Milli Mətbuatımızın 150 illiyi ərəfəsində Azərbaycan Teatr Xadimləri İttifaqında mədəniyyəti, o cümlədən teatrı təbliğ edən jurnlistlərlə keçirilən görüş əsryarımlıq bir ənənənin davamı kimi xarakterik idi. Məlum olduğu kimi, hələ 1873-cü ildə gələcək “Əkinçi”nin yaradıcısı Həsən bəy Zərdabi və gimnaziyada onun şagirdi olan 19 yaşlı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə Bakıda Mirzə Fətəli Axundzadənin komediyaları səhnələşdirilmiş, Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində peşəkar teatrın təməli qoyulmuşdur. Elə buna görə də mətbuat təmsilçiləri Teatr Xadimləri İttifaqına doğma ünvan kimi təşrif gətirmişdilər.
Səmimi ovqatda keçən görüşdə yaradıcı qurumun sədri – Xalqü artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov jurnalistləri salamlayaraq, mətbuatla teatrın sıx bağlılığından bəhs etdi, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin 1875-ci ildə “Əkinçi”nin nəşrini ilk alqışlayan, ona xeyir-dua verən və məsləhətini bildirənlərdən olduğunu xatırlatdı. O, bu gün teatrla mətbuatın əlaqələrinin daha da dərinləşdiyini vurğuladı və bunu ilk növbədə görüşə toplaşmış jurnalistlərin xidməti kimi dəyərləndirdi.
Hacı İsmayılov və müavinləri – “Şöhrət” ordenli Xalq artisti, Dövlət mükafatı Laureatı İlham Namiq Kamal, Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, Əməkdar artist Azad Şükürov başlıca mövzusu mədəniyyət olan mətbuat nümayəndələrinə ən xoş arzularını bildirdilər. Sonra bir qrup jurnalistə, o cümlədən “Xalq qəzeti”nin əməkdaşı Əli Nəcəfxanlıya “Teatrın dostu” diplomları, digərlərinə fəxri fərmanlar verildi. Teatr Xadimləri İttifaqının mətbuatla sıx əməkdaşlıq edən təmsilçiləri – mədəniyyətşünas Aida Qafarova və Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu da bu diqqətdən kənarda qalmadılar. Eyni zamanda, sırf səhnə sənətindən yazan jurnalistlər – Gülcahan Mirməmməd, Həmidə Rüstəmova və Samirə Behbudqızı ittifaqın təsis etdiyi “Teatr fədaisi” medalı ilə təltif olundu. Jurnalistlər göstərilən diqqətə və dəyərə görə minnətdarlıqlarını bildirdilər. Çıxışlardan birində böyük dramaturq Hüseyn Caviddən yerinə düşən sitat da gətirildi: “Turana qılıncdan daha kəskin, ulu qüvvət – Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!”
Unudulmaz anların yaşandığı görüşün sonunda xatirə fotoları çəkildi.
XQ