Naxçvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə mətbuat gününə həsr olunmuş “Milli mətbuat –150 il” adlı bayram şənliyi keçirilib.
Şəhər rəhbəri Cabbar Musayev Naxçıvanda çalışan jurnalistləri yubiley və peşə bayramı münasibətilə təbrik edib. O bildirib ki, Azərbaycan mətbuatının 150 illik tarixi xalqımızın maariflənməsi, ictimai düşüncənin formalaşması və milli ideologiyanın bərqərar olması yolunda keçdiyi şərəfli bir yoldur. Həsən bəy Zərdabinin əsasını qoyduğu bu müqəddəs yol bu gün müasir Azərbaycanın azad, peşəkar və milli maraqlara xidmət edən mətbuat orqanları ilə uğurla davam etdirilir.
Qeyd edilib ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin media siyasətini yüksək səviyyədə davam etdirən Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalının təsis olunması barədə və “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” sərəncamları milli mediamızın fəaliyyətinə verilən yüksək önəm və qiymətdir.
Sonra Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi ilə əlaqədar Naxçıvan Televiziyası tərəfindən hazırlanmış videoçarx nümayiş olunub, muxtar respublikada fəaliyyət göstərən media orqanlarının bir sıra nümayəndələri mükafatlandırılıb.
H.SƏBUHİ
XQ