Çimərliklərdə azyaşlıların nəzarətsiz qalmasına yol verilməməlidir

post-img

Xəbər verildiyi kimi, 22 iyul 2025-ci il tarixində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.

FHN-in məlumatına görə, axtarışlar nəticəsində dənizdə batmış 2007-ci il təvəllüdlü İsmayılov Məhəmməd Oruc oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

DİN də çimərlik zonalarında azyaşlıların nəzarətsiz qalması ilə bağlı çağırış edib. Məlumatda bildirilir ki, hazırda müşahidə olunan qızmar yay günlərində insanların çimərliklərə və istirahət zonalarına kütləvi axını müşahidə olunur. Bütün bunlar nəzərə alınaraq polis əməkdaşlarının çimərlik və istirahət məkanlarında fasiləsiz xidməti davam etdirilir. Sıxlıq müşahidə edilən ərazilərdə, xüsusilə azyaşlıların təhlükəsizliyini təmin etmək diqqət mərkəzində saxlanılır. 

Valideynlərə müraciət edərək bildiririk ki, azyaşlılar üzərində ani nəzarətsizlik böyük faciə ilə nəticələnə bilər. Xüsusən, çimərlik zonalarında azyaşlıların nəzarətsiz buraxılması qəti yolverilməzdir. İstirahət zonalarında qarşılaşdığınız xoşagəlməz hallar barədə isə dərhal yaxınlıqda xidmət aparan polis naryadlarına məlumat verə bilərsiniz. Burada əsas məqsəd ictimai asayişi qorumaq və insanların istirahətini təhlükəsiz şəraitdə keçirməsini təmin etməkdir.

P.ƏMİRCANOV
XQ

Sosial həyat