Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutan konfransın məqsədi Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və hüquqi əsaslarının qurulmasında Konstitusiyanın roluna verdiyi əhəmiyyətini vurğulamaq və Azərbaycan xalqının dövlətçilik irsinin qorunub saxlanmasını təşviq etməkdir.
Ümumilli Lider Heydər Əliyevin ömür yolundan bəhs edən video-çarxın nümayişindən sonra icra başçısı Niyazi Bayramov, Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz rolundan danışıb. Heydər Əliyevin yalnız siyasi xadim deyil, həm də müasir müstəqil Azərbaycanın memarı olduğunu bildirən N. Bayramov, Ümummilli liderin uzaqgörən siyasəti, müdrikliyi və dəmir iradəsi nəticəsində ölkəmizin ağır sınaqlardan üzüağ çıxaraq regionun lider dövlətlərindən birinə çevrildiyini diqqətə çatdırıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri B.Muradova bildirib ki, bu gün dünyada gedən proseslər, müharibə və müxtəlif qarşıdurmaların olduğu bir dövrdə Azərbaycanın həyata keçirdiyi xalqlara sülh, əminamanlıq, dinlər və etnik qruplar arasında tolerantlıq və multikultural dəyərlərin bərqərar olması istiqamətindəki siyasət onu göstərir ki, Ulu babalarımızın bizə miras qoyub getdiyi dəyərlərə sadiqik və bəşəriyyət naminə istifadə etməkdəyik.
Azərbaycanın dövlət siyasətində gənclərin xüsusi yer tutduğunu diqqətə çatdıran B.Muradova qeyd edib ki, gənclər ilk növbədə doğulduğu ailədə, təhsil aldığı məktəbdə, Universitetdə yetişir və bu sosial mühitin ona verdiyi imkanlardan faydalanaraq şəxsiyyət kimi böyüyür, vətəndaş kimi formalaşır. O çıxışısının sonunda vurğulayıb ki, Heydər Əliyevin siyasi ideyaları və qurduğu müstəqil dövlət bu gün hər bir Azərbaycan vətəndaşı üçün müqəddəs bir mirasdır. “Bu mirası qorumaq və inkişaf etdirmək hər birimizin vətəndaşlıq borcudur” – deyə əlavə edib. Azərbaycan dövlətini hər kəsin milli sərvəti adlandıran B.Muradova qeyd edib ki, hamımız o sərvəti qorumağa, üzərinə yeni uğurlar əlavə etməyə borcluyuq: “Xalqımızın canı-qanı bahasına əldə etdiyi nailiyyətləri qorumaq, inkişaf etdirmək və tarixi Zəfərimizi gələcək nəslə daşımaq, eləcə də daha qüdrətli Azərbaycan yaratmaq siz- gənclərin vəzifəsidir”.
Fikirlərini Ulu Öndərin “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” sözləri ilə yekunlaşdıran B.Muradova, bundan sonra da xalqı üçün çalışan, fədakarlıq göstərən çoxsaylı oğul və qızların yetişəcəyinə inamını ifadə edərək, konfransın işinə uğurlar arzulayıb.
YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşmasında və möhkəmlənməsindəki tarixi xidmətlərindən bəhs edib. Dövlət idarəçiliyində əldə olunan uğurlardan, sosial-iqtisadi nailiyyətlərdən danışaraq bu yolda Yeni Azərbaycan Partiyasının rolunu xüsusi vurğulayıb.
Konfrans Milli Məclisin deputatı Pərvin Kərimzadənin moderatorluğu ilə panel müzakirələrlə davam edib. Paneldə Milli Məclisin deputatları Musa Quliyev və Kamal Cəfərov, ictimai xadim Həsən Həsənovun çıxışları dinlənilib.
Tədbirdə millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, ictimai xadimlər, müəllim və tələbələr iştirak edib.
Z.HÜSEYNOVA
XQ