Türkmən bəyliklərində törə və ənənələr

post-img

(əvvəli ötən sayımızda)

Beləliklə, quruluş dövründə Anadolu bəyliklərinin, istisnasız olaraq heç birinin əşirət mənşəyindən uzaqlaşmadığı, köçəri ideologiyasına bağlılığı bu və ya digər şəkildə saxladığı aydındır. Hakimiyyət anlayışları, siyasi, iqtisadi, ictimai və mədəni inkişaf qanunauyğunluqları da homogenlik kəsb edir.

Bəyliklərdə dövlət hüququ və qanunçuluğun ana qaynağı Hunlar, Göytürklər, Qaraxanilər, Səlcuqilər, Qəznəvilər, Xarəzmşahlar və Hülakularda olduğu kimi, türkçülük-oğuzçuluq hərəkatının nüvəsini təşkil edən törədir (monqol təsirinə daha çox məruz qalmış ərazilərdə “yasa” da adlandırılır). Törə, bir qayda olaraq, Oğuz xanla (yasa isə Çingiz xanla) əlaqələndirilir və cəmiyyətin institusional əsası rolunu oynayır.

Törəyə görə, sosial-siyasi piramidanın başında “ulu(q) bəy” (bu termin rəsmi vəsiqə və sikkələrdə işlənən ərəbmənşəli “əmiri-əzəm”, “sultanül-əzəm” ibarələri analamındadır) durur. Bəyliyin qurucusu bəzən o, əksər hallarda isə onun cəddidir. Hər bir halda ulu bəy bəyliyə adını vermiş sülalənin (xanədanın) nümayəndəsidir. O, dövlətin mütləq hakimi deyil, “bəylərin ulusu”dur. Məclisə (toy, qurultay; məsələn, Ağqoyunlularda Bayandır Şurası) hesabat verir və bəylər qarşısında müəyyən öhdəliklər daşıyır. Başqa sözlə, ulu bəyin hakimiyyəti digər bəylərin yarımsuveren hüquqları ilə məhdudlaşdırılır. Dövlətin və ulusun başına keçəcək şəxsin (hökmdarın/ulu bəyin) seçilməsində xanədan (ailə) mənsubları və əşirət rəislərinin həlledici söz sahibi olduqları mənbələrdə təsbit edilir. 

Məlum olduğu kimi, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində Böyük Divanla yanaşı, Kəngəş (“gənəşmək” sözündəndir) və ya Məşvərət Divanı da fəaliyyət göstərib və bu qurumda hökmdarın qardaşları, oğlanları, xanımları ilə birgə tayfa və ordu başçıları da təmsil olunub. Burada müharibə, sülh, taxta varislik kimi mühüm dövlət məsələləri ilə bağlı məşvərət aparılır, iştirakçıların hər birinin fikri öyrənilir və nəzərə alınırdı. Analoji kollegial qurumlar digər türkmən bəyliklərində də mövcud idi. Ulu bəyin (sonradan sultanın) məşvərət əsasında, yaxud nüfuzlu tayfa başçılarının iradəsi ilə seçildiyi hallar da bəllidir.

Ərtoğrul bəy öləndə (1281) qardaşı Dündarın cidd-cəhdlərinə baxmayaraq, obanın nüfuzlu şəxsləri onu deyil, Osman bəyi dəstəklədilər. Ağqoyunlu Qara Yülük Osman şahzadəlik dövründə böyük qardaşı Əhmədin ordu başçısı olmuş, sonradan ona asilik etmiş, “bahadırlığına”, döyüşlərdə göstərdiyi şücaətlərə, qazandığı qələbələrə görə Qazi Bürhanəddinin də dəstəyi ilə konfederasiya əşirətləri tərəfindən “ulu bəy” və baş komandan seçilmişdi.

...Qaraqoyunlu Cahanşahın öldürülməsindən sonra Baharlı tayfasından olan əmirlər şahzadə Əbu Yusif Mirzəni taxta çıxarmışdılar.

1478-ci ildə Uzun Həsən öldü və onun yerinə oğlu Xəlil gəldi. Xəlil hələ sultan elan edilməmiş qardaşları Uğurlu Məhəmməd və Maqsudu zərərsizləşdirə bilmişdi. Amma taxta keçən kimi həm əmisi Cahangirin oğullarının (ələlxüsus Muradın), həm də öz qardaşının (İbrahimin) müqaviməti ilə qarşılaşmışdı. Əlbəttə ki, hakimiyyət daxilində və nüfuzlu tayfalar arasında həm Muradı, həm də İbrahimi dəstəkləyən qüvvələr vardı. Onlar Sultan Xəlilin atası Uzun Həsənin mərkəzləşdirmə xəttini davam etdirəcəyindən ehtiyatlanmış, taxt namizədlərini təsir altına salmaqla status-kvonu qorumağa çalışmışdılar.     

Sultan Xəlil açıq döyüşdə Murada qalib gəlib onu edam etdirdi, İbrahimi həbsə atdırmışdı. Daha ayıq olan Yaqub bəy isə saray oyunlarından kənar qalmaq üçün qardaşı Sultan Xəlildən Diyarbəkirin idarəçilyini alıb Təbrizi tərk etmişdi. Amma narazı əmirlər, din adamları tədricən onun ətrafında toplaşmağa başlamışdılar və Yaqubu Sultan Xəlilin üzərinə qaldırmışdılar. Onlar dövlətin Bayandur oğullarının ortaq mülkü olması düşüncəsi ilə hərəkət etmişdilər. 

Vəziyyətin əleyhinə çevrildiyini anlayan Sultan Xəlil Yaqub bəyin üstünə hücum çəkmişdi, lakin Xoy döyüşündə ona məğlub olub, qətl edilmişdi. Sultan Yaqub taxta oturduqdan sonra ölkənin birliyini qorumaq niyyəti ilə qardaşının tərəfdarlarını əfv etmişdi. Lakin onlar bu dəfə də Sultan Xəlilin oğulları Əli və Əlvəndin ətrafında yığılmağa başlamışdılar. Doğrudur, istəklərinə çatmamışdılar, amma Uzun Həsəndən sonra müxtəlif tərkiblərdə qruplaşaraq taxt namizədlərini hakimiyyət çəkişmələrinə sövq edən narazı qüvvələr son nəticədə Ağqoyunlu dövlətinin süqutuna səbəb olmuşdular. (Burada və aşağıda misal gətirilən faktların sayını artırmaq da olar.)

Türkmən bəyliklərində dövlət-hakimiyyət anlayışının, o cümlədən vərəsəlik hüququnun kökləri isə “ülüş” ənənəsinə gedib çıxır. “Ülüş (-mək)” sözü “bölüşmək, paylaşmaq” mənasında işlənib, hakimiyyətdən pay bölgüsünün olduqca geniş spektrini ehtiva edir. Bəyliklərdə döyüş qənimətlərinin bərabər və ədalətli bölgüsü hərbi əməliyyatların pozulmaz qanunu, fəth olunan torpaqların paylanması hərbi-torpaq sisteminin başlıca motivasiya formasıdır. 

Əldə olunan qənimətlərin paylaşılması üsulunu boylarla əşirət dövləti arasında spesifik qarşılıqlı mübadilə sazişi hesab edən Y.Başkanın fikrincə, “boy və dövlətlərin qarşılıqlı mübadiləyə əsaslanan birgəyaşayışı” əksər hallarda “labüd bir böhranla” nəticələnir ki, bunun da səbəbi “dövlətin mübadilə üzərində nəzarəti monopoliyaya götürmək və köçəriləri özündən asılı vəziyyətə salmaq istəməsi, qarşı tərəfin isə buna yağma və talanlar yolu ilə müqavimət göstərməsi”dir. 

Başqa səbəblər də istisna deyil. Amma aydındır ki, böhran dərinləşdikcə ziddiyyətlər antoqonizmə çevrilir və bu zaman köçərilər öz tələblərini təmin etmək üçün ən yaxşı bildikləri yola – üsyan və qiyama əl atırlar. Odur ki yalnız “yaranmış dialektik əkslikləri çözə bilən sivilizasiyalar sağlam və uzunömürlü olur, bunu bacarmayanlar isə tez bir zamanda sıradan çıxır”. 

Başqa sözlə, “ülüş” ənənəsi əşirət dövlətlərini, o cümlədən də türkmən bəyliklərini tərkiblərindəki boylarla münasibətləri davamlı şəkildə tənzimləməyə, daxili harmoniyanın təminatı üçün yeni-yeni qarşılıqlı mübadilə formaları tapmağa vadar edir. Yalnız Osmanlı kimi qəza dövlətləri bu sazişi uzun müddət yerinə yetirə bilir, qarşılıqlı razılaşmaların pozulduğu bəyliklərdə isə daimi resurs defisiti və qarmaqarışıqlıq hökm sürür.

Ümumiyyətlə, “ülüş” ənənəsini türkmən bəyliklərində dövlət həyatının həlledici amili, inzibati idarəçiliyin bel sümüyü hesab etmək yanlış olmaz. Çünki bu ictimai quruluşda dövlət hakimiyyətinin özü də bölüşdürülür, pay edilir. Törəyə görə, bəyliklərdə (Mətin Kuntun fikrincə, əslində, oğuz-türkmən törəsinə tapınan bütün toplumlarda) hakimiyyət ulu bəyin müstəsna hüququ deyil, hakim xanədanın “ortaq mülkü” sayılırdı. 

Qədim inanclara görə, “kut” (ilahi, müqəddəs hakimiyyət hüququ) şəxsə yox, ailəyə, sülaləyə verilirdi və törə də həmin sülalənin kişi cinsinə mənsub bütün üzvlərinin ölkə üzərində sahiblik hüququnu tanıyır və qoruyurdu. Bu hüquq öz əksini onda tapırdı ki, ulu bəy ölkəni xanədan üzvləri arasında bölüşdürür, hakim olduqları yerlərdə onların suverenliyinə təminat verirdi. Şahzadələr – hətta kiçik yaşda olsalar belə – bir lələnin himayəsində sancaq bəyliyinə, yaxud onlara iqta edilmiş məntəqələrin valiliyinə göndərilir, idarəçilikdə iştirak etməklə həm də gələcəyin hökmdarı kimi yetişirdilər. 

Ulu bəy paytaxtda, mərkəzdə hökm sürür, qardaşları, oğulları, bəzən onun səlahiyyət verdiyi bəylər isə əyalətlərdə hökumət işlərini idarə edirdilər (Rəfiq Turan). Müstəqil siyasət yürüdür, hətta bəzi hallarda öz adlarına sikkə də kəsdirə bilirdilər. Münasibətlər nisbilik üzərində qurulurdu: ulu bəy əyalət hakimlərinin nisbi müstəqilliyini, onlar da onun nisbi üstünlüyünü qəbul edirdilər. Şahzadələr üsyan və ya müxalifət etmədikcə vəzifələrindən   kənarlaşdırılmır və ulu bəyin güclü olduğu müddətdə sistem normal işləyirdi. Müəyyən fikir ayrılıqları baş versə belə, məşvərət yolu ilə aradan qaldırılır, hərbi toqquşamaların qarşısı alınırdı.

Qara Yülük Osmanın oğlulları arasında sürən iqtidar münaqişələrinin aradan qaldırılması üçün Harputda Bayandur Şurası toplanmış, daxili müharibə və toqquşmalara son qoymaq qərarı verilmişdi (lakin bu qərar yerinə yetirilmədi). Yəni, söhbət dövlətin taleyindən gedəndə müəyyən cilovlayıcı alətlər işə salınırdı. Bununla belə atalar, oğullar, qardaşlar arasında, əmilər və qardaş oğlanları arasında, əmioğlanları arasında ixtilaflar da, qiyam və üsyanlar da, müharibələr də tez-tez baş verir və dövlətləri gücdən salırdı. Asi şahzadələr üsyankarlığına törə ilə haqq qazandırır, özlərinə havadarlar tapır, taxt qovğaları cəmiyyətdə anlayışla qarşılanırdı.

Ulu bəyin ölümü isə əsl fəlakət idi. Az qala, bütün hakimiyyət dəyişiklikləri zamanı vərəsəlik üstündə qanlı mübarizələr baş verirdi. Çünki hakim xanədanın nümayəndələri anadan qan qohumu olmaqla bərabər, həm də rəqib kimi doğulurdular. Törə onların hər birinin taxt iddiasını haqlı bilirdi. Yeganə meyar güc, öz üstünlüyünü təlqinetmə, əşirət və qoşun başçılarını öz tərəfinə çəkə bilmə bacarığı sayılırdı. Ölkənin müxtəlif bölgələrini idarə edən xanədan üzvləri özlərini göstərməli, daha ağıllı, cəsur, adil və səxavətli olduqlarını əhaliyə, xüsusən də onun hakim zümrəsinə qəbul etdirməli idilər. Ailənin hansı üzvünün bəyliyə daha layiqli olması yalnız bu yolla müəyyənləşdirilirdi.   

Həlledici rolu hərbi güc, orduda və tayfalar arasında tərəfdar toplama amili oynayırdı. M.Kunt yazır: “Əksəriyyətin fikrincə, çöl dövlətlərində xaqan öldükdən sonra mirasçılardan ən layiqlisinin məhz daxili hesablaşmalar nəticəsində müəyyən olunması nəzərdə tutulurdu və bu hakimiyyət anlayışı Anadolu bəyliklərində (müəllif bir qədər aşağıda bu qaydanın Mərkəzi Asiyanın türk törəsinə əsaslanan bütün dövlətlərində gözlənildiyini yazır-N.M.) siyasi parçalanmaların əsas səbəbi idi”. 

Başqa sözlə, törə mirasçılar arasında taxt qovğalarını nəinki inkar/rədd etmir, əksinə buna müəyyən nisbətdə rəvac verirdi. Hakimiyyət məsələsinin güc yolu ilə həll olunması qaydası türkmən mühitində elə dərin bir kök salmışdı ki, Mərkəzi Asiyanın çöl imperiyaları ənənələrindən uzaqlaşdıqdan, klassik imperiya idarəçiliyi üsuluna keçdikdən sonra da Osmanlı elitası səltənətin bəy ailəsinə hamılıqla məxsus olması, taxta keçmənin rəqabət yolu ilə müəyyənləşməsi düşüncəsini uzun müddət legitim bir əsas kimi kollektiv yaddaşdan silə bilməmişdi. 

Varislik məsələsi ilə bağlı səltənətin atadan oğula keçməsindən başqa sabit bir qayda-qanun olmadığı üçün padşah öz xələfini təyin etmədən öləndə (hətta bəzən təyin edib öləndə belə!) oğullar arasında başlanan qanlı savaşlar təbii qarşılanmış, taxt savaşlarında iştirak hüququ olan sosial zümrələr (ordu hissələri, əşirət və tayfalar) bu və ya digər şahzadənin səfində yer almış, dövlətin taleyini təhlükəyə atdıqlarının fərqinə belə varmamışlar. 

(ardı var)

Nizaməddin MUSTAFA

 

Sosial həyat