Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib

post-img

Mayın 6-7-də Səudiyyə Ərəbistanı Krallığı və Maldiv Respublikasının birgə təşkilatçılığı ilə Maldiv Respublikasında “Turizm sektorunda korrupsiyaya qarşı mübarizə və şəffaflığın gücləndirilməsi” mövzusunda beynəlxalq tədbir keçirilmişdir. 

Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən XQ-yə verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizi təmsil etmişdir. 

Forumda BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin (UNODC) İcraçı direktoru, İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi, 40-dan artıq ölkənin və 10-dan çox beynəlxalq təşkilatın rəhbər şəxsləri də daxil olmaqla 170-dən çox nümayəndə iştirak etmişdir. 

İclas çərçivəsində müxtəlif ölkələrdə turizm sektorunda rast gəlinən korrupsiya halları, bu sahədə risklərin erkən müəyyən olunması və qarşısının alınması yolları müzakirə edilmiş, aidiyyəti qurumların ekspertləri bu sahədəki çətinliklər və uğurlu təcrübələri bölüşmüşlər. Sessiyalarda etik davranışın təmin olunması üçün institusional çərçivələrin möhkəmləndirilməsi və səmərəli mexanizmlərin tətbiqi zərurəti vurğulanmış, turizm sektorunun transmilli xarakterini nəzərə alaraq beynəlxalq əməkdaşlığın əhəmiyyəti önə çəkilmişdir. 

Həmçinin, korrupsiyaya qarşı mübarizədə mövcud alət və mexanizmlər təqdim olunmuş, BMT tərəfindən “Korrupsiyanın Ölçülməsi üzrə Qlobal Təşəbbüs” layihəsi çərçivəsində ölkələrin bu sahədəki irəliləyişlərinin qiymətləndirilməsi və siyasət tövsiyələrinin hazırlanmasına yönəlmiş yanaşmalar iştirakçılara təqdim edilmişdir. 

Tədbirdə çıxış edən nümayəndə heyətinin rəhbəri Nazim Rəcəbov ölkəmizdə turizm sahəsində son illərdə həyata keçirilmiş islahatlar, beynəlxalq əməkdaşlıq tədbirləri, müşahidə olunan korrupsiya hüquqpozmaları və bu hallarla bağlı Baş İdarədə aparılmış ibtidai araşdırmaların xüsusiyyətləri barədə məlumat vermişdir. 

O, həmçinin korrupsiya risklərinin müəyyənləşdirilməsi və idarə edilməsi mexanizmləri, eləcə də 2022–2026-cı illəri əhatə edən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair Milli Fəaliyyət Planı” çərçivəsində görülmüş preventiv tədbirlər haqqında geniş təqdimatla çıxış etmişdir. 

Tədbir çərçivəsində Nazim Rəcəbov Səudiyyə Ərəbistanının Korrupsiyaya qarşı Nəzarət və Antikorrupsiya Qurumu, Malayziya Antikorrupsiya Komissiyası, Maldiv Respublikasının Korrupsiyaya qarşı Mübarizə Komissiyası və Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Bölgəsinin Korrupsiyaya qarşı Müstəqil Komissiyasından olan həmkarları ilə ikitərəfli görüşlər keçirmişdir.

Görüşlərdə hüquqi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı maraq doğuran məsələlər və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılmışdır.





Sosial həyat