Yanvar ayının 13-də Yasamal Rayon Ağsaqqallar Şurasının seçki konfransı keçirilib. Konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, eləcə də rayon ağsaqqalları, ziyalıları, icra hakimiyyətinin məsul şəxsləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Konfransda Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin, Vətən uğrunda canlarını qurban verən şəhidlərimizin, ötən dövr ərzində dünyasını dəyişən mərhum sədr Cavanşir Qurbanovun və rayon ağsaqqallarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov giriş nitqi ilə Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, millət vəkili, professor Eldar İbrahimovu və tədbir iştirakçılarını salamlayaraq, respublikamızda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müasir dövlətçilik ənənələrinin milli-mənəvi dəyərlərimizə söykənərək keçdiyi tərəqqi yolundan və bu prosesdə ağsaqqalların mühüm rolundan hərtərəfli bəhs edib. Yasamal rayon əhalisinin hər zaman dövlətçiliyin keşiyində durduqlarını, möhtərəm Prezidentimiz cənab İlham Əliyevi qətiyyətlə dəstəklədiklərini bildirib. 7 fevral 2024-cü ildəki prezident seçkilərində Yasamal sakinlərinin yüksək fəallığını xüsusi vurğulayıb. Elşad Həsənov ağsaqqalların daim ictimai-siyasi proseslərdə, eləcə də rayonun sosial-mədəni həyatında yaxından iştirak etdiklərini bir daha qeyd edərək gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Sonra Yasamal Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Rayon Veteranlar Təşkilatının sədri Vaqif Məmmədov tərəfindən konfransın gündəliyi səsə qoyulub və qəbul edilib. Gündəlikdə əsas məsələlər Yasamal Rayon Ağsaqqallar Şurasının yeni sədrinin seçilməsi, təşkilatın İdarə Heyətinin və Təftiş Komissiyasının yenidən formalaşdırılması olub.
Tədbirdə çıxış edən Yasamal Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri - Bakı Dövlət Universitetinin professoru Məcnun Babayev, Xalq artisti Nurəddin Mehdixanlı və digər natiqlər ağsaqqalların ölkəmizdəki nüfuzundan, ağsaqqal sözünün, nəsihətinin əhəmiyyətindən ətraflı söz açıblar. Yasamalda Rayon Ağsaqqallar Şurasının mərhum sədri Cavanşir Qurbanovun rəhbərliyi ilə görülən işlərdən bəhs ediblər. Yaşadığımız süni intellekt dövründə gənclərimizlə daha çox iş aparmağın vacibliyini önə çəkərək onları yad təsirlərdən qorumağı, gənc nəslə vətənpərvərlik və milli-mənəvi dəyərlərin aşılanmasını bu günün ən mühüm məsələsi kimi vurğulayıblar.
Çıxışçılar tərəfindən Yasamal Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsinə təşkilatın İdarə Heyətinin üzvü, sədr müavini, tarix elmləri doktoru, professor, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədovun namizədliyi irəli sürülüb. Vurğulanıb ki, görkəmli alim xalqımız və dövlətimiz qarşısında dəyərli xidmətləri, eləcə də yüksək nüfuzu və böyük hörməti ilə bu vəzifəyə ən layiqli namizəddir. Sonra açıq səsvermə yolu ilə Fuad Məmmədov Yasamal Rayon Ağsaqqallar Şurasına sədr seçilib. Daha sonra Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinə və Təftiş Komissiyasına sıralarında rayonun nüfuzlu ağsaqqallarının, ziyalılarının olduğu şəxslərin namizədliyi irəli sürülüb. Açıq səsvermə yolu ilə Yasamal Rayon Ağsaqqallar Şurasının yeni İdarə Heyəti və Təftiş Komissiyası formalaşdırılıb. Bakı Dövlət Universitetinin professoru Məcnun Babayev və dövlət qulluğu təqaüdçüsü Cumar İsayev sədr müavini vəzifəsinə seçiliblər.
Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, millət vəkili, professor Eldar İbrahimov öz nitqində tədbir iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayıb, yeni seçilən sədri – professor Fuad Məmmədovu, eləcə də İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərini təbrik edərək onlara məsuliyyətli və şərəfli vəzifələrində uğurlar arzulayıb. Əmin olduğunu bildirib ki, ağsaqqallar bundan sonra rayonun ictimai-siyasi və mədəni həyatında daha aktiv iştirak edəcək, xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, əxlaqi normaların və sağlam həyat tərzinin təbliğinə, eləcə də gənclər arasında vətənpərvərlik hissinin gücləndirilməsinə böyük töhfələr verəcəklər. Natiq öz çıxışında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin misilsiz xidmətlərindən də geniş söz açıb. Ulu Öndərlə bağlı xatirələrini dilə gətirib. Bildirib ki, bu gün dinamik inkişaf prosesi keçən ölkəmizin tərəqqisi gündən-günə artır və bu, şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevin işıqlı yolunu yüksək səviyyədə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin düzgün müəyyənləşdirilməsi ilə bağlıdır. Eldar İbrahimov, həmçinin, ağsaqqalların əsas missiyasının milli-mənəvi dəyərlərimizi qoruyaraq, yaşadaraq gələcək nəslə ötürmək olduğunu bildirib və cəmiyyətimizdəki problemlərə, xüsusilə də boşanmaların sayının artmasına, narkomaniyaya və digər zərərli vərdişlərə qarşı aktiv fəalliyyət göstərməyin vacibliyini vurğulayıb. Çıxışının sonunda Fuad Məmmədov başda olmaqla bütün təşkilatın işinə uğurlar diləyib.
Konfransda bir daha çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və digər natiqlər Şuraya Fuad Məmmədov kimi nüfuzlu ziyalının sədr seçilməsini müsbət dəyərləndiriblər. Fuad Məmmədova, eləcə də yeni seçilən İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq əmin olduqlarını vurğulayıblar ki, təşkilat həyata keçirdiyi işləri bundan sonra da yüksək səviyyədə davam etdirəcəkdir.
Yasamal Rayon Ağsaqqallar Şurasının yeni sədri, tarix elmləri doktoru, professor, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədov konfransda çıxış edərək öz adından və yeni seçilən üzvlər adından onlara göstərilən etimada görə hər kəsə öz minnətdarlığını ifadə edib. Təşkilatın fəaliyyətini bundan sonra da uğurla davam etdirməsi üçün bilik və təcrübələrini əsirgəməyəcəklərini bildirib.
XQ






