Əlaqələr genişlənir: Azərbaycan və Çin Orta Dəhlizin inkişafında strateji tərəfdaşlığa doğru

post-img

Azərbaycan və Çin arasında imzalanmış yeni Anlaşma Memorandumu nəqliyyat-logistika sektorunda strateji əməkdaşlığın yeni mərhələyə keçidini simvolizə edir. “Azərbaycan Dəmir Yolları” QSC ilə “Çin Dəmir Yolları” Dövlət Korporasiyası arasında əldə olunan razılaşma Bakı ilə Pekin arasında nəqliyyat və iqtisadi əlaqələrin daha da dərinləşməsinə zəmin yaradır. Bu sənəd təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də Avrasiya qitəsində inteqrasiya olunmuş dəmir yolu şəbəkəsinin qurulmasında mühüm mərhələ kimi qiymətləndirilir.

Bakı–Tbilisi–Qars: Yeni İpək Yolunun əsas damarı

Memorandumda xüsusi yer verilən Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xətti son illərdə Azərbaycanın tranzit siyasətində əsas sütunlardan birinə çevrilib. Bu marşrut yalnız Çin mallarının Avropaya çatdırılması baxımından deyil, həm də Şərqlə Qərbi, Asiya ilə Avropanı birləşdirən mühüm geoiqtisadi körpü funksiyası daşıyır. BTQ xəttinin modernləşdirilməsi və buraxılış qabiliyyətinin artırılması istiqamətində 2023–2024-cü illərdə aparılan işlər Orta Dəhlizin texniki və operativ səmərəliliyini xeyli artırmışdır.

Gürcüstan ərazisində həyata keçirilən infrastruktur yenilənməsi sayəsində bu marşrut üzrə daşımaların sürəti və təhlükəsizliyi yüksəlib. Yük qatarlarının ötürmə qabiliyyətinin artırılması isə region ölkələrinin – Azərbaycan, Gürcüstan, Türkiyə və daha sonra Avropanın – daha effektiv inteqrasiyasını təmin edəcək.

Çin istehsal gücləri üçün alternativ yol

Yeni razılaşma çərçivəsində Çin istehsal mərkəzlərinin Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına çıxışı üçün daha rəqabətli və etibarlı nəqliyyat koridoru formalaşır. Ənənəvi dəniz marşrutları ilə müqayisədə daha sürətli və çevik olan BTQ xətti, xüsusilə qlobal logistika zəncirlərində yaşanan gecikmələr və risklər fonunda daha cəlbedici alternativə çevrilməkdədir.

Azərbaycan bu marşrutda həm coğrafi mövqeyi, həm də inkişaf edən infrastruktur potensialı ilə aparıcı tranzit ölkə rolunu möhkəmləndirir. Bu, həm də ölkəmizə əlavə valyuta axını, yükdaşıma və logistika sahəsində yeni iş yerləri və texnologiyaların transferi baxımından real dividendlər vəd edir.

Xəzər üzərindən yük axını genişlənir

Anlaşmanın əhəmiyyətli hissələrindən biri də Xəzər dənizi üzərindən konteyner daşımalarının artırılması və liman infrastrukturlarının koordinasiyalı inkişafıdır. Bu xüsusda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Aktau–Türkmənbaşı–Ələtdəki konteyner daşımaları potensialı önə çıxır. Gündəlik blok-qatarların sayının artırılması və ən azı 10 qatarın fasiləsiz hərəkətinə nail olunması planı, nəqliyyat əməliyyatlarının dayanıqlığını təmin etməklə regionun strateji əhəmiyyətini artırır.

Yekun qiymətləndirmə

Azərbaycan və Çin arasında bu əməkdaşlıq yalnız logistika sahəsində deyil, həm də siyasi və iqtisadi münasibətlər müstəvisində qarşılıqlı etimad və strateji tərəfdaşlığın göstəricisidir. Bakı–Tbilisi–Qars marşrutu və Orta Dəhliz layihəsi, qlobal şərq-qərb ticarətinin yeni modelinə çevrilməkdədir. Azərbaycanın bu prosesdə oynadığı rol isə region ölkələri ilə yanaşı, Avropa və Asiya arasında etibarlı tranzit körpüsü statusunu daha da möhkəmləndirir.

Beləliklə, Çinlə imzalanan yeni Memorandum Azərbaycanı XXI əsrin Yeni İpək Yolunun əsas oyunçularından birinə çevirən daha bir addımdır.

Səbuhi MƏMMƏDOV

XQ

İqtisadiyyat