Bakıda Beynəlxalq Simpozium keçiriləcək

post-img

Bakı şəhərində “İpək Yolu, bu yol üzərindəki türk xalqlarının tarixi, mədəniyyəti və incəsənəti” adlı I Beynəlxalq Simpozium keçiriləcək.

Tədbir, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamına əsasən qeyd olunur. Bu  yubiley çərçivəsində bir sıra beynəlxalq elmi tədbirlərin təşkili də nəzərdə tutulur.

16-17 aprel tarixlərində keçiriləcək simpoziumun əsas məqsədi, İpək Yolunun keçdiyi ərazilərdə yaşayan Türk xalqlarının tarixini və mədəniyyətini tanıtmaq, İpək Yolu vasitəsilə Türk xalqlarının mədəniyyətinə təsir edən tarixi, sosial-iqtisadi və siyasi amilləri öyrənmək, Türk xalqlarının tarixi abidə və yerlərinin tanıdılması, qorunması və təbliğinə dair müzakirələr aparmaq, İpək Yolunun keçdiyi ərazilərdə yaşayan Türk xalqlarının üzləşdiyi soyqırımı, deportasiya və repressiyaları araşdırmaq və bu mövzuların beynəlxalq aləmdə tanıdılmasına töhfə vermək, alim və tədqiqatçılar arasında təcrübə mübadiləsi və əməkdaşlıq qurmaqdır.

Simpoziumla əlaqədar, məqalələri [email protected] ünvanına göndərə bilərsiniz. Məqalələr 3 dildə - azərbaycan, rus və ingilis dillərində yazılmalıdır. Əsas tələblər: kağız ölçüsü A4, Şrift Times New Roman 12, 1,15 sm abzas, Hər tərəfdən 1,25 sm ölçüsündə boş sahə qoyulmalıdır. Mövunun adı, ardınca aşağı orta hissədə isə müəllifin adı, soyadı, ata adı qalın şriftlə yazılmalıdır. Ortadan, böyük hərflərlə, qalın şriftlə iş yeri (təhsil müəssisəsi), şəhər, ölkə, abzasdan orta hissədən kursivlə E-poçt ünvanı, ORCID kodu qeyd olunur. 

Xülasə bölməsi 80-100 söz olmaqla Azərbaycan, ingilis və rus dillərində olmalıdır. 

Mətn bölünür: Ədəbiyyat siyahısı, xülasə, giriş, əsas hissə, müzakirə, nəticə İstinadlar kvadrat şəklində mötərizədə verilir. Məs: [1. s.56]

Ədəbiyyat siyahısı əlifba sırası ilə verilməlidir. Hər müəllifdən yalnız bir məqalə qəbul ediləcək (tək və ya həmmüəllif olmaqla)

Elmi dərəcəsi olmayan müəlliflərin məqalələrinə elmi rəhbərin, mütəxəssisin (çalışdığı müəssisənin rəhbərinin) və ya aidiyyəti sahə üzrə müəllimin rəyi əlavə edilməlidir. Bu rəy ayrı bir səhifədə təqdim olunmalı, elmi rəhbərin və ya müəllimin əlaqə vasitələri və iş yeri haqqında məlumatlar qeyd edilməlidir.

Göndərilən məqalələr antiplagiat sistemində yoxlanıldıqdan sonra Simpozium
materialları toplusunda dərc olunacaq.

Göstərilən tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək. Məqaləyə
görə müəlliflər məsuliyyət daşıyır. Məqalələrin göndərilməsi üçün son tarix 01.03.2026-cı ildir. 

Simpoziumun əsas mövzuları isə bunlardır: 

1. Arxeoloji irs, qayaüstü incəsənət və bu mövzuların etnoqrafik
kontekstdə öyrənilməsi

2. İpək Yolu və Türk xalqlarının tarixi

3. İpək Yolu: Türk sivilizasiyasının formalaşmasında tarixi və mədəni əlaqələr

4. Türk xalqlarının mədəni irsi, müasir dövrdə bu irsin öyrənilməsi və inkişafı, qlobal mədəniyyətə
təsiri

5. Türk xalqlarının tarixi abidələrinin qorunması, tədqiqi və təbliği

6. Türk xalqlarının yaşadığı ərazilərdə baş vermiş soyqırımı, deportasiya və
repressiya siyasəti: tarixi və hüquqi aspektlər

7. Müasir dövrdə türkdilli dövlətlər arasında mədəni inteqrasiya siyasəti və
Böyük İpək Yolu

8. Böyük İpək Yolu İrsi: qlobal mədəni dəyərlərin beynəlmilləşdirilməsi.

Simpoziumda arxeologiya, tarix, mədəniyyət, incəsənət üzrə alim və tədqiqatçılar, həmçinin qoruq və muzey əməkdaşları iştirak edə bilər.

Təşkilati dəstəkçilər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Qobustan Milli Tarix-Bədii Qoruğu və  Quba şəhərində yerləşən “Soyqırımı Memorial Kompleksi”dir.

Fidan SALMANOVA
XQ

Mədəniyyət