Qurum dost ölkədə investisiya layihələrinə 14,4 milyon dollar ayırıb
İqtisadiyyat nazirinin birinci müavini, Azərbaycan – Qırğız İnkişaf Fondu Şurasının sədri Elnur Əliyev Qırğız Respublikasına səfəri çərçivəsində Azərbaycan – Qırğız İnkişaf Fondu Şurasının 6-cı iclasında iştirak edib. Toplantıda hər iki tərəfdən fond şurasının üzvləri və idarə heyətinin həmsədrləri olublar.
Elnur Əliyevin sədrliyi ilə keçirilən iclasda bildirilib ki, dövlətlərimizin başçıları tərəfindən iqtisadi sahədə əməkdaşlığın gücləndirilməsi üçün qarşıya qoyulan vəzifələrin icrası uğurla davam etdirilir. Qeyd olunub ki, ölkələrimiz arasında bir sıra istiqamətlər, xüsusilə iqtisadi-ticarət, investisiya və nəqliyyat üzrə əməkdaşlıq getdikcə genişlənir. İclasda gündəlikdə duran məsələlər, fondun fəaliyyətini tənzimləyən sənədlər və reallaşdırılacaq layihələr müzakirə olunub.
Diqqətə çatdırılıb ki, Azərbaycan–Qırğız İnkişaf Fondu iki ölkə arasında dostluq və iqtisadi tərəfdaşlığın inkişafında mühüm alət kimi çıxış edir. Fondun fəaliyyəti çərçivəsində həyata keçirilən layihələrin ikitərəfli iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Söhbət zamanı, həmçinin Azərbaycan – Qırğız İnkişaf Fondunun fəaliyyəti çərçivəsində ikitərəfli iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi və yeni layihələrin reallaşdırılması istiqamətində işlər müzakirə edilib.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev səfər çərçivəsində Qırğız Respublikasının iqtisadiyyat və kommersiya naziri Bakıt Sıdıkovla da görüşüb. Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və investisiya fəaliyyətinin inkişafı məsələləri müzakirə olunub. Qeyd edilib ki, Azərbaycan və Qırğız Respublikası arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb və iqtisadi əlaqələr bu əməkdaşlığın mühüm istiqamətini təşkil edir. Azərbaycan – Qırğız İnkişaf Fondunun fəaliyyəti və həyata keçirilən layihələrin tərəfdaşlığımızın möhkəmlənməsinə verdiyi töhfə yüksək qiymətləndirilib.
Eyni zamanda, sənaye, turizm və kənd təsərrüfatı sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyi vurğulanıb. Tərəflər ticarət dövriyyəsinin artırılması, investisiya axınlarının stimullaşdırılması, sənaye kooperasiyası və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, Azərbaycan – Qırğız İnkişaf Fondunun yaradılması ilə bağlı saziş 2022-ci il oktyabrın 11-də də Bişkekdə imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin həmin il dekabrın 1-də imzaladığı qanunla sözügedən saziş təsdiq olunub. 2023-cü il iyulun 27-də Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycan – Qırğız İnkişaf Fondunun Şurasının ilk iclası keçirilib. Toplantıda fondun funksional olaraq fəaliyyətə başlaması istiqamətində müzakirələr aparılıb, fondun yaradılması ilə bağlı sazişin qüvvəyə minməsi üzrə hər iki tərəfdən dövlətdaxili prosedurların başa çatdırıldığı bildirilib.
Xatırladaq ki, iqtisadi əməkdaşlığa, iqtisadiyyatın modernləşdirilməsi və imkanlardan səmərəli istifadə olunmasına yardım məqsədilə yaradılan fond müxtəlif maliyyə alətlərindən istifadə etməklə Qırğızıstanda qeydiyyatdan keçmiş və fəaliyyət göstərən sahibkarlıq subyektlərinin aqrar-sənaye kompleksi, energetika, bağçılıq, tekstil, turizm və digər sahələr üzrə prioritet layihələrinə investisiyalar yatırmağı hədəfləyir. Eyni zamanda, fond Azərbaycan və Qırğızıstanın biznes qurumlarının birgə fəaliyyətinə dəstək göstərməyi qarşısına məqsəd qoyub ki, bu da ölkələrimiz arasında əlaqələrin inkişafına və genişləndirilməsinə təkan verəcək.
Ötən müddətdə fond ümumi dəyəri 52,7 milyon ABŞ dolları olan 4 investisiya layihəsinə 14,4 milyon dollar məbləğində maliyyə vəsaiti ayırıb. Bunlar 9 meqavat gücündə “Tyup HES” kiçik su elektrik stansiyası, “Tanar Group” sosial yaşayış kompleksi daxilində çoxfunksiyalı mərkəz, “KG Tex” 300 iş yerlik tikiş fabriki və “Orion Grand” kovrolin istehsalı zavodu layihələridir. Azərbaycanlı nazir səfər çərçivəsində Azərbaycan – Qırğız İnkişaf Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən həmin layihələrlə yerində tanış olub.
Qeyd edək ki, mənzil-qərargahı Bişkek şəhərində yerləşən Azərbaycan–Qırğız İnkişaf Fondunun nizamnamə kapitalı 25 milyon ABŞ dolları təşkil edir. 2024-cü il aprelin 24-də tarixində Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri zamanı imzalanmış əlavə sazişə əsasən, Azərbaycan–Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının 100 milyon ABŞ dollarına qədər artırılması nəzərdə tutulur.

