Ağ evin texnologiya razılaşmaları ölkədə niyə narahatlıq doğurur?
Prezident Donald Trampın Yaxın Şərqə son səfəri ABŞ, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında süni intellektə dair bir sıra böyük investisiya müqavilələri ilə yadda qaldı. Səfər zamanı yüksək məhsuldar çiplərin satışı və Abu Dabidə ən böyük məlumat mərkəzinin yaradılması da daxil olmaqla, on milyardlarla dollar dəyərində sövdələşmələr imzalandı. Lakin bu razılaşmalar Vaşinqtonda narahatlıq yaradır. Tənqidçilər iddia edirlər ki, Yaxın Şərq ölkələrinə qabaqcıl texnologiyaların verilməsi süni intellektdə liderlik yarışında Çinə dolayı yolla kömək edə bilər.
Ağ evin Səudiyyə Ərəbistanı və BƏƏ də daxil olmaqla müəyyən ölkələrə süni intellekt texnologiyasının satışını məhdudlaşdıran qərarı ləğv etməsi ABŞ qanunvericilərini əndişələndirir. Amerikalı qanunvericilər ehtiyat edirlər ki, sözügedən texnologiyalar Çinin əlinə düşə bilər. Bu narahatlıq onunla əlaqələndirilir ki, Çinin bölgədə dərin ticari və siyasi əlaqələri var və bəzi ekspertlər ABŞ-ın Səudiyyə Ərəbistanı və BƏƏ-yə satdığı çiplərin sonda Çin şirkətlərinin əlinə keçə biləcəyinə inanırlar. Bəzi mütəxəssislərin sözlərinə görə, Yaxın Şərq ölkələri süni intellektə sərmayələri sürətlə artırır ki, bu da qlobal texnologiya yarışında güc balansını dəyişə bilər. İddia olunur ki, ABŞ yüksək məhsuldar yarımkeçiricilər istehsalında liderliyini qorumağa çalışır, lakin bu cür sövdələşmələr onun mövqeyini zəiflədə bilər.
Səudiyyə Ərəbistanı və BƏƏ öz iqtisadiyyatlarını şaxələndirmək və neftdən asılılığını azaltmaq məqsədilə strateji sektor kimi süni intellekt sahəsini fəal şəkildə inkişaf etdirirlər. Hər iki ölkə investisiya cəlb edir və qlobal texnologiya yarışında güc balansını dəyişə biləcək dünyanın ən böyük məlumat mərkəzlərini yaradırlar. Xatırladaq ki, ABŞ hər iki ölkə ilə güc balansını əhəmiyyətli dərəcədə dəyişdirəcək iki mühüm saziş imzaladı. Bu razılaşmaların iqtisadi, geosiyasi və milli təhlükəsizliyə təsiri var və Ağ ev hesab edir ki, bu ikitərəfli razılaşmalar Amerikanın süni intellektdə liderlik iddiasını gücləndirir və ABŞ-ın hesablama resurslarının əlçatanlığını zəiflətmir, əksinə, gücləndirir.
ABŞ-ın Çinə qabaqcıl yarımkeçirici texnologiya və çiplərin ixracına ciddi məhdudiyyətlər qoyduğu məlumdur. Bu, hərbi və süni intellekt kimi ABŞ-ın milli təhlükəsizliyini təhdid edə biləcək sahələrdə Çinin texnoloji inkişafını ləngitmək üçün edilir. Çinin texnoloji sənayesi və hərbi proqramları üçün qabaqcıl çiplərə çıxışa ehtiyacı var. Birbaşa məhdudiyyətlər qarşısında Çin şirkətləri və dövlət qurumları bu texnologiyaları əldə etmək üçün fəal şəkildə həll yolları axtarırlar. Belə iddialar var ki, Yaxın Şərq ölkələrində ABŞ kimi sərt ixraca nəzarət və mühafizə sistemləri olmaya bilər. Bu da ölkələrə qanuni olaraq satılan çiplərin daha sonra vasitəçi şirkətlər, qaçaqmalçılıq və ya digər qeyri-qanuni sxemlər vasitəsilə Çinə yönləndirilə bilməsi ehtimalını yaradır.
Heç kimə sirr deyil ki, qlobal elektronika təchizat zəncirləri mürəkkəb və çoxqatlıdır, bu da hər bir komponentin son istifadəçisini izləməyi çətinləşdirir. Elektron komponentlər də daxil olmaqla, müxtəlif sanksiyaya məruz qalan mal və texnologiyaların üçüncü ölkələr vasitəsilə ötürüldüyünü təsdiqləyən hesabatlar və araşdırmalar var. Buna görə də, Birləşmiş Ştatlar və onun müttəfiqləri ardıcıl olaraq bu cür sızmalardan narahat olduqlarını bildirir və təkrar ixraca nəzarəti gücləndirməyə çalışırlar. Bəzi Yaxın Şərq ölkələri həm ABŞ, həm də Çin ilə sıx iqtisadi və siyasi əlaqələr saxlayır ki, bu da ABŞ-ın Pekinə qarşı ixrac məhdudiyyətlərini ciddi şəkildə tətbiq etmək üçün çətin bir mühit yarada bilər.
S.MƏMMƏDOV
XQ