“Əkinçi” qəzetinin dili haqqında

post-img

Həsən bəy Zərdadi ana dilində ilk qəzetimizin nəşrinə icazə almaq və onu necə buraxmaqla bağlı öz müəllimi, o zaman hakim dairələrin yanında “millətin vəkili” sayılan Mirzə Fətəli Axundovla sıx əlaqə saxlamış, onun tövsiyələrini ciddi nəzərə almışdır.

Həsən bəy həmin qəzetin “Əkinçi” adı ilə nəşrinə icazə aldıqdan sonra dil-uslub məsələləri ilə bağlı ana dilində ilk komediyaların müəllifi ilə məsləhətləşəndə, onu redaksiya ilə əməkdaşlığa dəvət edəndə Mirzə Fətəli gənc davamçısına aşağıdakı məzmunda məktub yazmışdı.

Axundovun Zərdabiyə məktubu

Sizin qəzetinizin əsas məziyyətlərindən biri ifadənin gözəlliyi, ibarələrin zərifliyi və aydınlığı, orfoqrafiyanın düzgünlüyü olmalıdır. Çünki sizin qəzetiniz başqa məsələlərlə yanaşı, Azərbaycan yazısını düzgün olmayan ifadələrdən təmizləməyə çalışmalı, bu dildə yazan bütün adamlar üçün nümunə olmalıdır. Orfoqrafiya barədə qoy sizin gələcək redaktorunuz mənim komediyalarımın imla qaydalarını əsas tutsun.

Mən sizin qəzetlə əməkdaşlıq etməkdən boyun qaçırmıram. Qəzetinizin proqramını mənə göndərin.

Səmimi ehtiram və sədaqətlə, Sizin

Mirzə Fətəli AXUNDZADƏ
21 aprel 1875-ci il, Tiflis şəhəri

Sosial həyat