Gəncə: Niyazi Bayramov hazırlıq işlərini şəxsən nəzarətdə saxlayır

post-img

III MDB Oyunlarının başlanmasına sayılı günlər qalarkən, Gəncə şəhərində təmir-bərpa və abadlıq işləri son mərhələyə qədəm qoyur. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və “Bakı Abadlıq Xidməti” MMC-nin direktoru Bünyad Qasımov şəhərdə görülən işlərə yerində baxış keçiriblər.

Şəhər rəhbərliyi ilk olaraq Gəncəçay Park-Bulvar Kompleksində aparılan yenidənqurma işləri ilə tanış olub. Daha sonra Gəncə Şəhər Stadionunun ətrafında, Ekoloji Park Kompleksində, eləcə də şəhərin tarixi məkanlarından olan Xan Bağı və Nizami Parkında həyata keçirilən abadlıq işlərinin gedişatı yerində qiymətləndirilib.

İşlərin keyfiyyətinə və vaxtında tamamlanmasına xüsusi önəm verən Niyazi Bayramov hər bir obyektə ayrılıqda baş çəkərək detalların heç birini diqqətdən qaçırmayıb. Nizam-intizam və dəqiqlik tələb edən rəhbər, bəzən texniki işçilərlə birlikdə sahəyə daxil olub, görülən işlərin yerində sınaqdan keçirilməsinə nəzarət edib. Elə müşahidəçilərin də dediyi kimi: “Niyazi müəllim özü hər şeyi bir-bir yoxlamayınca, əlini vurmayınca rahat olmur.”

Verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, Gəncə şəhərində MDB Oyunlarına hazırlıq məqsədilə genişmiqyaslı təmir-tikinti və abadlıq işləri sürətlə davam etdirilir. Məqsəd yalnız beynəlxalq idman tədbirinə hazırlaşmaq deyil, eyni zamanda Gəncənin şəhər mühitini yeniləmək, həm yerli sakinlərə, həm də gələcək qonaqlara daha rahat və cəlbedici şəhər məkanı təqdim etməkdir.

Qeyd edək ki, III MDB Oyunları sentyabr ayında keçiriləcək. Bu mötəbər idman tədbiri zamanı Gəncə bir sıra ölkələrin nümayəndə heyətlərini və idmançılarını qəbul edəcək. Beləliklə, şəhərdə aparılan abadlıq və yenidənqurma işləri həm Gəncənin simasını dəyişəcək, həm də onun beynəlxalq arenada nüfuzuna töhfə verəcək.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Gəncə























Sosial həyat