İnsanlıq əleyhinə cinayətlərdə, hərbi cinayətlərdə ittiham olunan və məhkum edilmiş erməniəsilli şəxslərin “əsir” statusunda qeyd olunması və onların azadlığa buraxılmasının ayrıca prioritet kimi müəyyənəşdirilməsi reallıqların ciddi şəkildə təhrif edilməsidir və qəbulolunmazdır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa İttifaqı və Ermənistan arasında imzalanmış “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədinə dair şərhində yer alıb.
Bildirilib ki, Aİ–Ermənistan sənədində Ermənistanın regional konsensusdan məhrum olan “sülh kəsişməsi” təşəbbüsünü dəstəkləyən çoxsaylı müddəaların əks olunmasına baxmayaraq, 8 avqust Vaşinqton sammiti zamanı normallaşma prosesi çərçivəsində əldə edilmiş və mühüm əhəmiyyət daşıyan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinə bir dəfə də istinad edilməməsi ciddi narahatlıq doğurur. Bu hal Ermənistanın Vaşinqtonda Baş nazir tərəfindən imzalanmış TRIPP sazişi çərçivəsində öhdəlikləri icra etmək niyyətinin ciddiliyi və Aİ-nin bu layihəyə bəyan etdiyi dəstəyi barədə suallar yaradır.

