Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Rayonunun (SUMR) Kuça şəhərində 4-cü “İpək yolu dostluq elçisi” mükafatlandırma mərasimi keçirilib.
Çin Beynəlxalq Mədəniyyət Mübadiləsi Mərkəzinin və “Jenmin Jibao” qəzetinin təşkilatçılığı, SUMR yerli hökumətinin dəstəyi ilə keçirilən tədbirdə 15-dən çox ölkədən nümayəndə, dövlət və hökumət rəsmiləri, elm adamları və mədəniyyət xadimləri iştirak edib. Mərasimdə İpək yolu ölkələri arasında sülh, əməkdaşlıq və xalqlar arasında qarşılıqlı anlaşma ideallarına töhfə verən 10 nəfər və bir təşkilata “İpək yolu dostluq elçisi” mükafatı təqdim olunub. Onlar arasında Çində yaşayan həmvətənimiz Asəf Tağıyev də olub.
Mərasimdə çıxış edən A.Tağıyev Azərbaycanın tarixi İpək yolundakı strateji rolunu vurğulayıb, ölkəmizin Şərqlə Qərb arasında körpü funksiyasını əsrlər boyu uğurla yerinə yetirdiyini xatırladıb. Bildirib ki, Azərbaycanın Bakı, Şamaxı, Gəncə və Naxçıvan kimi tarixi şəhərləri İpək yolu üzərində mühüm ticarət və mədəniyyət mərkəzləri olub.
XQ