Cenevrə şəhərində (İsveçrə) Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Bürosunun 130-cu iclası keçirilib.
İclasda iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev açıq səsvermə yolu ilə BSTA-nın Bürosunun üzvü seçilib.
İki gün davam edən iclasda Assosiasiyanın idarəçiliyində və xidmətlərinin təşkilində Büronun əhəmiyyəti vurğulanıb. Büro üzvləri və Texniki Komissiyaların sədr vəzifələrində dəyişikliklər, Assosiasiyaya üzvlük vəziyyəti və yeni müraciətlər barədə məlumat verilib.
İclasda BSTA-nın Prezidenti və Baş katibinin fəaliyyəti, Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq, eləcə də 2024-cü il üzrə maliyyə və nəzarət ilə bağlı hesabatlar dinlənilib.
Eyni zamanda 2026-2028-ci illəri əhatə edən proqram və büdcə təklifləri, BSTA-nın Nizamnaməsinə dəyişikliklər üzrə təkliflər müzakirə olunub.