Miqrasiya böhranı konstitusiya haqq-hesabına çevrilir
ABŞ-da federal və ştat hakimiyyətləri arasında yaranan gərginlik yeni mərhələyə qədəm qoyub. Belə ki, Kaliforniya ştatı və qubernator Kevin Nyusom ABŞ prezidenti Donald Trampı, Pentaqonu və müdafiə naziri Pit Heqseti məhkəməyə verib. İddianın səbəbi federal hökumətin Los-Ancelesdə miqrasiya əleyhinə etirazları yatırmaq məqsədilə Milli qvardiya qüvvələrini şəhərə yeritməsidir. Ştat rəhbərliyi bu addımı konstitusiyaya zidd və ştatın suverenliyinin pozulması kimi dəyərləndirir.
Kevin Nyusomun bəyanatında vurğulanır ki, ABŞ konstitusiyası hökumətin xalq qarşısında məsuliyyət daşımasını və mülki idarəçiliyin hərbi nəzarətdən üstün olmasını nəzərdə tutur. Şikayətə əsasən, Trampın istinad etdiyi federal qanun yalnız üsyan və ya fövqəladə vəziyyət zamanı qüvvəyə minə bilər ki, bunun üçün də qubernatorun razılığı tələb olunur. Lakin bu razılıq verilməyib.
Xatırladaq ki, iyunun əvvəlində ABŞ İmmiqrasiya və Gömrük Mühafizə İdarəsinin (ICE) Los-Ancelesdə həyata keçirdiyi kütləvi reydlər (əsasən sənədsiz miqrantların saxlanılması) geniş etirazlara səbəb olub. ABŞ-ın qərbindəki ən böyük şəhərlərdən biri olan Los-Anceles onsuz da “sığınacaq şəhəri” kimi tanınır və demokratik dairələrdə prezidentin miqrasiya siyasətinə qarşı müqavimətin simvoluna çevrilib.
Etirazların gedişində gözyaşardıcı qaz və səs qumbaralarından istifadə olunub. Nəticədə, 170 nəfər saxlanılıb, bəzi nümayişçilər isə polislə qarşıdurmada beton parçaları atıblar. Federal hökumət hadisələri “zorakı üsyan” kimi qiymətləndirərək şəhərə 2000 nəfərlik Milli Qvardiya qüvvəsi göndərib. Pentaqon isə əlavə 700 dəniz piyadasının da hazır vəziyyətdə olduğunu bildirib.
Ağ ev bu addımı Kaliforniya rəhbərliyinin “səriştəsizliyi” ilə izah edir. Prezident Tramp sosial şəbəkədə qeyd edib ki, əgər ştat rəhbərliyi öz vəzifəsini yerinə yetirə bilmirsə, federal hökumət müdaxilə etməyə məcburdur. Prezident Tramp, eyni zamanda, etirazlarda maska taxılmasını da qadağan etdiyini elan edib: “Bu insanlar nəyi gizlədirlər və niyə?”
Qubernator Nyusom prezident Trampın addımını “planlaşdırılmış təxribat” və “xalqı qorxutma kampaniyası” adlandırıb. O bildirib ki, Kaliforniyada kifayət qədər yerli hüquq-mühafizə orqanı var və federal müdaxilə siyasi məqsədlərlə həyata keçirilir. Nyusom etirazçılara müraciət edərək zorakılıqdan çəkinməyə və dinc formada mövqelərini ifadə etməyə çağırıb.
Ümumiyyətlə, miqrasiya məsələsi ABŞ-da partiyalararası mübarizənin mərkəzində dayanır. Donald Trampın ikinci prezidentlik müddətində əsas hədəflərindən biri olan 1 milyon qanunsuz miqrantın deportasiyası, artıq ölkənin hüquqi və siyasi institutlarını qarşı-qarşıya qoyub. Bu fonda Kaliforniya rəhbərliyinin məhkəmə iddiası təkcə hüquqi mübahisə deyil, həm də dövlət idarəçiliyi sistemində balans və qarşılıqlı nəzarət prinsipinin sınağıdır.
ABŞ politoloqlarının fikrincə, Kaliforniyanın prezident Trampa qarşı məhkəmə iddiası ABŞ-da ştatların suverenliyi və mərkəzi hakimiyyətin səlahiyyətləri arasında sərhədlərin yenidən nəzərdən keçirilməsi üçün presedent yarada bilər. Əgər məhkəmə ştatın mövqeyini əsaslı sayarsa, bu, gələcəkdə digər ştatlara da oxşar hallar zamanı federal təzyiqlərə qarşı çıxmaq üçün hüquqi baza yaradacaq. Əks halda, federal hökumətin daxili təhlükəsizlik adı ilə müdaxiləsi legitimləşdirilə bilər. Amerikalı hüquqşünasların sözlərinə görə, mübahisə təkcə hüquq və siyasətin deyil, həm də Amerikanın gələcək idarəçilik modelinin konturlarını müəyyən edə bilər.
Bəs Kaliforniyada baş verən iğtişaşlar və prezident Trampın buna cavab olaraq atdığı addımlar Ağ ev sahibinin reytinqinə necə təsir göstərə bilər? Siyasi analitiklərin ehtimallarına görə, bu hadisələr onun reytinqinə həm müsbət, həm də mənfi təsir göstərə bilər və bu, auditoriyanın ideoloji baxışlarından, eləcə də hadisələrin davamından asılıdır.
Müsbət təsir ssenarisi ondan ibarətdir ki, Trampın əsas seçici bazası – miqrasiya ilə mübarizəni dəstəkləyən, hüquq-mühafizə orqanlarına önəm verən və “qanun-qayda” çağırışlarını qiymətləndirən elektorat Ağ ev sahibini dəstəkləyəcək. Bu qrupda Trampın reytinqi artmaqda davam edə bilər, xüsusən də o, hadisələri “nizam-intizamın bərpası” kimi çərçivələndirməyə davam edərsə, proses onun xeyrinə işləyəcək.
Mənfi təsir ssenarisi isə budur ki, daha liberal, insan hüquqları və ştat suverenliyini önə çıxaran seçicilər, eləcə də Kaliforniya kimi demokratik ərazilərdə yaşayanlar Trampın sərt addımlarını alqışlamayacaqlar. Prezident Tramp bu qrupda həm reytinq, həm də legitimlik baxımından ciddi zərbə ala bilər. Bu, xüsusən də məhkəmə prosesi Trampın əleyhinə nəticələnsə, daha da güclənəcək.
Bundan başqa, ABŞ mətbuatının yazdığına görə, həlledici qrup sayılan tərəddüdlü və müstəqil seçicilər hələlik qarışıq siqnallar verirlər. Bu qrup qayda-qanun istəyən, lakin sərt metodlardan ehtiyat edən vətəndaşlardır. Prezident Trampın reytinqi bu seçici qrupu üçün müvəqqəti düşə və ya yüksələ bilər, lakin əsas təsir məhkəmə qərarı və hadisələrin uzunmüddətli siyasi tezisləri ilə formalaşacaq.
Bir sözlə, son hadisələrin fonunda prezident Trampın reytinqində kiçik sıçrayış mümkündür, xüsusən də “FOX News” və sağ mərkəzçi mediada hadisələrin sərt təfsiri davam edərsə, bu tendensiyanı müşahidə edə bilərik. Əgər etirazlar uzanarsa və zorakılıq halları artarsa, bu, prezident Trampa siyasi qazanc gətirə bilər. Bundan başqa, məhkəmə Kaliforniya tərəfini haqlı çıxararsa, bu, prezident Trampın konstitusiya səlahiyyətlərdən sui-istifadə etdiyi fikrini gücləndirəcək. Nəhayət, uzunmüddətli perspektivdə miqrasiya böhranı Ağ ev sahibinin seçki kampaniyasındakı “qanun-qayda” şüarını gücləndirəcək, lakin bu, cəmiyyətdə daha dərin qütbləşməyə yol aça bilər.
Səbuhi MƏMMƏDOV
XQ