İyul ayında keçirilmiş növbəti – XV Vaqif Poeziya Günlərinin iştirakçıları arasında qazi şair Eyvaz Əyyub da vardı. Vətən müharibəsində iştirak etmiş, qələmi silaha dəyişərək Qarabağımızın və Şuşamızın azadlığı uğrunda canını, qanını əsirgəməyən şairlərimizin ulu Vaqifin məqbərəsi önündə çıxışları sənət bayramına xüsusi ovqat qatdı.
Əlbəttə, hər kəsdən öncə onun kimi igidlərin o torpaqlara getmək, silahla azad etdikləri yurdda bu dəfə qələmlə, sözlə var olmaq haqları danılmaz idi. Buna görə təşkilatçılar bu il də qazi şairlərimizə haqq etdikləri yüksək dəyəri verdilər.
Eyvaz Əyyub döyüşlərə Suqovuşandan başlayaraq Ağdamda qədər gedib. Dövlət başçısının sərəncamları ilə medallarla təltif olunub. Şuşada yaddaqalan çıxışında da qalib əsgər davanın ağrı-acılarını inandırıcı boyalarla ifadə edə bildi. Onu xarakterizə etmək üçün ədəbiyyatşünas Əsəd Cahangirin bir cümləlik fikrini misal göstərmək kifayətdir: “Qazi şairimiz, onlarla döyüşdən çıxmış, Allahın poetik istedad, ata-anasının adamlıq istedadı verdiyi Eyvaz Əyyub çox duyğulu insandır”. Qazi şairin Şuşada söylədiyi şeirini oxuculara təqdim edirik:
Sobada ağac...
Kəlbəcərdə bir odun sobasının
içindən ağac bitdiyini gördüm...
Kök atıb içində bitən bu şivin,
Budağı həsrətin, qəmin zorudu.
Biz səndən ayrıldıq, səni vətəndə
Bir vaxt yandırdığın ağac qorudu.
Uçub pəncərəsi, sınıb kərəni,
Gedib harda qursun yuva qaranquş?
Bir paslı sobanın tən ortasında
Evlər də çevrilib ağac olurmuş.
Dolub bulud kimi, yağa bilməyir,
Sahibin gözləyən yurdda yuvamız,
Qonağı yorulub yollarda qalan,
Ay uçuq evimiz, paslı sobamız,
Siz Allah, Siz Allah, icazə verin,
Sizin adınızdan sizi qoruyan,
Bu evin ən gözəl sakini olmuş
Bu ota, ağaca təşəkkür edim.
Qazi şair Eyvaz Əyyub