... Gülsara taleyin zərbələrinə dözə-dözə yaşayırdı. Üzüntülər içində olsa da, taleyi ilə barışmışdı. Üzdə şən görünürdü, nikbin görünürdü. Onun şirin ləhcəsində sevinci də şiriniydi, kədəri də. Bir qədər də baməzə söhbət etməyi vardı. O baməzəliyin içində mənim, yalnız mənim duya bildiyim kədər gizlənirdi.
Birotaqlı mənzilində dərd içində gizlənən bir ada kimiydi Gülsara. Tək-tənha yaşayırdı. Gedəni də özüydü, gələni də. Ailə yox, övlad yox. Qohum yox, qardaş-bacı yox. Elə bu tənhalıq idi onu içdən üzən. Tənhalıq dərdini öz içində gizlətsə də, yaşa dolduqca tək yaşamağın ağırlığını hiss edirdi. Canıyanan insanlar Gülsaranın ailə qurması üçün yollar arayırdılar. Mən də onlardan biri idim. Maraqlı və işıqlı insani keyfiyyətlərinə az-çox bələd olduğuma görə, dedim:
– Gülsara, nə vaxtadək tək yaşayacaqsan? Evin-eşiyin də, işin də var. Təkcə qulaq yoldaşın yoxdur.
O, sözlərimi təbəssümlə qarşıladı. Heç nə demədi. Bir dəfə də bu barədə söhbət edəndə kədərli bir görkəm aldı və dedi:
– Eh, ay qardaş, dərdimi təzələmə. Ömür qurtarmamış dərd qurtarmaz ey, ay qardaş!..
Nə biləydik, bəlkə də Gülsara nakam bir eşqin acısını yaşayırdı?! Həmin anda mənə elə gəldi ki, o, danışmırdı, yaralı bülbül kimi ötürdü. Sonra da gözlərini bir nöqtəyə zilləyib sükuta daldı. Göz yaşları yanağından cığır saldı. Əlinin arxası ilə gözlərini sildi.
Mən onun bu halına çox acıdım. Yaman kövrəlmişdi. Məni də kövrəltdi. O, mənim nəzərimdə, qərib axşamlarda yuvasına sığınan sonalar kimiydi. Nə yaxşı ki, gündüzlər iş yerində onun qərib taleyinə həyan olan iş yoldaşları vardı.
Mən, minlərlə işçini bir kollektivdə birləşdirən nəhəng müəssisənin rəhbərliyində çalışırdım. Minlərlə işçinin arasında Gülsara mənə daha doğma idi. Onu görəndə kənd qızları, həm də özümün nakam taleli bacılarım gözümün önünə gəlirdi.
Gülsara uşaq yaşlarından yetim qalmışdı. Uşaq evində böyümüşdü. İnternat məktəbini bitirdikdən sonra universitetin kimya fakültəsinə qəbul olub. Kimyaçı-mühəndis ixtisası alıb. Sonra respublikanın sənaye nəhəngi sayılan iri müəssisələrdən birinin mərkəzi laboratoriyasında laborant kimi əmək fəaliyyətinə başlayıb. Ömrünün sonuna kimi orada baş laborant vəzifəsində çalışıb. Müəssisə rəhbərliyi onu yaxşı işçi kimi dəfələrlə mükafatlandırıb və birotaqlı mənzillə təmin etmişdi.
Gülsara mütaliəni çox sevirdi. Müəllifi olduğum kitabların təmənnasız təbliğatçısına çevrilmişdi. Həmin kitabları iş yoldaşlarına verəndə sanki bağça uşaqlarına deyirmiş:
– Oxuyun, özümə qaytarın. Amma kitabların vərəqlərini cırmayın, haa...
Özü də məsum uşaq kimiydi. Bu, onun ürəyinin təmizliyindən irəli gəlirdi. Gülsara saf su kimiydi. Aydan arı, sudan duru...
Mənə dediyi sözləri heç unutmamışam:
– Səni görəndə ellərimiz, çöllərimiz yadıma düşür. Otağındakı güllər-çiçəklər adamı özünə çəkir. O gün otağından sazın səsini eşidəndə elə bildim Ayrım elindəyəm. Mənim də ruhum sazdan ayrı qəribsəyir.
– Gülsara, sən uşaq evində olanda hardan bildin ki, ayrım elindənsən?
– Məni uşaq evinə bir qadın gətirmişdi. Uşaq evində məni çox mehriban qarşıladılar. Orada mənə “ayrım qızı” deyirdilər. Mən də o vaxtdan bildim ki, Ayrım elindənəm...
Sazın-sözün vurğunuydu Gülsara. İşlədiyi kollektivdə sazdan bir köynək aralı olanlara da sazı sevdirməyə çalışırdı. Uzun illər onunla bir yerdə işləyən tatar qızı saza ağız büzəndə könlü bulanardı.
Gülsara bir dəfə ona dedi:
– Ay qız, mən saza qulaq asanda sən niyə ağız büzürsən? Ağzının üstünə bir dumbuz vuraram, ağlın başına gələr.
Onun leksikonundakı dialekt sözlər kollektivdəki qızlar üçün anlaşılan deyildi. Amma onun insani keyfiyyətinə yaxından bələd olduqdan sonra Gülsaranın həm özünə, həm də söhbətinə-sözünə vuruldular. Onun bəzi kəlmələri kollektivdə aforizmə çevrilmişdi.
Gülsaranın bir könüldaşı olmasa da, yoxluğu könül yandırır. Keçmiş iş yoldaşları hər il onun ad gününü qeyd edirlər. Gülsara sağlığında onların ad günündə gözəl zövqlə süfrə bəzəyirdi. Dadlı, ləziz yeməklər, yüksək şövqlə qurutlu xəngəl yayıb bişirirdi.
Gülsaranın ailəsi, külfəti olmasa da, onun çəkdiyi qəhri hər qadın çəkə bilməzdi. O, qış üçün hər cür meyvə-tərəvəzlərdən tədarük görürdü. Soruşan olanda deyirdi:
– Nə olsun ki, külfətim yoxdu, ehtiyacı olanlara pay verirəm.
İnsansevərlik Gülsaranın canında-qanındaydı. Ürək qızdırdığı hər evə ürəyidolu, əlidolu gedirdi.
O, adidən-adi, sadədən-sadə, kövrəkkönül bir insan idi. Özünün halal əməkhaqqı ilə dolanırdı. Çoxlarına əl tuturdu. Kimsəsizin, yetimin qayğısına qalırdı. Özünə həyan gərəkdiyi halda, başqasına həyan olurdu. Uşaq evində böyüyüb, internat məktəbini bitirdikdən sonra təbəddülatlarla üzləşən bacı-qardaşa uzun müddət Gülsaranın dayaq durduğunu çoxları bilirdi. Onların yolunda Gülsara çox əzablara qatlaşırdı. Bunlar Gülsara üçün şirin əzab olmaqla bərabər, həm də sonsuz səadət idi.
Gülsara bir müddət həmin uşaqlara ana əvəzi oldu. Dəfələrlə əlaqədar təşkilatlara ayaq döydükdən sonra, onların iş və yataqxana problemlərini həll etdi.
O, həyanı olmayan hər kəsə həyan idi. Üstünə diləyə gələn hər kəsə olanından qıyan idi. Mənzilinin qapısı kilid-açar tanımazdı. Deyərdi:
– Nəyim var, oğru gəlib nə apara?! Mənim evimə oğru yox, doğru gələr.
... Nə yazıqlar ki, Gülsaranın məlahətli və təravətli fiziki ömrü gödək oldu. Amma mənəvi ömrünü onu tanıyanların qəlbində yaşayır. Ürəklərdə yeri var Gülsaranın...
Həzi HƏSƏNLİ,
şair-publisist