Zirvədən-zirvəyə boylanan evimiz kəndimizin ən yüksək nöqtəsində qərar tutub. Axar-baxarlı mənzərəsi olan həyətimizdə bir tut ağacı var. Qoynu xatirələrlə doludur. Kənd evimizin həyətində azman bir heykəl kimi dayanıb qardaşım tut ağacı. Şirin uşaqlıq xatirələrimi bahar könlündə gülləndirib gül şaxına döndərib. Anam onun kölgəsində hər gün Tanrı duaları oxuyardı. Taxtın üstünə xalça-palaz sərərdi. Atam mütəkkəyə dirsəklənib könül həyanı, tale yoldaşı, ürək sirdaşı ilə dərdləşirdi.
Mən universitetə qəbul olanda, əsgəri xidmətdən qayıdanda, toyum olanda, oğlanlarım dünyaya gələndə toğluları kəsib, o tut ağacının budaqlarından asıb soyardılar. Altında samovara od salar, çay dəmləyərdilər. Süfrəyə hər naz-nemətdən qoyardılar. Saz-söz məclisimiz gecədən səhərəcən davam edərdi.
Gecələr Ay işığında, tut ağacının altında anamın yarma çəkdiyi kirkirəsi, yun darağı, ip əyirdiyi cəhrəsi, yağını yağ, ayranını ayran etdiyi nəhrəsi evimizin ən qiymətli əşyaları, ən gözəl naxışları, yadigar nişanələr idi. Sərin ağac kölgəsində çay içməyin, kitab oxumağın özgə ləzzəti var. Mən ona çox bağlanmışdım. Hayana getsəm, qardaşım tut ağacından halallıq alardım. Haramla işim olmazdı.
Yaz ayları ilk baharın çiçək-çiçək açılan çağında, qaranquşlar kəndimizə dönəndə tut ağacının dövrəsində halay vurardı. Ağbirçək nənələr kölgəsində bardaş qurardı. Yay mövsümü başlayandan ta payızın son günlərinədək kölgəsindən qonaq-qaranın ayağı kəsilməzdi. Anamın mis qazanları löyün-löyün təamlarla boşalardı, dolardı. Nə təknədən çörəyimizin bərəkəti, nə də Tanrının verdiyi ruzi tükənərdi. Anamın bişirdiyi sac əppəyini, təndir çörəyini indi hardan alım?!
Tələbəlik illərində, yay tətilində kəndə gedəndə, gecələr o tut ağacının altındakı taxtın üstündə yatardım. Zümrüd gecələrdə şirindən–şirin rəngli yuxular görərdim. Yatmış kəndin yay gecələri nə gözəl olur! Kimsəsiz gecələrdə oyaq qalan köpəklər ulduzlara hürür. Gecəylə gündüzün arasında Ay və Günəş laylamı çalardı. Leysan yağsa da, tut ağacının altına bir damcı da yağış suyu düşməzdi. Sıx yarpaqların arasından göy üzündə ulduzların bərq vurduğunu seyr edib yuxuya gedərdim.
Gözəldağın arxasından çıxanda Günəşin al şəfəqləri parlayardı. Günəş üfüqdən enib iri gözlü, qırmızı yanaqlı həmayıl kimi boylananda yuxudan oyanardım. İndi də nağıl gecələrdə bərq vuran ulduzların gümüşü işığında Gündoğandan Günbatana yol gedirəm. Bu da həyatın sevinci, bu da acılı-şirinli ömür dediyimiz bir inci. Atam, anam, bacı-qardaşlarım ömürlərini mənə bağışlayıb köçdülər bu dünyadan. Bir mən qaldım, bir də qardaşım tut ağacı. Bəlkə o, qaldıqca qalar, mən ki bu dünyanı tutub qalan deyiləm.
Mən dünyaya gələndə anam əkmişdi o tut ağacını. Dünyaya göz açıb onu həyətimizdə görmüşəm. Əkiz qardaşlar kimi bərabər böyümüşük. Gecələr anam “əkiz qardaşım”la baş-başa verib ağı deyirdi. Taleyi sərt, ömrü kəm anam gözüylə od götürmüşdü. Sərt taleyinin qurbanı olub bir gün də bu dünyadan köçdü.
...Çiynimi anamın tabutunun altına verəndə qardaşım tut ağacının sıx yarpaqları arasından elə bir sazaq keçdi ki, içim göynəm-göynəm göynədi. Anam onu çiçək boyda əkdi, ürək boyda nəğmə kimi bəstələdi. Çətir-çətir, sətir-sətir, misra-misra, yarpaq-yarpaq, budaq-budaq böyütdü. Ürəyinin odunda isindirib, duyğularının bulağından su içirtdi. Onun dadlı meyvələri anamın həzin, kövrək laylaları ilə şirinləşirdi.
Bu gün qardaşım tut ağacından ötrü burnumun ucu göynəyir. Neçə vaxtdır mənim səsimə, nəfəsimə həsrətdir. Elə bilirəm nə vaxtsa ata ocağımıza dönəndə anamı o qumral tutun şirin meyvələrindən mürəbbə bişirən, bəhməz qaynadan, tut qurusu sərən görəcəyəm. Eh, bir də necə görəcəyəm Alagöz inəyimizin yelinindən anamın sərnic dolusu süd sağdığını?!
İndi qərib-qərib gözləri yol çəkən qardaşım tut ağacının budaqlarında quşlar oxuyur, hörümçəklər xalı toxuyur. Mənsiz qalan evimizə ruhlar keşik çəkər. Yollarım bağlıdır, hələ gedə bilmirəm. Bir onu bilirəm ki, dərin kökləri ilə torpaqdan möhkəm yapışan “əkiz qardaşım” hayqırıb deyir ki, bu evin yiyəsi bir gün gələcək, bu ev yiyəsiz deyil:
Anadillər qanad gərib,
Elə oxuyur, oxuyur.
Evimizdə qərib-qərib
Ruhlar da cənnət qoxuyur...
Həzi HƏSƏNLİ,
şair-publisist