Hüseynqulu xanın müdrik kəlamı

post-img

Türkiyənin populyar teleserialı olan “Qurdlar vadisi” filminin qəhrəmanı Polat Alemdarın dediyi, bəzi sitatlarda Şeyx Şamilə aid edilən, bəzən də şəhidlər haqqında yazılara başlıq kimi qoyulsa da, mənbəyi bildirilməyən “Sonunu düşünən qəhrəman olmaz” fikri, əslində, onların heç birinə məxsus deyim deyil.

“Facebook” sosial şəbəkəsində “Azərbaycanlıların səhifəsi” kontentində də təsdiqlənir ki, bu aforizmin müəllifi azərbaycanlı tarixi şəxsiyyət – Bakı hakimi olmuş Hüseynqulu xandır. Özü də dediyini əməli ilə təsdiqləyib. Yalnız onu deyək ki, sözügedən kontentdə də, digər yazılarda da səhvən Bakı hakimi Hüseynqulu xanın deyil, onun adaşı və müasiri olmuş Urmiya xanlığının hakimi Hüseynqulu xan Qasımlı-Avşarın şəkli qoyulur. Bu yanlışlıq da, yəqin ki, Bakı xanının öz şəklinin olmaması üzündən baş verir.

Hadisə belə olub: 1806-cı il fevralın 8-də Bakını tutmaq istəyən rus general Pavel Sisianov “Mən istəyirəm ki, Hüseynqulu xan şəxsən özü qarşımda diz çöküb açarları təqdim etsin” deyərək onu Qoşa Qala qapısının yanına çağırır. Hüseynqulu xan Bakı bəylərindən olan məşhur Əhməd bəylə və əmisi oğlu İbrahim bəylə birlikdə zahirən itaətcil kimi qala darvazasından çölə çıxır. Sisianov polkovnik Georgi Eristovla və bir nəfər cangüdənlə onlara yaxınlaşır və açarları amiranə surətdə almaq istərkən İbrahim bəy dəqiq açdığı iki atəşlə onu və Eristovu öldürür. Qılınc döyüşünü çox gözəl bilən Hüseynqulu xan isə cəld bir hərəkətlə uzun xəncərini çıxararaq general Sisianovun başını bədənindən ayırır. Düşmən yerə yıxılan zaman “Səndən Gəncənin də, Şamaxının da heyfini çıxdım” – deyir. Bundan sonra Hüseynqulu xan yeraltı keçidin qapısı üzərinə bu sözləri yazdırıb: “Sabahını düşünən insan heç vaxt igid ola bilməz”.

Onu da deyək ki, bəzi mənbələrdə bu hadisə xəyanət kimi dəyərləndirilib. Hətta hadisədən 40 il sonra erməni Tomas Ayvazovun ianəsi hesabına həmin yerdə canişinin abidəsinin də quraşdırıldığı barədə məlumat var. Aleksandr Dümanın “Qafqaz səfəri”ndə oxuyuruq: “İsmət və bəkarət rəmzi olan Qız qalasına gəlməmişdən qabaq başqa bir abidəyə də rast gəlmişdik. Bu, Gürcüstanın canişini general Sisianovun abidəsi idi... Ermənilər Sisianovu xəbərdar etmişdilər ki, görüş zamanı onu öldürəcəklər. Sisianov özünü Sezar kimi cəsur göstərmiş və “Buna cürətləri çatmaz”, – demişdi”. Amma, göründüyü kimi, Hüseynqulu xanın cürəti çatmışdı.

P.S: Hazırda hadisənin baş verdiyi küçə Qarabağda şəhid olmuş Təbriz Xəlilbəylinin adını daşıyır.

Ə.DOSTƏLİ
XQ

Sosial həyat