Yaradıcı Sənayelər üzrə Bakı Kommünikesi qəbul edilib

post-img

“İƏT Mədəniyyət Festivalı – Bakı Yaradıcı Həftə 2025” çərçivəsində Yaradıcı Sənayelər üzrə Bakı Kommünikesi qəbul olunub.

AZƏRTAC xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini, səfir Tariq Ali Baxit tərəfindən səsləndirilən sənəddə Bakıda keçirilən və dekabrın 11-dək davam edəcək festivalın mədəniyyətlərarası dialoqun, tolerantlığın, sülhün və mədəni müxtəlifliyə hörmətin təşviqinə mühüm töhfə verdiyi qeyd edilib. Kommünike sənədi, həmçinin, Azərbaycanın yaradıcı sənayelərin inkişafında və mədəni əməkdaşlığın gücləndirilməsində artan rolunu qeyd edir.

Kommünike sənədində bildirilir ki, festivalda 40-dan çox ölkədən 300-dən artıq xarici qonaq iştirak edib. Dövlət qurumlarının, beynəlxalq təşkilatların, elmi və mədəni institutların nümayəndələrinin qatıldığı tədbirlərdə ümumilikdə 5 mindən çox iştirakçı yer alıb. Proqram çərçivəsində kino, teatr, moda, dizayn, musiqi, oyun sənayesi və rəqəmsal startaplara həsr olunan çoxsaylı sessiyalar təqdim olunub.

Sənəddə festivalın əsas tədbirləri kimi “MYFORUM” Mədəni və Yaradıcı Sənayelər Forumu, “MYEXPO – Creative Village” sərgisi, “Baku Cinema Breeze 2025” beynəlxalq kino proqramı, “Eastern Fashion Show” və “G HUB” Beynəlxalq Oyun Texnologiyaları Sammiti qeyd edilir. Həmin platformaların bilik mübadiləsi, tərəfdaşlıqların qurulması və ölkələr arasında yaradıcı əməkdaşlığın genişlənməsi üçün mühüm imkanlar yaratdığı vurğulanır.

Kommünike sənədi iştirakçılar tərəfindən yaradıcı sənayelərin iqtisadi şaxələndirmə dayanıqlı inkişaf üçün əhəmiyyətli vasitə kimi dəyərləndirildiyini bildirir. Həmin çərçivədə rəqəmsal innovasiya, sahibkarlıq, mədəni irsin qorunması və yeni texnologiyalardan məsuliyyətli istifadə istiqamətlərində İƏT-ə üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsi çağırışı səsləndirilir. Həmçinin birgə proqramlar, institusional tərəfdaşlıqlar və dövlət-özəl əməkdaşlığı daxil olmaqla innovativ maliyyə mexanizmlərinin genişləndirilməsi vacib hesab edilir.

Sənəddə festivalın təşkilinə görə Azərbaycan Hökumətinə dərin minnətdarlıq ifadə olunur. Kommünike sənədi Prezident İlham Əliyevin İƏT ilə əməkdaşlığın inkişafı, İslam həmrəyliyinin möhkəmləndirilməsi və mədəniyyətlərarası dialoqun təşviqindəki liderliyinə xüsusi diqqət yetirir.

Sənəddə “İƏT Mədəniyyət Festivalı – Bakı Yaradıcı Həftə 2025”in İƏT-ə üzv ölkələr arasında yaradıcı sənayelər üzrə əməkdaşlığın yeni səhifəsini açdığına inam ifadə olunur.





Mədəniyyət