə əklil və gül dəstələri qoyublar. Sonra tədbir iştirakçıları BSU-da təşkil olunan Ulu Öndər Heydər Əliyevə həsr olunan əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Konfransın əvvəlində Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
BSU-nun rektoru Anar Nağıyev “Yeni dövrün Azərbaycanı” şüarı altında keçirilən beynəlxalq konfransın Ulu Öndər Heydər Əliyevin yaratdığı milli və dövlətçilik irsinin öyrənilməsi, tədqiqi məqsədini daşıdığını qeyd edərək qlobal səviyyədə diskussiya platforması kimi fəaliyyət göstərdiyini bildirib. Rektor çıxışında Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlar kontekstində yalnız Azərbaycanın deyil, Cənubi Qafqaz və daha geniş coğrafiyanın gələcəyinin də müzakirə mövzusuna çevrildiyini vurğulayıb.
A.Nağıyev bildirib ki, Azərbaycanın regional liderliyə doğru gedən yolu, bu liderliyin yaratdığı etibarlı tərəfdaşlıq və əməkdaşlıq mühiti siyasi elmin əsas tədqiqat istiqamətlərindən birinə çevrilib. Rektor qeyd edib ki, ölkənin qazandığı uğurların ideoloji əsasında Azərbaycançılıq məfkurəsi dayanır. Ulu Öndər Heydər Əliyevin milli ideologiyası – xalqımızın tarixi, mədəni və mənəvi dəyərlərinə söykənən bu konsepsiya müasir Azərbaycan dövlətçiliyinin əsasını təşkil edir.
Çıxışın sonunda rektor A.Nağıyev yeni dövrün qarşıya qoyduğu mühüm məsələlərdən biri kimi Cənubi Qafqazın təhlükəsizlik kompleksinin mərkəzində yer alan Zəngəzur dəhlizi və Qərbi Azərbaycan məsələlərinin ciddi müzakirə mövzularından olduğunu vurğulayıb. O, BSU-nun Qərbi Azərbaycan Elmi-Tədqiqat Mərkəzinin bu sahədə tədqiqatlara töhfə verəcəyini diqqətə çatdırıb. Bildirib ki, Mərkəzdə müxtəlif slavyan mənbələrinin tədqiqi nəzərdə tutulmuş, “Qayıdış Konsepsiyası” universitetdə tədris edilən bütün dillərə tərcümə olunub.
Redaksiya heyətinin sədr müavini Elnur Kəlbizadə bildirib ki, BSU-nun ev sahibliyi ilə keçirilən beynəlxalq konfransa bu il də böyük maraq göstərilib. Məruzəçi kimi iştirak etmək üçün 5 ölkədən 255 müraciət daxil olub və onlardan 167-si qəbul edilib. E.Kəlbizadə qeyd edib ki, redaksiya heyəti məruzələri üç mərhələdə – uyğunluq, anonim qiymətləndirmə və plagiat yoxlaması əsasında seçib. O, əlavə edib ki, konfransda 16 yerli elmi və ali təhsil müəssisəsi, 1 orta məktəb, 2 dövlət qurumu, həmçinin Türkiyə, Özbəkistan, Gürcüstan və Şimali Makedoniya kimi ölkələrin nüfuzlu universitetlərinin nümayəndələri iştirak edirlər.
Konfransda çıxış edən Milli Məclisin sədr müavini Musa Qasımlı qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun davamı olaraq mümkün olmuşdur. O vurğulayıb ki, bu siyasi kursun davam etdirilməsi müasir Azərbaycanın qurulması ilə yanaşı, dövlətin suverenliyinin və ərazi bütövlüyünün tam bərpasına gətirib.
BANM-in rektoru Elmar Qasımov çıxışında Ulu Öndər Heydər Əliyevin bizə miras qoyduğu ən dəyərli ideyalardan birinin Azərbaycançılıq fəlsəfəsi olduğunu bildirib. E.Qasımov qeyd edib ki, hər bir azərbaycanlı ölkəmizin davamlı inkişafı və növbəti zəfərləri üçün çalışmalı, gənc nəslin dövrün çağırışlarına uyğun inkişaf etdirilməsi, ali təhsil müəssisələrində isə dövlət siyasətinin sistemli şəkildə öyrənilməsi xüsusi əhəmiyyət daşıyır.
ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Mahirə Hüseynova çıxışında Ulu Öndər Heydər Əliyevin siyasi irsinin öyrənilməsinin və onun ideyalarının həyata keçirilməsinin ali təhsil müəssisələrinin qarşısında duran mühüm vəzifələrdən olduğunu diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirərək ölkəmizə ardıcıl qələbələr bəxş etdiyini qeyd edib, xalqımızın doğma yurdu olan Qərbi Azərbaycana da qovuşacağına inamını ifadə edib.
BBMM-in icraçı direktoru Rəvan Həsənov bildirib ki, zəngin etnik tərkibə malik olan Azərbaycanda birgəyaşayış və multikultural dəyərlər milli birliyin əsas rəmzinə çevrilmişdir. O, Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası prosesində xalqımızın “dəmir yumruq” kimi birləşməsi ilə bağlı fikirlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Türkiyə Respublikasının Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu tədbir iştirakçılarını salamlayaraq Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb. O, həmçinin Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin qorunması və inkişafı istiqamətində həyata keçirilən tarixi missiyaların önəmini vurğulayıb. Rektor BSU ilə Qars Qafqaz Universiteti arasında əməkdaşlığın uğurla davam etdirildiyini bildirib.
Gürcüstanın Akaki Tsereteli Dövlət Universitetinin rektoru Şalva Kirtadze Azərbaycan və Gürcüstan arasında formalaşmış dostluq və strateji tərəfdaşlıq münasibətlərindən bəhs edərək digər sahələrdə olduğu kimi, təhsil sahəsində də qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini xüsusi qeyd edib.
Özbəkistanın Ürgənc Dövlət Pedaqoji İnstitutunun rektoru Feruza Madrakhimova konfransın yüksək səviyyədə təşkil olunduğunu bildirərək Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevə olan sevgisi və ehtiramını böyük rəğbətlə vurğulayıb. O, təmsil etdiyi universitetlə BSU arasında müəllim və tələbə mübadiləsinin aparıldığını qeyd edib, bu əməkdaşlığın davamlı olmasını arzulayıb.
Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin sabiq hərbi attaşesi, Şuşa Azərbaycan Evi İdarə Heyətinin üzvü, təqaüddə olan general Yücel Karauz isə çıxışında Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində gördüyü sistemli və ardıcıl işlərdən danışıb. O, Azərbaycan-Türkiyə arasında mövcud hərbi əməkdaşlığın digər sahələrdə olduğu kimi, hərbi təhsil istiqamətində də davam etdirildiyini və uğurla inkişaf etdiyini vurğulayıb.
Konfransın plenar iclası bədii hissə ilə yekunlaşıb. İki gün davam edən konfrans daha sonra işini bölmə iclasları ilə davam etdirib.
Rizvan FİKRƏTOĞLU
XQ