“Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin Ağcabədidə də təqdimatı keçirilib.
İştirakçılar əvvəlcə YAP Ağcabədi rayon təşkilatında Qərbi Azərbaycana Qayıdış hərəkatına həsr olunmuş sərgi ilə tanış olublar. Mərasimi girış sözü ilə açan Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Qərbi Azərbaycanın tarixi-mədəni irsinin bu torpaqlardan qovulmuş soydaşlarımızın əzəli yurdlarına qayıtmaq hüququnun beynəlxalq hüquqla tanınması üçün əsas olduğunu söyləyib.
Sonra azərbaycanlıların öz doğma torpaqlarından deportasiyasına həsr olunmuş “Qərbi Azərbaycan İrsi” tədqiqatlar seriyasından olan videoçarx nümayiş etdirilib. Videoçarxda kitab haqqında ətraflı məlumat verilib. Bildirilib ki, tədqiqatların aparılması üçün bir sıra ölkələrin kitabxanalarında saxlanılan XIX-XX əsrlərə aid hərbi-topoqrafik xəritələrdən, peyk təsvirlərindən istifadə edilib və müasir metodoloji təhlillərlə ərazidə mövcud olan qəbiristanlıqların monitorinqi həyata keçirilib.
Mərasimdə Qərbi Azərbaycan İcmasının Ağcabədi nümayəndəsi Radə Qafarova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Əlizadə Nəcəfov, Qərbi Azərbaycan əsilli rayon sakinləri Rauf Musayev və Kamilə Zamanlı çıxış edərək təqdim edilən nəşrin mövzu aktuallığından, siyasi-hüquqi önəmindən söz açıblar.
Ata-babaları Qərbi Azərbaycandan olan bu insanlar böyüklərdən eşitdikləri ağrılı xatirələrdən danışıblar. Bu çıxışların hər birində ağrılı, kövrək məqamlara toxunulub, təqdimatı keçirilən kitabın məhz belə faktların dünya ictimaiyyətinə, gələcək nəsillərə çatdırılmasında önəmi vurğulanıb.
XQ