Ayaqlarla qazanılan sağlamlıq

post-img

7, yoxsa 10 min addım?

Piyada gəzməyin insan sağlamlığına müsbət təsiri barədə çox danışılıb. Həmişə eşitmişik ki, iti addımlarla yerimək ürək xəstəlikləri, ikinci tip diabet və digər sağlamlıq problemləri zamanı köməyə çatır. Amma lazımi faydanı əldə etmək üçün nə qədər gəzmək məsələsi uzun zaman istər sadə insanlar, istərsə də tibb mütəxəssisləri qarşısında sual olaraq qalıb. Bu suala indinin özündə də cavab axtarılmaqda və müəyyən nəticələrə gəlinməkdədir. Yazımızda söhbət bu barədə olacaq: insan sağlam qalmaq və müəyyən xəstəliklərdən qorunmaq üçün gün ərzində nə qədər piyada gəzməlidir?

Bu günlərdə bununla bağlı yeni bir araşdırmanın nəticələri açıqlanıb. Bildirilir ki, indiyədək sağlam həyat tərzi üçün həkimlər insanlara ideal olaraq hər gün 10 min addım gəzməyi məsləhət görüblər. Amma yeni araşdırmaların nəticələri göstərir ki, ən optimal rəqəm gündəlik təxminən 7000 addımdır. Bu göstəriciyə çatmaq demensiya, ürək xəstəliyi, depressiya, 2-ci tip diabet və hətta xərçəng kimi xəstəliklərin riskini əhəmiyyətli dərəcədə azaldır.

“The Lancet Public Health” nəşrində dərc olunmuş araşdırmaya görə, gündə bu qədər gəzmək xərçəng riskinin 6 faiz, demensiya riskinin 38 faiz azalmasına qədər təsir göstərir. Gündə 7000 addım atmaq həm də yaşlı insanlar üçün ölümcül ola bilən yıxılma riskinin 28 faiz azalması ilə əlaqələndirilir.

Tədqiqatda iştirak etməmiş London Brunel Universitetinin oturaq həyat tərzi və sağlamlıq üzrə mütəxəssisi doktor Daniel Beyli bu məsələ ilə bağlı verdiyi açıqlamada bildirib ki, “gündə 10 min addımın optimal sağlamlıq hədəfi olması mifdir”. Budur, beynəlxalq tədqiqat qrupu tərəfindən yeriməyin bir sıra sağlamlıq problemləri riskini necə azalda biləcəyini araşdıran ilk tədqiqat ortadadır. Yeni tədqiqat nəticəsində alınmış göstəricilər gəzməyin ürək sağlamlığına faydaları haqqında bilən hər kəs üçün sürpriz olmayacaq. Sürətli yerimək ürək döyüntüsünü artırır, qan dövranını yaxşılaşdırır, qan təzyiqini aşağı salır və insanların arıqlamasına kömək edir.

Alimlər 31 tədqiqat üzrə 160 mindən çox insanın məlumatlarını təhlil edərək müəyyənləşdiriblər ki, hətta az sayda - gündə təxminən 4000 addım atan insanların sağlamlıq göstəriciləri gündə 2000 addım atan oturaq insanlardan daha yaxşı olur. Onların sözlərinə görə, insan nə qədər çox gəzirsə, ürək xəstəliyi riski bir o qədər az olur. Digər xəstəliklər isə araşdırdırmalarla sübut olunub ki, gündə təxminən 7000 addımdan sonra yox olub. Orta yaşlı insan isə bu halda 5 il çox yaşaya bilib.

Tədqiqatçılar bildiriblər ki, çox aktiv olmayan insanlar da rahat ola bilərlər, çünki gündəlik 7000 addım qeyri-rəsmi 10.000 addımdan daha realdır. London Kral Kollecinin insan və tətbiqi fiziologiya üzrə professoru, tədqiqatda iştirak etməmiş Stiven Harric addımların sayılmasının insanların rifahı üçün vacib olan fiziki fəaliyyətin intensivliyinə təsir etmədiyini deyib. Onun fikrincə, yaşlı insanlar sürətli yerimə və ya velosiped sürmə kimi vərdişlərə yiyələnməlidirlər. Onlara həftədə ən azı 150 dəqiqə mülayim məşq və ya həftədə bir dəfə 75 dəqiqə güclü idman etmək tövsiyə olunur.

Harric tədqiqatın nəticələri ilə bağlı deyib: “Bu tədqiqat fiziki fəaliyyətin sağlamlıq üçün həyati əhəmiyyət kəsb etdiyi və insanları daha aktiv olmağa təşviq edən hər şeyin həm fiziki, həm də ruhi sağlamlıq üçün faydalı olduğu barədə biliklərimizi zənginləşdirir”.

Bizə qalır bu tövsiyələrə əməl etmək...

P.ƏMİRCANOV
XQ

Sosial həyat