Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İlə birgə maarifləndirici tədbir keçirilmişdir

post-img

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə “Azərbaycançılıq ideologiyası multikultural cəmiyyətdə birlik və bərabərliyin təminatçısı kimi” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən XQ-yə bildirilib ki, tədbirin məqsədi çoxmillətli, çoxkonfessiyalı Azərbaycan Respublikasında etnik rəngarəngliyin qorunması istiqamətində uğurlu dövlət siyasəti barədə şəxsi heyətin məlumatlandırılması, dini maarifləndirmə səviyyəsinin artırılması olmuşdur.

Çıxış edənlər bildirmişdir ki, Azərbaycançılıq ideologiyası müasir dövrdə ölkəmizin milli inkişaf strategiyasının əsas istiqamətlərindən biri olmaqla yanaşı, tarixi köklərə malikdir və bu ideologiyanın formalaşması, dövlət siyasəti səviyyəsinə yüksəlməsi bilavasitə müasir müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi Öndərin müəyyənləşdirdiyi bu strateji xətt bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz dünya miqyasında multikulturalizm və tolerantlıq nümunəsi kimi tanınır.

Qeyd olunmuşdur ki, Azərbaycançılıq ideologiyası ölkədə ictimai-siyasi sabitliyin, dini, etnik müxtəlifliyin qarşılıqlı hörmət şəraitində inkişafının təminatçısıdır və bu ideologiya yalnız dövlət siyasəti deyil, eyni zamanda xalqımızın mənəvi həyat tərzidir.

Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılmış, Azərbaycançılıq ideologiyasının gənc nəslə daha geniş təbliği, milli birliyin və multikultural dəyərlərin gələcək nəsillərə ötürülməsinin vacibliyi vurğulanmışdır. 

Sosial həyat