Ədliyyə Nazirliyinin “881” Çağrı Mərkəzi ötən ay 12 mindən çox vətəndaşın müraciətini cavablandırıb

post-img

Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən XQ-yə verilən məlumata görə, “881” Çağrı Mərkəzi müraciətlərin obyektiv araşdırılması və cavablandırılması, fəaliyyətin təkmilləşdirilməsi üçün təhlillərin aparılması və vətəndaş məmnunluğunun artırılmasını təmin edir. 

Bildirilir ki, Çağrı Mərkəzi iş vaxtı ərzində fasiləsiz olaraq Nazirliyin bütün fəaliyyət sahələri üzrə vətəndaşların müraciətlərinin cavablandırılmasını və yönləndirilməsini həyata keçirir.Avqust ayı ərzində “881” Çağrı Mərkəzinə məhkəmə qərarlarının icrası, məhkəmə ekspertizası, bələdiyyələrin fəaliyyəti, notariat, qeydiyyat, penitensiar, probasiya  və digər aidiyyəti sahələr üzrə daxil olan 12.599 müraciətdən 12.078-i cavablandırılıb. Vətəndaşlara göstərilən xidmət səviyyəsi (daxil olan zənglərin 30 saniyə ərzində cavablandırmaya qəbul faizi) 87 faiz təşkil edib, habelə vətəndaşların müraciətlərinə orta hesabla 1 dəqiqə 42 saniyə ərzində cavab verilib.

Bundan başqa, Çağrı Mərkəzində müraciətlərin birbaşa cavablandırılması ilə yanaşı ən son innovativ həlləri əks etdirən proqram təminatı vasitəsilə interaktiv səsli menyu, “geriyə zəng” və “zəng sifarişi” xidmətlərinin tətbiqi vətəndaşların Nazirliyə  əlçatanlığını asanlaşdırıb. Bu xidmətlər vasitəsilə ay ərzində 521 itirilmiş zənglə əks əlaqə yaradılıb və qeyri-iş günlərində müraciət edən 369 vətəndaşın suallarının cavablandırılması təmin edilib.

Ədliyyə Nazirliyi Çağrı Mərkəzinin inkişaf etdirilməsi, qanunvericiliyin tələblərinə və müasir standartlara uyğun təşkili, vətəndaş məmnunluğunun, operativliyin və göstərilən xidmətin keyfiyyətinin artırılması üçün davamlı olaraq tədbirlər həyata keçirir.

Nurəngiz Adilqızı
XQ

Sosial həyat